31 İyul 2014 13:04
1 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının III təsnifat mərhələsində Avstriyanın “Zalsburq” klubu ilə üz-üzə gələn Azərbaycan çempionu “Qarabağ” 2:1 hesabı ilə qələbə qazanıb. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Qurban Qurbanovun yetirmələri bu görüşdə gözəl oyun sərgiləsə də, iki önəmli futbolçusunu itirib.

Sergey Boykonun idarə etdiyi oyunda “Qarabağ”ın iki oyunçusu – Reynaldo, Admir Teli qırmızı vərəqə alıb. “Qarabağ”ın rəqib qapısından keçirdiyi qolların müəllifləri isə Danilo Dias və Reynaldo olub.

Ekspertlərin rəyinə görə, cavab görüşündə “Qarabağ”ın işi çox çətin olacaq.

Qeyd edək ki, bölgə təmsilçisinin startdakı rəqibi Maltanın “Valletta”sıydı. “Qarabağ” bu rəqibini səfərdə 1:0, Bakıda isə 4:0 hesabı ilə üstələyərək, adını növbəti mərhələyə yazdırmışdı.

Qurban Qurbanov: “Boynumuza almalıyıq ki…”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ilk növbədə onları dəstəkləyən azarkeşlərə təşəkkür edib:

“Həqiqətən birlikdə qələbə qazandığımızın şahidi olduq. Yaxşı qələbə oldu. Boynumuza almalıyıq ki, rəqib ikinci hissədə daha yaxşı oynadı. Bizim müəyyən problemlərimiz oldu. Bu da qırmızı vərəqə ilə bağlı idi. Şükürlər olsun ki, qələbəni əldə edə bildik. Belə komanda üzərində qələbə bizə ruh verir. Amma düşündüyümüz komandanı da görmədik. İlk hissədə biz yaxşı oynadıq. Qırmızı vərəqə almağımız bizə ikinci hissədə problem yaratdı. Buna hazır deyildik. Amma oyunun gedişlində bunu dəyişdik. Qalır növbəti oyun. Ona da düzgün hazırlaşmalıyıq”.

Teleqraf.com “Qarabağ”ın “Zalsburq”la qarşılaşması barədə Milli Məclisin deputatlarının şərhini təqdim edir:


Rövnəq Abdullayev: “Uzun müddət idi ki, stadionuna bu qədər azarkeş gəlmirdi”

Millət vəkili, AFFA-nın prezidenti Rövnəq Abdullayev qələbə münasibəti ilə bütün futbol həvəskarlarını təbrik edib:

“Uzun müddət idi ki, Tofiq Bəhramov adına Respublika stadionuna bu qədər azarkeş gəlmirdi. Komandamıza da təşəkkür edirəm ki, oyunları və qələbəsi ilə bizləri sevindirdi. Növbədə “Zalsburq” səddini aşmaq qalır, hazırlaşıb, onları mübarizədən kənarlaşdırmaq lazımdır. Bu gün birinci hissədə nümayiş etdirdiyimiz oyunu səfərdə hər iki hissədə göstərmək lazımdır”.

Deputatın fikrincə, cavab oyununda “Qarabağ”ın şansı kifayət qədər var: “Qurban Qurbanovla danışdım, qırmızı vərəqə alan futbolçuları əvəzləyəcək oyunçularının olduğunu söylədi. Hər şeyin yaxşı olacağını düşünürəm”.

Fazil Mustafa: “Uduzmuş bir millətə az-az da olsa qələbələrə alışqanlıq lazımdır”

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa hesab edir ki, “Qarabağ”ın güclü bir Avropa klubuna qalib gəlməsi nəticə baxımından deyil, hədəfə çatma inancı baxımından ciddi uğur sayılmalıdır: “Qarabağ savaşını uduzmuş bir millətə kiçik-kiçik də, az-az da olsa qələbələrə alışqanlıq lazımdır. Ən başlıcası da odur ki, inananda və doğru təşkilatlananda keyfiyyətcə səndən üstün rəqibə də qalib gələ bilərsən. Qurban Qurbanov ağıllı və təmkinli məşqçidir, oyunu sona qədər nəzarətdə saxlaya bilir. Bu uğurun davamını gözləyirik”.


