23 Dekabr 2017 09:14
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Gürcüstan parlamentinin deputatı, hakimiyyətdə olan “Gürcü arzusu” koalisiyasının funksioneri Mahir Dərziyevlə müsahibəni təqdim edir.

- Mahir müəllim, dünən Gürcüstan parlamenti yeni hökumətin tərkibini təsdiq edib. Borçalıların yeni hökumətdən gözləntiləri nədən ibarətdir?

- Gürcüstanda yaşayan azərbaycanlıları digərlərindən ayırmaq doğru deyil, çünki bu özümüzü təcrid mənasına gəlir. Biz, bu ölkənin vətəndaşlarıyıq, ölkənin qayğıları bizim qayğılardır. Hədəfimiz də ölkədə tam hüquqlu vətəndaş, cəmiyyətə tam inteqrasiya olmaqdır. Odur ki, sualın qoyuluşu ilə razı deyiləm. Əlbəttə, bizim müəyyən spesfik təlabatlarımız, milli mədəni qayğılarımız var. Bununla bağlı gözləntilərimiz olub və olacaq da. Amma bizim bu ölkənin vətəndaşı olaraq gözləntilərimiz digər vətəndaşların gözləntilərindən fərqlənmir.

- Niyə hökumətin parlamentdə təsdiqi “Gürcü Arzusu” koalisiyası üçün asan olmayıb...

- Dekabrın 21-i gecə saat 02:00-da hökumətin tərkibi təsdiq edildi və etimad göstərildi. Bizdə struktur islahatları həyata keçirildi, nazirliklərin sayı 14-ə endirildi. Məqsəd dövlət strukturlarının daha çevik, səmərəli və operativ işləməsinə nail olmaqdır. Eyni zamanda inzibati resurslara və büdcə xərclərinə də müəyyən qədər qənaət etmək mümkün olacaq. Yeni hökumətin gündəmində də bizim əsas dəyərlərimiz dəyişməz olaraq qalır. Bizim üçün Avroatlantik məkana inteqrasiya, qanunun aliliyi, məhkəmələrin müstəqilliyi, mülküyyət hüququnun toxunulmazlığı, ifadə azadlığı və digər fundamental dəyərlər dəyişməzdir. Hökumət də 4 bənddən ibarət proqram təqdim edib. Proqramın tərkib hissələri demokratik, iqtisadi, sosial inkişaf, xarici əlaqələr, müdafiə və təhlükəsizlik sahələrini əhatə edir. Proqramın mühüm hissəsi təhsil məsələlərinə aid edilib. Yeni proqrqamla ölkədə peşə təhsilinin köklü dəyişdirilməsi və yenidən qurulması nəzərdə tutulur. Eyni zamanda şəxsi kapitala əsaslanan təhsil müəssisələri və müxtəlif proqramların tətbiqi nəzərdə tutulub. Bu mühümdür.

- Bunun azərbaycanlı şagirdlərə hansı təsiri olacaq?

- Bizdə neçə müddətdir ki, pilot layihə həyata keçirilir. Bu proses davam edəcək. Eyni zamanda azərbaycanlı gənclərin dövlət strukturlarında təcrübə toplaması həyata keçirilir. Onların gələcəkdə dövlət strukturlarında təmsil olunması aktual məsələdir. 2017-ci ilin 10 ayı ərzində daxili istehsal 4,7 faiz artıb. Bu ciddi göstəricidir. Biznes strukturlarında 640 min insan çalışır, amma bu ilin 10 ayı ərzində 38 min yeni iş yeri açılıb. Gürcüstan neçə illərdir ki, biznes reytinqlərində ön yerləri tutur. Bu istiqamətdə vəziyyəti bir qədər də inkişaf etdirmək məsələsi var. Eyni zamanda vergi sahəsində islahat keçirilib, gəlirin əsas vəsaitə yönələn hissəsi biznesmenlərə qaytarılır, əlavə dəyər vergisində də xüsusi mexanizm nəzərdə tutulacaq. Bu da ümumi daxili məhsulun 1,5 dəfə artmasını təmin edəcək. Yaxın 3 ildə min kilometrdən artıq yol çəkilişi nəzərdə tutulub, bunun 350 kilometri yüksək sürətli magistral yol, 650 kilometri isə regional yollar olacaq. Əhəmiyyətli layihələdən biri də yeni dəniz limanının inşasına başlanılmasıdır. Bu layihəyə 500 milyon dollar vəsaitin xərclənməsi nəzərdə tutulub. Bu müddət ərzində dünyanın 50-dən çox ölkəsinə 70 milyondan çox qablaşdırılmş şərab ixrac edilib. Turizm sahəsində də nəaliyyətlər var. 2016-cı ildə 6 milyon, 2017-ci ildə isə 7 milyon turist qəbul etmişik. Bunlar əhəmiyyətli göstəricilərdir.

