Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir.
Teleqraf.com xəbər verir ki, hazırda dövlət qurumları, siyasi partiyalar, QHT, media orqanları və ictimaiyyət nümayəndələri Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edirlər. Ziyarətçilər arasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da var. Jurnalistlərin suallarına cavab verən səfir Heydər Əliyevi türk dünyasının ən böyük liderlərindən biri adlandırıb:
“O təkcə Azərbaycanın deyil, böyük türk dünyasının lideridir. Bu gün biz onun xatirəsi önündə baş əymək üçün bir daha bu Xiyabana baş çəkdik. Türkiyə səfirliyi olaraq hər il Fəxri Xiyabana, ulu Öndərin ruhuna dualar oxuyuruq.
Hələ sovetlər birliyi zamanından başlayaraq Azərbaycanın gələcəyini düşünən, müstəqilliyini qazandıqdan sonra da ölkəyə ən pis günündə sahib çıxan, ən zəif olduğu anda ona dayaq duran, xalqı birləşdirib, bugünkü güclü Azərbaycan edən Heydər Əliyevdir. Onun xatirəsi önündə bir daha hörmətlə baş əyirəm”.