11:17
Rusiya paytaxtı Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin yeddinci iclası başlayıb.
Toplantıda Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan XİN başçıları iştirak edirlər.
İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.
Beş ölkənin XİN rəhbərləri görüşdə ən aktual regional və beynəlxalq problemlər barədə fikir mübadiləsi aparacaqlar.
İclasda Qazaxıstanda keçiriləcək V Xəzər sammitinə hazırlıq məsələsi geniş müzakirə olunacaq. /Report/
***
11:52
Xəzər beşliyi çərçivəsində dialoqun inkişafından məmnunuq.
Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskvada Xəzəryanı ölkələrin XİN başçılarının 7-ci iclasını açarkən deyib.
***
12:13
Bu görüş Xəzərin hüquq statusu ilə bağlı Konvensiyanın güzəştli variantını müzakirə etmək üçün yaxşı imkandır.
Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Moskvada Xəzəryanı ölkələrin XİN başçılarının 7-ci iclasında çıxış edərkən deyib.
"Biz dünən bu məsələlər ətrafında müzakirələr apardıq. İrəliyə getmək üçün yaxşı imkanın olduğu qeyd olundu. Bugünkü görüş gələn il Qazaxıstanda keçiriləcək Xəzəryanı dövlət başçılarının sammiti ərəfəsində detalların razılaşdırılmasına həsr olunub. Ümid edirəm ki, müzakirələrimiz faydalı olacaq", - deyə Azərbaycan XİN başçısı qeyd edib.
"Əminəm ki, Xəzəryanı dövlətlər beynəlxalq hüququ nəzərə almaqla, Xəzərin statusuna dair konsensus əldə etmək üçün əllərindən gələni edəcəklər", - E.Məmmədyarov bildirib.
Nazir Elmar Məmmədyarov ötən dövr ərzində danışıqlar prosesinin iştirakçıları tərəfindən konvensiya layihəsi üzrə mühüm işlər görüldüyünü, yüksək səviyyəli beştərəfli görüşlər zamanı qəbul edilmiş qərarların və əldə edilmiş razılaşmaların bütün xəzəryanı dövlətlərin mövqelərinin mühüm dərəcədə yaxınlaşdırılmasına, ümumilikdə danışıqlar prosesinə güclü təkan verdiyini və mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsi, məhsuldar əməkdaşlıq və Xəzər regionunda sabitliyin qorunub saxlanması üçün tarixi əhəmiyyət kəbs etdiyini vurğulayıb.
Elmar Məmmədyarov bildirib ki, Qazaxıstanda keçirilməsi planlaşdırılan xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci zirvə toplantısına qədər bütün açıq qalan məsələlər üzrə konsensusun əldə edilməsi üçün maksimum səylərin göstərilməsi zəruridir və konsensus hamılıqla tanınmış dünya təcrübəsi və beynəlxalq dəniz hüququnun normalarının nəzərə alınması ilə əldə edilə bilər.
Nazir qeyd edib ki, göstərilən səylər Konvensiya layihəsi üzrə uzun illər aparılan işlərin nəticəsinin möhkəmləndirilməsinə xidmət etməli və Xəzər dənizində dövlətlərin qarşılıqlı fəaliyyəti və əməkdaşlığı üçün hərtərəfli hüquqi əsas yaratmalıdır. Bu əsas hüquqi sənəd Xəzər dənizində qarşılıqlı münasibətlərin gələcək arxitekturasına möhkəm təməlini təşkil edərək Xəzər regionunda sabitlik və təhlükəsizliyin daha da möhkəmləndirilməsinə şərait yaradacaqdır.
Elmar Məmmədyarov terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, silahların, narkotik maddələrin qanunsuz dövriyyəsi və insan alveri, həmçinin beynəlxalq və regional stabillik və təhlükəsizliyə çağırış və təhdidlərə qarşı mübarizənin bütün xəzəryanı dövlətlərin səylərinin birləşdirilməsini tələb etdiyini diqqətə çatdırıb.