Aydın Mirzəzadə: “Bu qələbə Azərbaycana böyük sevinc yaşatdı”

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə qələbə münasibəti ilə “Qarabağ” azarkeşlərini təbrik edib: “”Qarabağ” futbol klubunun dünən Bakıda Çempionlar Liqasının III təsnifat mərhələsində Avstriyanın “Zalsburq” klubunu 2:1 hesabı ilə qalib gəlməsi hamımızı sevindirdi. Bununla sevimli komandamız tək Azərbaycanın deyil, artıq dünyanın da güclü futbol klublarından biri olduğunu növbəti dəfə sübut etdi. “Qarabağ” bu qələbəsi ilə Azərbaycana böyük sevinc yaşatdı. Qələbədə əməyi olan hər kəsə öz təşəkkürümüzü bildiririk, komandamızın yanındayıq, onunla fəxr edirik. Eyni uğuru avqustun 6-da, Avstriyada cavab matçında gözləyirik”.


Qənirə Paşayeva: “Dağlıq Qarabağda belə oyunları təşkil edə bilək”

Deputat Qənirə Paşayeva hesab edir ki, “Qarabağ” futbol komandasının tərəfdarı olmayan azərbaycanlı yoxdur və bu səbəbdən təbrik payı bütün azərbaycanlılara düşür: “Hər zaman qələbə arzulayırıq! Yanındayıq, əziz “Qarabağ”! İnşallah işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda və bütün o gözəl torpaqlarımızda da yaxın zamanlarda belə oyunları təşkil edə bilək və bütün insanlarımız orada sənin qələbələrinə sevinsinlər”.

Aqil Abbas: “Niyə sən komandanı təhlükədə qoyursan?”

Millət vəkili Aqil Abbas “Qarabağ”ın qələbəsinə sevinsə də komandanın zəif oyun nümayiş etdirdiyini düşünür:

“Çox top itkiləri verirdilər, ötürmələrdə səhvlər edirdilər, qapıçı bir-iki dəfə ağır səhvlərə yol verdi. “Zalsburq” daha yığcam və mükəmməl oynayırdı, bütün oyun boyu hücumda idilər. Sadəcə tale bizim tərəfimizdə idi. Allah eləsin cavab oyununda da tale bizim tərəfimizdə olsun. Admir Teliyə əllə oynadığına görə ağır cəza verilməli idi. Niyə sən komandanı təhlükədə qoyursan? Özü də sən mərkəz müdafiəçisisən, Rəşad Sadıqov da zədəlidir, bu nə hərəkətdir edirsən? Bu hərəkətinə görə o, daha ağır və ciddi cəza almalıdır. Bir oyun buraxmaqla deyil ki. O, pul cəzası almalıdır. Onun elədiyi səhv deyildi, cinayət idi. Belə şeymi edərlər? Komandanın ən ağır vaxtında sən onu tək qoyursan. Bizim oynadığımız komada elə-belə komanda deyildi. Avstriyanın komandası alman oyunu nümayiş etdirirdi. “Qarabağ” sıradan Gürcüstanın yaxud Moldovanın komandası ilə qarşılaşmamışdı axı. Avstriyanın ən məşhur klubudur, oyunlarına baxdınızmı elə bil Almaniya oynayırdı. Daha diqqətli olmaq lazımdır. Qurban Qurbanov soyuqqanlılığını saxladı. Yoxsa daha ağır ola bilərdi, oyunçuları dəyişməklə çox ağıllı iş gördü. Cavab oyunu çox çətin olacaq. Amma bununla belə Qurban Qurbanova inanıram. İnşallah qələbə bizimlə olar”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər