Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də Xaqani Rüstəmov küçəsinin, bu küçənin üzərində yerləşən dairə və dördçıxışlı piyada keçidinin açılışında, yeni salınmış parkın, inşası və abadlığı başa çatan məhəllələrin təqdimat mərasimində iştirak ediblər.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov və “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlət başçısına ərazidə görülən işlər barədə məlumat veriblər.
Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini və Mərkəzi Bulvar küçəsini birləşdirən, “Ağ Şəhər” bulvarına qədər davam edən və uzunluğu 1050 metr, eni 45 metr olmaqla 6 zolaqlı Xaqani Rüstəmov küçəsinin yenidənqurma işləri tamamlanıb. Bu küçədə avtomobillər üçün xüsusi parkinq yerləri də nəzərdə tutulub. Xaqani Rüstəmov küçəsi ilə Süleyman Vəzirov küçəsinin kəsişməsində diametri 66 metr olan yeni dairə inşa edilib. Bu dairə tam fərqli və orijinal dizaynda inşa olunub. Burada yaşıllaşdırma işləri aparılıb və ətraf dekorativ daşlarla bəzədilib.
Prezident İlham Əliyev Xaqani Rüstəmov küçəsi, bu küçənin üzərində yerləşən dairə və dördçıxışlı piyada keçidinin rəmzi açılışını bildirən lenti kəsib.
Sonra xatirə şəkli çəkdirilib.
Xaqani Rüstəmov və Süleyman Vəzirov küçələrinin kəsişməsində uzunluğu 220 metr olan yeraltı piyada keçidində də tikinti işləri tamamlanıb, burada 8 eskalator, işıqlandırma sistemi və nəzarət kameraları quraşdırılıb. Müasir üslubda dizayn olunmuş piyada keçidində vətəndaşların rahatlığı üçün yol istiqamətləri qeyd edilib, divarlar “Bakı Ağ Şəhər”in perspektiv görüntülərini əks etdirən vitrinlərlə bəzədilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”in tikintisi və abadlığı başa çatmış Babək Qərb kvartalında, Mərkəzi Bulvar və Süleyman Vəzirov küçələrinin kəsişməsində yeni salınmış parkla da tanış olublar.
Sahəsi 6800 kvadratmetr olan park üçün xüsusi işlənilmiş landşaft dizaynına uyğun olaraq müxtəlif ağaclar əkilib, uşaq oyun meydançası salınıb. Burada 2017-ci ilin sentyabrında Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş “Daşın nəğməsi” ikinci Beynəlxalq heykəltəraşlıq simpoziumu çərçivəsində təqdim olunmuş çinli heykəltəraş Liu Yangın əsəri olan “Xəzər dənizi” heykəli qoyulub. Parkda ictimai wi-fi və telefon köşkü qurulub. Burada “Qara şəhər”in tarixi barədə məlumat lövhəsi, müasir üslublu saat quraşdırılıb. Yer səthində tuncdan hazırlanmış xatirə-medalyonda Babək kvartalı ilə bağlı məlumatlar əksini tapıb. Parkın qonşuluğundakı yaşayış binasının fasadında mozaika işləmələri bu məhəllənin özünəməxsus memarlıq üslubunu əks etdirir.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər” ərazisində tikintisi və abadlığı başa çatmış məhəllələrlə tanış olmaq üçün avtobusla gəzintiyə çıxdılar.
Dövlət başçısına Babək Qərb kvartalının Paris evləri, məhəllədə aparılmış abadlıq və yaşıllıq, infrastruktur-kommunikasiya işləri barədə məlumat verildi. Burada sakinlərin rahatlığı və mənalı istirahətləri üçün hərtərəfli şərait var. Məhəllələrdə uşaqlar üçün oyun meydançası, yaşıllıq zonası, yerüstü və yeraltı avtodayanacaq mövcuddur. Binaların girişləri xüsusi döşəmə daşları, yaşayış komplekslərinin adlarını əks etdirən divar lövhələri və yaşıllaşdırma ilə fərqlənir. Məhəllələrin təhlükəsizliyi də sutka ərzində diqqətdə saxlanılır. Paris evlərində dayanıqlı elektrik enerjisi, su, qaz, kanalizasiya xətləri, internet və İPTV əlaqədar qurumlar tərəfindən “Bakı Ağ Şəhər”in baş planına uyğun şəkildə və yüksək keyfiyyətlə çəkilib. Tikinti və yenidənqurma işləri çərçivəsində Süleyman Vəzirov, Mərkəzi Bulvar və Birinci Fəvvarələr küçələrində, həmçinin kəsişən 7 kiçik küçədə də təmir və asfaltlanma işləri başa çatıb. Ümumi uzunluğu 3,5 kilometr olan küçələrdə yağış suları ötürücüləri, işıqlandırma dirəkləri, yol nişanları, oturacaqlar, tullantılar üçün qablar quraşdırılıb və 2000-dən çox ağac əkilib. Tikinti ərazisinə düşən köhnə ağaclar yeni yerlərə köçürülüb. Küçələrin adları binaların üzərindəki lövhələrlə yanaşı, səkilərdə də daş nişanlarla qeyd edilib, vətəndaşları istiqamətləndirən yol göstəriciləri quraşdırılıb. Şəhərsalma prinsiplərinə uyğun olaraq piyadanın üstünlüyünü bildirən yüksəldilmiş keçidlər ilk dəfə inşa olunub, enişli-yoxuşlu ramplar qoyulub, həmçinin avtomobillər üçün xüsusi parkinq yerləri də nəzərdə tutulub.
