Həmasın bütün tunelləri məhv olmayınca, İsrail Qəzzadakı əməliyyatları davam etdirəcək
Bu haqda Baş Nazir Benyamin Netanyahu deyib.
Kabinetin iclasından öncə danışan Netanyahu deyib ki, İsrail qoşunlara və kəndlərə hücum məqsədilə istifadə olunan bütün tunelləri məhv etməkdə əzmlidir.
Bundan öncə, İsrail Qəzza zolağına qarşı davam edən hərbi əməliyyatını gücləndirmək üçün əlavə olaraq ehtiyyatda olan 16,000 min əsgərini orduya çağırıb.
Nəticədə İsrail ordusuna səfərbər olunan çağırışçıların ümumi sayı 86 minə çatıb.
Bu arada İsrail Qəzzada BMT xəttilə fəaliyyət göstərən məktəbə atəş açılması və nəticədə 16 nəfərin həlak olması hadisəsini araşdıracağını vəd edib.
Həmin məktəbdə qurulan BMT sığınacağında 3,000-dən artıq dinc fələstinli qalırmış.
İsrail hərbçiləri Qəzzada Hamas silahlılarına qarşı əməliyyatın davam etdiriləcəyini və daha böyük hədəflərlə bu ölkənin cənub ərazisinə tərəf yönələcəyini bəyan edib.
Cənubi komandanlığın rəhbəri Sami Turgeman deyib ki, orduya aşkar olunmuş tunelləri dağıtmaq üçün daha bir neçə gün lazımdır.
Bu arada İsrailin rabitə naziri Hilliard Erdan bəyan edib ki, İsrail tərəfinin bütün şərtlərinin yerinə yetirildiyi halda barışığa razı olacaq.
Hamas, öz növbəsində, İsrail əməliyyatlarını "kütləvi qətllər" adlandırıb.
BMT Qəzza zolağında yaradılmış 86 sığınacaq məntəqəsində 225,178 fələstinlinin qaldığını və 200 mindən çox adamın evlərini tərk etməli olduğunu bildirib.
Evlərini tərk etməyə məcbur olanlar əksəriyyəti qohum və dost-tanışının evində qalmaqdadır.
Qəzzada israil zərbəsinə məruz qalmış BMT məktəbi ərazisində 3 mindən artıq fələstinli qalırdı.
Evlərini tərk etməyə məcbur olanların ümumi sayı Qəzzanın 1.7 milyonluq əhalisininin dörddə birini təşkil edir.
İsrailin Qəzzaya qarşı iyulun 8-dən hərbi əməliyyatı başlayandan 1,360 fələstinli həlak olub. Ölənlərin əksəriyyəti mülki əhalidir.
Həmin müddət ərzində İsrailin itkiləri 56 əsgər və 2 mülki vətəndaş təşkil edib. Ötən müddət ərzində İsraildə taylandlı fəhlənin də öldüyü bildirilir.
/BBC/