1 Dekabr 2017 17:09
1 691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixdə imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” proqram xarakterli sərəncamı ölkənin hüquq sisteminin inkişafının yeni mərhələsinin başlanğıcı olmaqla bu sahədə strateji hədəfləri müəyyən edərək, həmin istiqamətdə görülən işlər üçün sözün əsl mənasında “yol xəritəsi” əhəmiyyətinə malik olub.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Namiq Əsgərovun “Trend” İnformasiya Agentliyində yerləşdirilmiş məqaləsində öz əksini tapıb.

Məqalədə qeyd olunur ki, sərəncamın məqsədi cinayət təqibi və cəzaların icrası prosesində cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan vasitələrdən daha çox istifadə edilməklə həbslə bağlı tədbirlərin tətbiqinin məhdudlaşdırılmasından, cinayət qanunvericiliyinin tətbiqində, cəza siyasətinin həyata keçirilməsində humanizm prinsipinə daha böyük önəm verilməsindən, məhkumların hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılmasından, həmin məsələlərdə insanlıq dəyərlərinə üstünlük verilməsindən, penitensiar sistemin fəaliyyətinin beynəlxalq norma və prinsiplərə uyğun təkmilləşdirilməsindən, bu sahədə inkişaf etmiş dünya ölkələrində mövcud olan mütərəqqi təcrübənin tətbiqindən ibarət olub:

“Sərəncam dövlətimizin həyata keçirdiyi sosial yönümlü siyasətə uyğun olaraq insanların əmin-amanlığına və mənafeyinə xüsusi önəm verməklə, ölkənin hüquq sistemində mütərəqqi islahatların daha sürətlə və intensiv olaraq həyata keçirilməsinə rəvac verərək, dövlətin cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaradan halların tam aradan qaldırılması və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsini nəzərdə tutmaqla növbəti islahatlar dalğasının həyata keçirilməsinə təkan verib, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən humanist siyasətin növbəti təzahürü olub”.

N.Əsgərov sərəncamda cəza siyasətinin humanistləşdirilməsi məqsədilə iki əsas istiqamət müəyyən edildiyini vurğulayıb:

“İlk növbədə cinayət qanunvericiliyinin prinsiplərinə və cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət edilməsi, cinayət təqibi və cəzaların icrası zamanı qeyri-prosessual münasibətlərə yol verilməməsi, korrupsiya və vəzifədən sui-istifadə hallarına qarşı mübarizədə daha ciddi tədbirlərin görülməsi nəzərdə tutulub. İstintaq orqanları və məhkəmələr tərəfindən həbsin tətbiqi əsaslarına dair qanunun tələblərinə ciddi əməl edilməsi, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən, alternativ cəza və prosessual məcburiyyət tədbirləri tətbiq etmək yolu ilə nail olunması, ictimai işlər cəzasının formal icrası təcrübəsinin qarşısının alınması, bu cəzanın və digər azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təmin edilməsi kimi vəzifələr müəyyən olunub. Bununla əlaqədar olaraq məhkəmələrə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərini rəhbər tutaraq cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət etmələri tövsiyə olunub, prokurorluq orqanlarının üzərinə isə həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsinin mümkünlüyünün araşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatların müstəsna hallarda və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olduqda verilməsi vəzifəsi qoyulub.

Digər tərəfdən sərəncamda cəza siyasətinin humanistləşdirilməsi məqsədilə cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi, həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması istiqamətlərində yeni qanun layihələrinin hazırlanması nəzərdə tutulub. Həmçinin, sərəncamda cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkil edilməsi və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Probasiya xidmətinin yaradılması, cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiq olunması müəyyən olunub”.


Müəllif: Səxavət

Oxşar xəbərlər