O, ticari-iqtisadi və mədəni əlaqələrin daha da genişləndirilməsi, habelə biznes və turizminin inkişafına zəruri şəraitin yaradılması üçün sülh, rifah, sabitlik və təhlükəsizlik məkanı kimi Xəzər dənizinin qorunması üzrə birgə səylərin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd etdi. Xəzər dənizinin Xəzər regionu ölkələrinin xalqlarının rifahına və dünya enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsi olduğunu bildirib.
Çıxışda Nazir beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, enerji resurslarının hasilatı və beynəlxalq bazarlara nəql edilməsi üzrə investisiya mühitinin bundan sonra da yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların yaradılması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi ilə bağlı məsələlərin sahilyanı dövlətlərin mühüm prioritetləri kimi qalmaqda davam etdiyini diqqətə çatdırıb.
Nazir qeyd edib ki, Azərbaycan tərəfi Xəzər dənizinin hüquqi statusu ilə bağlı bütün məsələlərin, xüsusilə də Xəzərdə regional sabitlik, təhlükəsizlik, iqtisadi və elmi-tədqiqat fəaliyyəti ilə bağlı məsələlərin xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət edilməsi və qarşılıqlı-faydalı tərəfdaşlıq ruhunda, eləcə də Tərəflər arasında etimadın möhkəmləndirilməsi yolu ilə həll edilməli olduğuna əmindir. O da qeyd olunub ki, etimad tədbirləri bütün xəzəryanı dövlətlər üçün bərabər təhlükəsizlik şərtlərinin təmin edilməsindən ibarət olmalıdır. Xəzər dənizində sabitliyin möhkəmləndirilməsi bütün Tərəflərin maraqlarının nəzərə alınması ilə və bir-birinin təhlükəsizliyinə xələl yetirmədən, xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət edilməsinə əsaslanmalıdır.
Elmar Məmmədyarov Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tezliklə imzalanmasının xəzəryanı dövlətlərin müxtəlif sahələrdə, o cümlədən Xəzərin ekosisteminin mühafizə olunması məsələləri üzrə bundan sonrakı qarşılıqlı fəaliyyəti və əməkdaşlığına yönəlmiş səmərəli tədbirlərin yerinə yetirilməsinə xidmət edəcəyini müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
***
Xəzərin hüquqi statusu üzrə Konvensiyanın mətni hazırdır.
Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin 7-ci iclasının yekununda keçirilən mətbuat konfransı zamanı bildirib.
"Xəzər dənizi üzrə hazırda gündəmdə olan bütün məsələləri hərtərəfli müzakirə etdik. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsi üzərində işə xüsusi diqqət ayırdıq. Böyük məmnuniyyətlə elan edirəm ki, bu sənədin hazırlanması ilə bağlı açıq qalan bütün əsas məsələlər üzrə məqbul həll yolları tapdıq. Faktiki olaraq sənədin mətni hazırdır", - deyə S.Lavrov vurğulayıb.
Rusiyanın XİN başçısı qeyd edib ki, sənədin gələn il Qazaxıstanda keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının V sammitində imzalanması planlaşdırılır: "Sammitin gələn ilin birinci yarısında baş tutacağına və orada sənədin imzalanacağına ümidvarıq. Amma sammitin keçirilmə tarixi ilə bağlı son qərarı Qazaxıstan rəhbərliyi verəcək".
"Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü müsbət ab-havada keçdi. Ümumilikdə görüşün nəticələrini müsbət qiymətləndirirəm. Xəzərin statusu haqqında Konvensiya üzrə 20 illik işi tamamladıq. Mətn dövlət rəhbərləri tərəfindən təsdiqlənməyə təqdim olunacaq, ümid edirik ki, sənəd onlar tərəfindən dəstəklənəcək", - S.Lavrov bildirib.