Birinci Fəvvarələr küçəsində də tikinti işləri yekunlaşıb. Fəvvarələr Meydanında müasir üslubda inşa olunmuş ilk binanın fasad işləri də tamamlanıb. Paris məhəllələrindən fərqli olaraq, buradakı yaşayış binalarının müasir memarlıq üslubu “Bakı Ağ Şəhər”in memarlıq üslublarının rəngarəngliyini təmin edəcək. Mərkəzi Bulvar və Fəvvarələr küçələrinin kəsişməsində park salınıb, küçə saatı quraşdırılıb. Buradakı heykəllər və yaşı yüzillərlə ölçülən dekorativ zeytun ağacları bu küçəyə gözəllik verir. Eni 32 metr, uzunluğu 1 kilometrə qədər olan Fəvvarələr küçəsi Ağ Şəhərin mərkəzindən Nobel prospektinə qədər və oradan da Sahilyanı kvartala qədər uzanacaq.
Avtobusla gəzinti zamanı Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya 2016-cı ildə sakinlərə təhvil verilmiş məhəllələr barədə də əlavə məlumatlar çatdırılıb.
Daha sonra Prezident İlham Əliyevə “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində 2017-ci il ərzində yerinə yetirilən və 2018-ci il üçün nəzərdə tutulmuş işlər barədə məlumat verildi. Bildirildi ki, Prezidentin müvafiq sərəncamlarına əsasən aidiyyəti qurumlar tərəfindən infrastruktur və yol işləri davam etdiriləcək. Mərkəzi Bulvar küçəsinin Nobel prospektinə qədər inşasının tamamlanması, Süleyman Vəzirov küçəsinin Babək prospektinə qədər yenidən qurulması, Babək prospektindən “Bakı Ağ Şəhər”in mərkəzinə qədər uzanan, 37 metr eni olan yolların və yeraltı kommunikasiyaların inşası nəzərdə tutulub.
Təməli ötən il qoyulmuş Fəvvarələr Meydanı parkı, piyada keçidi və ictimai parkinq kompleksində tikinti işləri davam etdirilir. Müasir üslublu yeddimərtəbəli yaşayış binalarının əhatə etdiyi parkda 3 qrupdan ibarət fəvvarələr, məxsusi uşaq meydançası, xüsusi dizaynlı landşaft və 760 yerlik avtodayanacaq layihələndirilib. Bu kompleksin sahəsi 1 hektardan çox olan Fəvvarələr Meydanı parkının gələn il təhvil verilməsi planlaşdırılıb. Şəhərin ən iri parklarından biri olan Nizami Parkının yaxınlığında yerləşən Knightsbridge (Naytsbric) kompleksində yaşayış binaları, biznes mərkəzi və məktəb layihələndirilib. Hazırda bu kompleksdə inşaat işləri davam etdirilir və artıq buradakı ilk binanın tikintisi başa çatmaq üzrədir. Binanın fərqli memarlıq üslubu və landşaft dizaynı Nobel prospektinə xüsusi yaraşıq verir.
Dövlət başçısına burada və digər məhəllələrdə nəzərdə tutulmuş orta məktəb layihələri və onlar üçün ayrılmış ərazilər barədə də məlumat verildi. Nobel prospekti boyunca tikiləcək və layihənin işgüzar kvartalı kimi nəzərdə tutulan fərqli memarlıq üslubuna malik binalar dünya səviyyəli tanınmış UN Studio memarlıq bürosu tərəfindən işlənilib. Binaların mərkəzində yerləşəcək Zaman Meydanı, Knightsbridge kompleksi və Nizami parkı istiqamətində metro çıxışları bu mərkəzin şəhərin digər rayonları ilə nəqliyyat bağlantısını təmin edəcək. Burada inşa ediləcək metro çıxışları, eyni zamanda, Nobel prospektinin şimal və cənub hissələrini birləşdirən piyada keçidini də təmin edəcək. Prospektin üzərindən salınacaq yüksək səviyyəli piyada körpüsü isə “Bakı Ağ Şəhər”in şimalı ilə cənubunu birləşdirəcək və prospektin yeni rəmzinə çevriləcək. Uzunluğu 237 metr olan körpü cənubda Sahilyanı kvartalda yerləşəcək ticarət mərkəzinə və şimalda Fəvvarələr Meydanından keçərək Babək prospektinə qədər uzanacaq. Belə ki, piyadalar şimalda yerləşən Babək prospektindən Mərkəzi Park rayonu, Fəvvarələr Meydanı və körpü vasitəsilə “Ağ Şəhər” bulvarına qədər 2 kilometrlik piyada gəzinti xiyabanından istifadə edəcəklər. Nobel prospekti boyunca eni 20 metrədək olan gəzinti və yaşıllıq zonası da mühüm əhəmiyyət kəsb edəcək və piyadaların rahatlığını təmin edəcək. “Bakı Ağ Şəhər”in paytaxtın yol-nəqliyyat şəbəkəsinə inteqrasiyası, layihənin qərbində yerləşən mövcud yaşayış massivləri və yol şəbəkəsi ilə uzlaşması, eləcə də müvafiq yolların şərq istiqamətində davam etdirilməsi və Bakı şəhərinin əsas nəqliyyat arteriyalarından sayılan Nobel, Babək və Heydər Əliyev prospektlərini və gələcəkdə yeni Bulvar yolunu birləşdirən 65 metr enində əlaqələndirici prospektin salınması bu ərazilərin dayanıqlı inkişafını təmin edəcək.
“Bakı Ağ Şəhər”də ötən müddətdə həyata keçirilən işlər və növbəti illərdə icrası nəzərdə tutulan tədbirlərlə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.