Xəbər verildiyi kimi, Rusiya Xarici İşlər Nazirliyi nazirliyin əməkdaşı Georgi Zuyevi Azərbaycana səfir təyin etmək istəyir.
Teleqraf.com xatırladır ki, yayılan qeyri-rəsmi məlumatlara görə, Azərbaycan tərəfi diplomatın təyinatına razılıq – aqreman verməyib. Məsələyə münasibət öyrənmək üçün Xarici İşlər Nazrliyi ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz uğursuzluqla nəticələndi.
Bəs, təyinatı ilə bağlı məsələlər son iki gündə Azərbaycanda ciddi müzakirə predmetinə çevrilən G.Zuyev kimdir?
Teleqraf.com diplomatla bağlı məhdud bilgiləri təqdim edir.
Georgi Viktoroviç Zuyev 26 dekabr 1958-ci ildə anadan olub. Rusiya Xarici İşlər Nazirliyinin Kadrlar Departamentinin direktor müavinidir.
İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə malikdir. O, bu diplomatik rütbəni 25 avqust 2004-cü ildən daşıyır.
Digər bir məlumat isə G.Zuyevin təltif olunması ilə bağlıdır. Belə ki, diplomat 23 iyun 2014-cü ildə “Qüsursuz xidmətə görə” XXX il fərqlənmə nişanı ilə təltif olunub.