12 Dekabr 2017 13:23
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev Parkında Ulu Öndərin əziz xatirəsi yad edilib, məzarı önünə əklil və gül dəstələri düzülüb.

Teleqraf.com xəbər verir ki, Azərbaycanın İstanbuldakı baş konsulluğunun kollektivi, bu şəhərdə fəaliyyət göstərən digər dövlət qurumlarımızın təmsilçiləri, beynəlxalq təşkilatların rəhbərləri, rəsmi şəxslər, şəhər ziyalıları, KİV və QHT təmsilçiləri Ulu Öndərin xatirəsinə ehtiram göstəriblər.

Sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün büstü önünə də gül dəstələri qoyulub, xatirəsi yad olunub.

***

Misirin Qalyubiyyə vilayətinin Kanatır əl-Xeyriyyə şəhərində yerləşən Misir-Azərbaycan Parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

Ulu Öndərin abidəsi önündə keçirilən tədbirdə Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşları, Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi - “Vətənpərvər”in üzvləri, tələbələrimiz, Qalyubiyyə qubernatorunun mədəniyyət və təhsil məsələləri üzrə müavinləri, qubernatorluğun digər rəsmiləri, parkda yerləşən xeyriyyə-təhsil mərkəzinin rəhbərliyi, misirli məktəblilər iştirak ediblər.

Tədbirdə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutlar yad edilib, abidəsi önünə gül-çiçəklər qoyulub.

Parkda yerləşən xeyriyyə-təhsil mərkəzinə gələn tədbir iştirakçıları burada təşkil olunan fotosərgiyə və Azərbaycanla bağlı stendlərə baxıblar.

Səfir Tural Rzayev tədbir iştirakçılarına Ulu Öndərin keçdiyi zəngin həyat yolu, Azərbaycan tarixindəki misilsiz rolu barədə məlumat verib.

Səfirliyimizin binasında keçirilən anın tədbirlərində də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ulu Öndər barədə film göstərilib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin yad edilməsi ilə bağlı tədbirləri Misirin MENA xəbərlər agentliyi geniş işıqlandırıb, bu barədə məlumatlar digər kütləvi informasiya vasitələri tərəfindən də yayılıb.

***

Azərbaycanın Polşadakı səfirliyində Heydər Əliyevin anım günü münasibətilə tədbir təşkil edilib.

Tədbirdə Polşada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, Polşada təhsil alan tələbələrimiz, konsulluq qeydiyyatında olan həmvətənlərimiz və eləcə də Polşa ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Həsən Həsənov ümummilli lider Heydər Əliyevin həyatı, fəaliyyətinin hər iki, yəni SSRİ və müstəqil Azərbaycan Respublikası dövrü haqqında iştirakçılara ətraflı məlumat verib. H.Həsənov ümummilli liderin yüksək bəşəri keyfiyyətləri, xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, təvazökarlığı haqqında danışaraq, demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət olduğunu bildirib. Azərbaycan Respublikasının yenidən müstəqillik əldə etdiyi ilk illərində daxili siyasi vəziyyətin sabitləşməsində, uğurlu xarici siyasətin yeridilməsində, iqtisadiyyatın inkişaf etməsində, hərbi quruculuq sahəsində misilsiz fəaliyyətindən söz açıb. H.Həsənov ümummilli lider Heydər Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirdiyi fəaliyyət üzərində dayanaraq, həmin dövrdə onun atdığı addımlar, tutduğu mövqe haqqında da toplantı iştirakçılarına məlumat verib.

Tədbirdə iştirak edən polşalı jurnalist Yatsek Pototski çıxış edərək Polşada rəsmi səfər zamanı Heydər Əliyevdən müsahibə almaq şərəfinə nail olduğunu bildirərək öz xatirələrini bölüşüb. Heydər Əliyevi jurnalistlərin dostu adlandıran Yatsek Pototski, onun sadə insanlara qarşı səmimi və mehriban münasibətindən danışıb.

Tədbirdə iştirak edən “Azərbaycan Mədəniyyət Mərkəzi” Cəmiyyətinin sədri Şəhla Kazımova çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan elminin, dilinin və ədəbiyyatının təbliğində göstərdiyi xüsusi diqqət və qayğı, verdiyi mühüm qərarlar haqqında danışıb.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyev haqqında film nümayiş etdirilib.

***

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar Buxarestin mərkəzində yerləşən Tey Parkı-Heydər Əliyev Xiyabanında anım mərasimi keçirilib.

Anım mərasimində Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin əməkdaşları, “SOCAR Petroleum SA” şirkətinin nümayəndələri, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatasının, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası İdarə Heyətinin üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, büstü önünə əklillər qoyulub.

Tədbirdə Ulu Öndərin Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsi, müstəqilliyin ilkin dövrlərində mürəkkəb siyasi böhranın sabitliklə əvəz olunması, ölkədə dinamik iqtisadi-sosial inkişafın təmin edilməsi, regionda və beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən bəhs edilib. Eyni zamanda, Azərbaycanda demokratik-hüquqi və vətəndaş cəmiyyətinin yaradılması və dünyəvi dəyərlərə inteqrasiya sahəsində ümummilli lider Heydər Əliyevin apardığı cəsarətli siyasətin nəticələrindən danışılıb, bu siyasətin bu gün də uğurla və qətiyyətlə davam etdirildiyi diqqətə çatdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər