“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu “Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşünün mənası nədir” sualına cavab axtarıb.
Teleqraf.com xəbər verir ki, analitik görüşlə bağlı deyib:
“Birincisi, Ankara bununla demək istəyir ki, Dağlıq Qarabağ münaqişəsinin uzanmasından və Azərbaycan torpaqlarının işğal altında qalmasından narazıdır. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə son görüşlərində Qarabağ mövzusunu da gündəmə gətirir. Doğrudur, nəticə yoxdur, ancaq bütün hallarda bu, Ankaranın fəallığını artırmasına işarədir. İkincisi, Mövlud Çavuşoğlu həmsədrlərlə görüşməklə hamıya mesaj göndərir ki, Türkiyənin Cənubi Qafqazda maraqları Rusiyanın maraqlarından az deyil”.
E.Şahinoğlu qeyd edib ki, bölgənin enerji resursları və boru xətləri Türkiyəyə uzanır:
“Demək, Ankaranın fəallığı təkcə elə bu səbəbdən də anlaşılandır. Əsas sual budur: Kreml Ankaranın Qarabağ münaqişəsinin həllindəki artan fəallığına mane olmayacaq ki?”
Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri M.Çavuşoğlu noyabrın 29-da ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.
M.Çavuşoğlu şəxsi Tvitter səhifəsində “Həmsədrlərlə Ankarada görüşdüm və Türkiyənin Minsk Qrupuna dəstəyini bir daha qeyd etdim”, – sözlərini yazıb.