12 Dekabr 2017 16:34
5 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com 21 Azər Hərəkatının süqutunun növbəti ildönümündə əslən Güney Azərbaycandan olan və Pişəvəri Hərəkatına könül verən Qafar Kəndlinin oğlu, yazıçı Həmid Herisçi ilə müsahibəni təqdim edir.

- Həmid bəy, bu gün həm də Pişəvəri hökumətinin qurulması və devrilməsinin ildönümüdür. Ailəniz də məhz bu tarixi hadisə səbəbindən Azərbaycan Respublikasına sığınıb. Bu günü necə qiymətləndirirsiniz?

- Görünür, tarix bizim göbəyimizi 12 dekabrda kəsib. Hər adamın taleyinə siyasi hadisə ilə sinxron yaşamaq, tarixi hadisənin taleyini təkrarlamaq və uzatmaq yazılmayıb. Bizim ailəmizə bu qismət oldu. Deməzdim ki, bu tarix və tale bizim ailə üçün yüngül yük oldu. Əksinə, çox ağır yük idi. İndiyə qədər də bu yükü daşıyırıq. Sanki bu tarixə iki dəryirman daşının arasından keçərək düşmüşük. Mən bu tarixə ancaq yazıçı kimi qiymət verə bilərəm. Siyasi şərh verə bilmərəm.

- Niyə?

- Çünki siyasi cəhətləri çox qaranlıqdır. Yazıçı kimi deyə bilərəm ki, bu tarixi yaşamaq ağırdır.

- Sizcə, niyə Pişəvəri hökuməti süqut etdi?

- Əslində sizə deyim ki, Pişəvəri hökuməti məğlub olmazdı. Üstəlik Stalin də İrana ona görə daxil olmamışdı ki, oradan tezliklə çıxsın. Stalinin təbiətində geri çəkilmək məsələsi yox idi. Sadəcə, Stalin atom şantajına məruz qaldı. ABŞ ultimatum verdi, tələb etdi ki, SSRİ qoşunlarını Güney Azərbaycandan çıxarmalıdır. Əlbəttə, Kremli bunu çox ağartmadı. Əgər Stalin desəydi ki, ultimatumdan qorxduğu üçün qoşunu çıxarır, əlbəttə, bu, düzgün olmazdı.

Qeyd edim ki, 1980-cı ildə bununla bağlı xəbər mətbuatda çap edildi. Əslində Pişəvəri hərəkatı atom bombardmanının qurbanı oldu. O cümlədən bizim ailə də ABŞ Prezidenti Trumenin atom şantajının qurbanı olub. Stalin heç nə demədən 1946-cı ilin 9 mayında sonuncu SSRİ qoşun birləşmələrini Təbrizdən çıxardı. Ondan sonra isə ağır dövr başladı. Pişəvəri məcbur olub təyyarəyə minərək Tehrana getdi, Tehranın ağır şərtləri ilə razılaşdı.Və beləcə tədricən süqut prosesi başladı. Güney Azərbaycan Moskvaya inanmışdı, düşünmürdü ki, Moskva Vaşinqtondan qorxaraq ordusunu çıxarır. Əslində, Stalin artıq Azərbaycanı birləşdirmişdi. Ancaq bu prosesin başa çatmasına imkan verilmədi.

- Yəni Stalin Azərbaycanın birləşməsinə qarşı deyildi?

- Məncə, Azərbaycanın parçalanmasında nə Stalinin, nə də Bağırovun günahı olub. Onlar Azərbaycanı bütövləşdirmək istəyib. Yaşadığımız faciə Vaşinqton və Londonun siyasəti ilə bağlıdır. Güney Azərbaycan və bizlər ABŞ-ın atom bombasının geostrateji qurbanlarıyıq.

- Ancaq iddialar var ki, Stalinin özü şahla məxfi danışıqlara gedərək Pişəvəri hökumətini satıb...

- Stalin Azərbaycanı birləşdirmişdi. O, ümumiyyətlə İrandan çıxmaq istəmirdi. Bu, həm də SSRİ-nin strateji planlarına uyğun idi. Sadəcə olaraq, Stalin ordusunu Təbrizdən çıxarmağa məcbur edildi. 1946-cı ilin 9 mayında SSRİ ordusu Təbrizdə parad keçirərək oranı tərk etməli oldu. Bunun üzərindən 6 ay keçməmiş faciə baş verdi. Əslində sizə deyim ki, 1946-cı ilin dekabrın 12-də Təbrizə daxil olan şahın cəza dəstələri heç İran ordusu deyildi.

- Bəs kimlər idi?

