“Köçəri” sözünün erməni dilindən hərfi tərcüməsini bilmək çox maraqlı olardı. “Google”un tərcümə xidməti bununla bağlı heç bir nəticə göstərmir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün Tvitter səhifəsində yazıb.
“Erməni portalları “Köçəri”nin erməni rəqsi olduğunu yazır? Türk dilində “köçəri” sözü köçmək felindən yaranıb və “bir yerdən başqa yerə köçmək” deməkdir”, - deyə o, bildirib.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov isə APA-ya açıqlamasında bildirib ki, “Köçəri" rəqsinin Ermənistana məxsus rəqs kimi Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsi o demək deyil ki, bu, yalnız Ermənistana məxsusdur.
Nazirlik rəsmisi deyib ki, “Köçəri” Azərbaycan və regionun digər xalqlarına məxsus rəqs növüdür: “Dolmanın UNESCO-nun Qeyri-maddi mədəni İrs üzrə Reprezentativ siyahısına Azərbaycan ənənəsi kimi daxil edilməsi isə milli mətbəximizin tanıdılması baxımından böyük uğurdur. Bu, dolmanın milli mətbəx nümunəsi ikimi dünyada tanıdılması üçün vacib vasitə və səbəb olacaq. Nominasiya sənədi Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilib”.
V. Şixəmmədov əlavə edib ki, adı çəkilən qurumların UNESCO-nun Qeyri-maddi mədəni İrs üzrə Reprezentativ siyahısı ilə bağlı birgə əməkdaşlığı gələcəkdə də davam edəcək.
Qeyd edək ki, bu gün “Köçəri” rəqsi erməni rəqsi kimi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.