ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrail dövlətinin paytaxtı kimi tanınması dəhşətli bir qərardır.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
O qeyd edib ki, D.Tramp hakimiyyətə gəldikdən sonra bir-birinin ardınca siyasətdən uzaq, ağılsız qərarlar verir:
“Ancaq Trampın bu qərarı həm Amerika, həm də onun özü üçün çox faciəvi olacaq. Tramp onsuz da islamafob olduğunu sübut etmişdi. Bununla bir daha isbatladı ki, o, müsəlman dünyası ilə yeni səlib müharibəsinə hazırdır. Üstəlik, yeni dünyanın inkişafında sivilizasiyalararası münasibətlərin normal olmasının nə qədər əhəmiyyət daşıdığını dərk etməyən ABŞ Prezidenti sivilizasiyalararası toqquşmalar və gərginlik üçün münbit zəmin hazırladı. Təkcə islam dünyası deyil, xristian dünyasında da böyük çoxluq da bu səfeh qərarı pisləməkdədir. Amma islam dünyasında bu qərar ciddi etirazlar və konkret hərəkətlərə çağırışlarla müşayiət olunur. Məsələn, mən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu fikri ilə razıyam ki, məlum qərar dünyada terrorçuluğun çox böyük miqyasda yayılmasına şərait yaradacaq. Tramp kimi siyasi dünyagörüşü zəif olan şəxslər belə şeyləri proqnozlaşdıra bilməzlər. Zənnimcə, bu gündən etibarən sivilizasiyalararası yaxınlaşma, münasibətlərin mülayimləşməsi deyil, qarşıdurma meyilləri görünməmiş səviyyədə artacaq və yeni dəhşətli formalar alacaq. Çünki Qüds şəhəri üç səmavi dinin müqəddəs şəhərdir. Onun unikallığı da bundadır”.
Q.Hüseynli əlavə edib ki, Roma Papası Fransisk də bu şəhərin dünya üçün unikallığını, əhəmiyyətini qoruyub saxlamağın lazım olduğunu açıq şəkildə vurğulayıb:
“Qüds təkcə unikallıq əlaməti deyil, həm də fərqli sivilizasiyaların dinc yanaşı yaşaması üçün bir növ örnək, nümunədir. Amma Tramp belə incə məqamları başa düşmür və büllur əşyalar satılan mağazaya girib hər şeyi darmadağın edən bir şəxs kimi özünün səfeh hərəkəti ilə indiyədək bəşəriyyətin sivilizasiyalararası münasibətlərdə topladığı müsbət nailiyyətlərin hamısının üstündən xətt çəkdi. Bir daha qeyd edirəm, bu çox dəhşətli bir hadisədir. Mən bir müsəlman olaraq deyil, planetin bir sakini kimi bu qərarı verən insanların nə qədər militarist təfəkkürə, islam dünyasına qarşı nə qədər barışmaz duyğulara malik olduğunun bir daha şahidi oldum. Belə dünyagörüşə malik insanlar siyasi olimpin zirvəsində əyləşirlərsə, adam dünyada ədalətin, qardaşlığın, bərabərliyin nə vaxtsa bərqərar olacağına ümidini tamam itirir. Mən bu qərarı lənətləyirəm. Bu qərarın qəbulunu dünyaya meydan oxumaq, Yaxın Şərqi qarışdırmaq, bu bölgədə yeni münaqişə alovlandırmaq niyyətləri kimi qiymətləndirirəm”.