23 Dekabr 2017 08:16
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının BMT Baş Assambleyasının ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qəbul etdiyi qətnamənin lehinə səs verməsi çox düzgün addımdır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, Azərbaycan Respublikasının da lehinə səs verdiyi qətnamə layihəsinin qəbul olunması ilə ABŞ Prezidenti Donald Trampın Qüdslə bağlı qərarı alt-üst olub:

“128 ölkə, o cümlədən ABŞ-ın müttəfiqi olan Avropa ölkələri bu qətnamə layihəsinin lehinə səs veriblər. Baş verən hadisələr bütövlükdə ABŞ və İsrail üçün ciddi xəbərdarlıqdır. Beynəlxalq hüququn, BMT qətnamələrinin nəzərə alınmamasının nələrə gətrib çıxarıla biləciyini əyani surətdə təsdiq edir. Azərbaycan haqlı olaraq bu qətnamənin lehinə səs verdi. Çünki ölkə prezidentinin də söylədiyi kimi, Azərbaycan daim islam həmrəyliyinə sadiq olub və bundan sonra da sadiq olaraq qalacaq”.

Q.Hüseynli qeyd edib ki, bir neçə il bundan öncə Bakı İslam Mədəniyyətinin Paytaxtı elan edilmişdi:

“Bu amil Azərbaycan paytaxtının şöhrətlənməsində, dünya miqyasında tanınmasında kifayət qədər əhəmiyyətə malik oldu. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın Azərbaycana təcavüzünü tanıyan beynəlxalq təşkilatlardan birincisidir. Təşkilat Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı məsələləri öz sammitlərində daim diqqət mərkəzində saxlayır. Bundan başqa İslam İnkişaf Bankı Azərbaycana kredit ayıran ilk beynəlxalq maliyyə qurumudur. Bütün bunlar göstərir ki, Azərbaycanla islam ölkələri, eləcə də islam təşkilatları arasında çox gözəl münasibətlər var. Azərbaycan bir islam ölkəsi kimi islam dəyərlərinə təbii ki, hörmətlə yanaşır. Rəsmi Bakı həm bu dəyərlərin, həmçinin beynəlxalq hüququn normalarının qorunmasına, BMT qətnamələrinin yerinə yetirilməsinin vacibliyi işinə öz töhfəsini verməyə çalışır. Azərbaycan Respublikası BMT Baş Assambleyasında keçirilən səsvermə ilə bu işə öz töhfəsini verdi. Bundan başqa bu səsvermə ilə Azərbaycanın müstəqil xarici siyasət yürütdüyü bir daha təsdiqləndi”.

Qeyd edək ki, Azərbaycan öz ardıcıl və prinsipial siyasətinə sadiq qalaraq, beynəlxalq hüquq norma və prinsiplərinin tələbələrinə riayət edərək və kənardan müxtəlif təzyiq cəhdləri olmasına baxmayaraq, Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs verib. Bu, bir daha sübut edir ki, Azərbaycan müstəqil siyasət yürüdür, beynəlxalq məsələlərin həllinə dair öz mövqeyi var və bu mövqeyi ardıcıl şəkildə müdafiə edir. Heç bir kənar iradə Azərbaycanı öz müstəqil siyasətindən dönməyə məcbur edə bilməz. Azərbaycan İstanbulda İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri Türkiyənin təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə zirvə toplantısında ən yüksək səviyyədə təmsil olunub və məsələ ilə bağlı konkret mövqe nümayiş etdirib. Baxmayaraq ki, bir çox islam ölkələri, o cümlədən türkdilli dövlətlər tədbirin əhəmiyyətini nəzərə almayıb və daha aşağı səviyyədə təmsil olunublar. Bu kimi mühüm beynəlxalq məsələlərin həllində Azərbaycanın nümayiş etdirdiyi mövqe beynəlxalq hüququn aliliyinə hörmətin, sülhün və təhlükəsizliyin, tolerantlığın möhkəmlənməsinə əməli töhfərin bariz nümunəsidir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər