Azərbaycan-Ermənistan sərhədində əsgərlərimizin şəhid olması şənbə günü “Panoramic” restoranında konsert verməyə hazırlaşan Türkiyənin populyar müğənnisi Doğuşu sarsıdıb.
Məlumata görə, Doğuş şəhidlərin ruhuna hörmət əlaməti olaraq avqustun 2-ə planlaşdırılan konsertini təxirə saldığını bildirib. Doğuş deyib ki, Azərbaycan torpağında şəhid olan, Vətən uğrunda canını tapşıran varsa, onun konsert proqramı ilə çıxış etməyə haqqı çatmır. “Belə bir faciənin qarşısında çıxıb mahnı oxumağım mənə çox tərs bir şey kimi görünür. Bilet alıb konsertimə gəlmək istəyənlərin hər birindən üzr istəyirəm, ümid edirəm onlar məni bağışlayarlar. Söz verirəm ki, yaxın zamanlarda özüm yenidən onların ayağına gələcəyəm” – deyə, Türkiyəli müğənnı bildirib.
Doğuş “Panoramic” restoranınin onun bu qərarını anlayışla qarşıladığını dedi. Publika.az və Axar.az saytlarının informasiya dəstəkçisi olan konsertə biletlərin hamısı satılmışdı. Restoran konsertə bileti şam yeməyi də daxil olmaqla 100-150 manata təklif edirdi.
/publika.az/