- İngiltərə və Amerikanın gizli cəza dəstələri idi. Onlar dekabr ayında Təbrizdə 22 min insanı öldürdülər. Əslində o zaman İran ordusu o qədər güclü və çox deyildi ki, Təbrizi asanlıqla alsın. İran ordusunun bayrağı altında Təbrizə İngiltərə və ABŞ ordusu daxil olaraq əhalini qırdı.

Məsələ ondadır ki, İran ordusu o dövrdə naşı idi. Baxın, həmin vaxt Təbrizə daxil olan və insanları qırmaqla ad çıxaran cəlladları şah orden və medallarla təltif emişdi. Orden və medalları Təbrizə aparmalı olan təyyarə Tehrandan Təbrizə uçmaq əvəzinə Bakıya enmişdi. Yəni bu fakt İran ordusunun pilotlarının naşı olduğunun göstəricisidir. Belə ordu Təbrizi ala bilməzdi. Mən bilən Təbrizə şah ordusunun bayrağı altında daxil olan muzdlular əslində hind əsilli idilər. Britaniya ordusunda da çoxlu hind əsilli insanlar var.

- Pişəvəri hökuməti süqut etdi, şah Təbrizi aldı və repressiyalara start verdi. Bəs bu repressiyalar nə qədər insanın həyatına son qoydu?

- Şah Azərbaycan dilini faktiki yasaq etdi. Azərbaycan dilində danışmaq olmazdı. Bəzən görürsən ki, bizim demokratar və liberallar şah rejimini, xüsusilə onun həyat yoldaşını tərifləyirlər, ağız dolusu danışırlar. Amma şah dövründə faktiki olaraq ana dili qadağan edilmişdi. Hər bir azərbaycanlını bu qadağa ilə tutub hər an məhkəməyə çıxara bilərdilər. Məktəblərdə qara qutu qoyulmuşdu. Azərbaycan dilində bir kəlimə işlədən cərimə olunurdu və pul qara qutuya atılırdı. Həmin pul da işverənə çatırdı. Təsəvvür edin ki, 1946-cı ildən 1979-cu ilə qədər belə vəziyyət hökm sürdü. Bu dövrdə 380 min insan öldürüldü. Təbrizdə hərbi səhra məhkəmələri fəaaliyyət göstərirdi. Şah dövründə Güney Azərbaycan hərbi səhra məhkəmələri ilə idarə olunurdu.

Daha vacib bir məqam odur ki, 1946-cı ilin 12 dekabr faciəsindən sonra hər il dekabrın 12-də şah ağ atın belinə minir, Tehranda hərbi parad keçirir və deyirdi ki, düşmənləri əzib. Sonuncu belə parad 1978-ci ilin 12 dekabrında keçirilib. Guya şah 1979-cu ilə qədər Təbrizi azad edən ordusunu salamlayır, uzun nitqlər söyləyirdi.

- Bəs 1946-cı ilin 12 dekabrından sonra həyata keçirilən repressiyalarda nə qədər insan öldürüldü və ya ölkədən qaçdı?

- Ümumi qurbanlar 100 mindən çox oldu. Ancaq 1946-1979-cu ilə qədər qurbanların sayı 380 min nəfər olub. Onların əksəriyyəti hərbi səhra məhkəmələrinin qərarı ilə güllələnib. “Təmizlik” əməliyyatları aparılıb. Şah istəyirdi ki, Araz boyu kəndləri dağıtsın, əhalini Tehran ətrafına köçürsün, boş qalan kəndlərdə isə kənd təsərrüfatı zonaları, holdinqlər yaratsın. Həmin dövrü bizimkilər görməyib və indi elə bilirlər ki, çox gözəl bir dövr olub.

Qeyd edim ki, şah bu milli zülmün günahkarı oldu. Həm də milli zəmində uduzan Güney Azərbaycan Pişəvəri hərəkatından sonra milli hərəkata inanmadı. Və İranda dini inqilabın yaranmasında da bu amilin mühüm təsiri oldu. Milli Hərəkatın 1946-cı ildə bu formada süqutu, Moskvaya inamsızlıq, millətçilərə etibarsızlıq yaratdı və millət 1979-cu ilə qədər dinin təsiri altına düşdü.

Həmin dövrdə Stalinə qarşı atom bombasından istifadə şantajı olduğunu çox adam bilmir. Biz isə atom bombasının qarşısında uduzduq. Yaponiya da uduzdu, Təbriz də. Bu mənada Təbrizlə Yaponiyanın taleyi eynidir.


Müəllif: Cavad

Oxşar xəbərlər