- Ancaq paramentdə Baş nazir Georgi Kvirikaşvili həm də müxalifət tərəfindən ciddi tənqid olunub…

- Baş nazir hökumət proqramını təqdim edərkən Vahid Milli Hərəkat Partiyası tərəfindən təxribatçı hərəkətlərə yol verildi. Bu partiyanın liderlərindən olan biri baş nazirin haqqında etikadan kənar sözlər də işlətdi. Amma ölkə əhalisinin əksəriyyəti hökumətin fəaliyyətini dəstəkləyir. Biz də deputat olaraq komandamızın proqramını dəstəkləyib hökumətə etimad göstərdik.

- Baş nazir həm də erməni mallarının fors-major situasiyalarda Abxaziya və Cənubi Osetiyanın nəqliyyat dəhlizlərindən keçməsinin mümkünlüyü barədə mövqeyinə görə ciddi tənqid edilir. Bu əslində, Azərbaycanı da narahat edən məqamdır. Bu barədə nə deyə bilərsiniz?

- Son zamanlar bu məsələlərlə bağlı spekulyasiyalar edilir. Mən özüm baş nazirin çıxışı zamanı parlamentdə olmuşam. Gürcüstan öz milli maraqları çərçivəsində hərəkət edir. Dünənki iclasda müxalifət təxribat yaratmaq istədi, hətta baş naziri Rusiya ilə əlaqələr yaratmaqda ittiham etdi. Baş nazirin də cavab belə oldu ki, Rusiya işğalçı ölkədir, amma ölkənin milli maraqları tələb edərsə, bu əlaqələri yaradar.

Digər tərəfdən, Gürcüstan yolu deyilən, Böyük Qafqaz aşırımlarından keçən yeganə Gürcüstan-Rusiya arasında nəqliyyat yolu var. Bu yol qış fəslində tez-tez bağlanır. Bu da həm Gürcüstana gələn, həm Gürcüstan üzərində tranzit olaraq Türkiyə və Ermənistana gedən avtomobillərin dayanmasına səbəb olur. Belə bir halda Tsixinvalidən keçən yol var, SSRİ zamanı orada tunel də inşa edilmişdi. Yəni yol bağlandıqda bu yoldan istifadə edilmə ehtimalı var. Əlbəttə, Azərbaycanın narahatlığı başadüşüləndir. Ermənistan rəsmiləri də Gürcüstana səfər edərkən zaman-zaman mətbuatda bu məsələ qalxır ki, Abxaziya yolu açılır və s. Hər dəfə də qeyd edilir ki, Abxaziya vasitəsilə dəmir yolunun açılması gündəmdə deyil. Olsa olsa, Gürcüstan yolunun yenidən qurulması və ya Tsixinvalidən gələn yolun müvəqqəti istifadəsi mümkündür. Baş nazir öz çıxışında Abxaziya və Osetiyada yaşayan icmalarla dialoqa başlamaq haqda fikirlər söylədi və bu gündəmdədir. Amma real olaraq bu gün Abxaziyadan gələn dəmir yolunun açılması gündəmdə yoxdur. Bir daha deyirəm ki, Azərbaycanın narahatlığı başadüşüləndir, amma Gürcüstanında öz maraqları var.

- Gürcüstanın Ermənistana hətta qış fəslinin fəsadlarına görə, müvəqqəti olsa da yol verməsi Azərbaycan-Gürcüstan əməkdaşlığı baxımından nə dərəcə ədalətlidir?

- Siz, məsələyə Azərbaycanın maraqları prizmasından yanaşırsınız və bu da başadüşüləndir. Amma hər bir ölkənin öz milli maraqları var və məsələlərə də bu prizmadan yanaşılır.

- Bəli, bu məsələ Qüdslə bağlı BMT müzakirələrində özünü göstərdi. Rəsmi Tiflis bu müzakirələrdə Qüdslə bağlı qətnaməyə dəstək vermədi...

- Bəli. ABŞ bizim strateji tərəfdarımızdır, burada çox işlər görüb və indi də görür. Amma heç ABŞ prezidentinin onun qərarını dəstəkləməyən ölkələrə yardımı kəsəcəyi haqda fikirləri gürcü ictimaiyyəti tərəfindən də birmənalı qarşılanmadı. Gürcüstanın keçmiş xarici işlər naziri hətta bunu təhdid kimi qiymətləndirdi. Gürcüstan da öz mövqeyini ortaya qoyaraq BMT-dəki səsvermədə iştirak etmədi.

Ancaq əminəm ki, Gürcüstan və Azərbaycan arasında münasibətlərin inkişaf tempi, dövlət başçıları arasında olan münasibətlər deməyə əsas verir ki, Gürcüstan dövləti özünün yaxın qonşusu və strateji müttəfiqi olan Azərbaycana yönəlik tədbirdə yer almayacaq. Gürcüstanın belə hərəkət etməsi qeyri-mümkündür. Gürcüstanın Ermənistan və başqa ölkələrlə apardığı xarici siyasət Azərbaycana qarşı yönələ bilməz, bu, Gürcüstanın milli maraqları çərçivəsində aparılan siyasətdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər