25 Noyabr 2017 11:25
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə noyabrın 24-də Şərq Tərəfdaşlığı Sammitində iştirak edib.

Teleqraf.com xəbər verir ki, dövlətimizin başçısı Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasında çıxış edib.

Prezident İlham Əliyev bildirib: "Cənab Prezident. Xanımlar və cənablar. İlk növbədə demək istərdim ki, Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu ilin fevralında biz yeni sazişlə bağlı fəal danışıqlara başladıq. Ümidvaram ki, bu danışıqlar tezliklə başa çatacaq. Bu, ölkələrimiz arasında əməkdaşlığı davam etdirmək üçün imkanlar yaradacaq.

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin demək olar ki, 50 faizini üzv ölkələrlə olan ticarət təşkil edir. Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Bu, bizim yaxşı investisiya mühitinə malik olduğumuzu nümayiş etdirir. Avropa şirkətləri bizim iqtisadiyyatımızı dəstəkləmək üçün çox maliyyə vəsaiti yatırmağa hazırdır.

Eyni zamanda, biz üzv dövlətlərlə ikitərəfli formatda əlaqələrimizi fəal şəkildə inkişaf etdiririk. Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu, gənc müstəqil ölkə üçün çox vacibdir və əlbəttə ki, biz Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşmanı strateji əlaqələrin gücləndirilməsində daha bir mühüm mərhələ hesab edirik.

Azərbaycan siyasi və iqtisadi islahatlar siyasətini davam etdirir. Biz demokratiyanın inkişafı, insan haqlarının qorunmasına böyük önəm veririk və buna ciddi şəkildə sadiqik.

Eyni zamanda, biz iqtisadiyyatımızı dəyişdiririk. Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı həm də bizim müstəqilliyimiz üçün güclü təməldir. İqtisadi cəhətdən müstəqil olanda, sözsüz ki, daha müstəqil xarici siyasət yürütmək olar. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. 2004-cü ildən ümumi daxili məhsul 3 dəfədən çox artıb. Biz işsizlik səviyyəsini 5 faizə endirməyə nail olmuşuq. Xarici borc ümumi daxili məhsula nisbətdə 20 faizdən də aşağı səviyyədədir. Bizim yaxşı kredit reytinqlərimiz var. Davos Dünya İqtisadi Forumu iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyinə görə ölkəmizi 35-ci yerə layiq görüb.

Bizim üzləşdiyimiz əsas çağırış torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdirilməsidir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin demək olar ki, 20 faizi 20 ildən çoxdur Ermənistanın işğalı altındadır. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib və biz etnik təmizləmə siyasətinə məruz qalmışıq. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının bizim ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Onlar Ermənistan tərəfindən yerinə yetirilmir. XXI əsrdə separatizm, təcavüzkar separatizm qəbul edilə bilməz. Separatizmin bütün formaları pislənməlidir və separatizmin bütün təzahürlərinə vahid yanaşma tətbiq edilməlidir. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və bərpa olunmalıdır.

Enerji siyasəti bizim Avropa təsisatları ilə yaxından əməkdaşlıq etdiyimiz məsələlər arasındadır. Genişmiqyaslı enerji layihəsi olan Cənub Qaz Dəhlizi uğurla inkişaf edir. Bu layihənin dəyəri 40 milyard ABŞ dollarından artıqdır və bizə əlavə həcmdə təbii qaz hasil etməyə və bunu Azərbaycandan Avropa bazarlarına nəql etməyə imkan verəcək. 3500 kilometrlik qaz xətti yeni marşrut olacaq və Avropa bazarlarına yeni mənbədən qaz nəql edəcək. Bu, enerji təhlükəsizliyi siyasəti ilə bərabər, enerji şaxələndirilməsi siyasətidir, çünki Azərbaycanın qaz yataqlarından hasil ediləcək qaz Avropanın yeganə yeni təbii qaz mənbəyi olacaq və sözsüz ki, Avropa qitəsinin enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirəcək. Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir və bu, qarşıdakı onilliklərdə Avropaya təbii qaz nəql etmək üçün yetərli olacaq. Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi təşəbbüsünü irəli sürdü və biz layihəyə verdiyi davamlı dəstəyə görə Avropa Komissiyasına minnətdarıq. Bu dəstək və layihənin Avropa maliyyə institutları tərəfindən maliyyələşdirilməsi onun uğurla həyata keçirilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Azərbaycanın qonşuları ilə birgə həyata keçirdiyi daha bir əhəmiyyətli təşəbbüs ötən ay açılışı olmuş Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən, bununla da Asiya ilə Avropa arasında yeni nəqliyyat əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yoludur. Bu, qarşılıqlı ticarət dövriyyəsini artıracaq və bir çox ölkələrə bu layihəyə qoşulmağa imkan verəcək ən qısa nəqliyyat marşrutu olacaq. Beləliklə, Azərbaycan Avropanı Asiya ilə dəmir yolu ilə birləşdirən ölkəyə çevrilib. Enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi, iqtisadi inkişaf - bütün bunlar bizim üçün vacib maraq kəsb edən və əsas prioritet olan sahələrdir.

Eyni zamanda, Azərbaycan insan kapitalına böyük sərmayə yatırıb. Savadlılıq səviyyəsi 100 faizə yaxındır və təhsilli insanlar bizim islahatlarımız üçün əsas aparıcı qüvvə, radikalizmə və dini ekstremizmə qarşı əsas qarantdır.

Azərbaycan dünyada tanınmış multikulturalizm mərkəzlərindən birinə çevrilib. Bu gün Azərbaycan Asiya ilə Avropa arasında yerləşən, regionumuzda dərin kökləri, Avropa ilə güclü əlaqəsi olan, Avropa dəyərlərini paylaşan bir ölkədir. Biz Avropa təsisatlarından aldığımız dəstəyə görə minnətdarıq. Əminəm ki, qarşıdakı illərdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq uğurla davam edəcək və tezliklə bizim qarşımızda yeni imkanlar açacaq yeni saziş imzalayacağıq".

Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyası başa çatandan sonra birgə foto çəkdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər