Prezident İlham Əliyev Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla ikitərəfli əlaqələrin genişlənməsindən danışaraq söhbəti Dağlıq Qarabağ münaqişəsinin həllinə gətirib.
Teleqraf.com xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, prezidentin "Əlbəttə, bu gün həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlərdən danışacağıq. Azərbaycan bu münaqişənin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır” sözlərinə S.Lavrovun cavabı belə olub: “Biz də, əlbəttə, ATƏT-in Minsk Qrupunun həmsədrlər üçlüyünün üzvü kimi düyünün açılmasına hərtərəfli kömək göstərməkdə və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişi təmin etməkdə maraqlıyıq. Burada biz sizinlə tamamilə razıyıq ki, bu istiqamətdə fəal səylər göstərmək lazımdır”.
E.Şahinoğlu bildirib ki, bu açıqlamalar görüşün mətbuata açıq hissəsində səslənib:
“Görüşün qapalı hissəsində nələrin danışıldığını ancaq ehtimal edə bilərik. Ancaq Lavrovun görüşün mətbuat üçün açıq hissəsində dediyi bir neçə cümlədən gəldiyim qənaət budur: Birincisi, Lavrovun münaqişənin həlli ilə bağlı yeni ideyası yoxdur. İkincisi, Rusiya münaqişənin həlli məqsədilə Ermənistana təsir etməyəcək. Deməli, Azərbaycanın tələb etdiyi “mərhələli həll” planına soyuq yanaşır. Üçüncüsü, Lavrov “fəal səylər dedikdə” əslində topu Azərbaycanın meydanına atır ki, “əgər münaqişənin həllini istəyirsinizsə, biz deyəni qəbul etməlisiniz, ermənilərin referendum keçirmək hüququnu tanımalısınız”.