29 Dekabr 2017 09:27
5 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin “İnterfaks” agentliyinə geniş müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

Teleqraf.com-un məlumatına görə, o deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin aktivləşməsini alqışlayır.

Q.Karasin 2017-ci ilin oktyabrında Cenevrədə uzun fasilədən sonra ATƏT-in Minsk Qrupu həmsədrlərinin dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunan Azərbaycan-Ermənistan sammitinin keçirildiyini xatırladıb. Rusiyalı diplomatın fikrincə, bu sammitdə danışıqlar prosesinin intensivləşdirilməsi, təmas xəttində gərginliyin azaldılmasına yönələn tədbirlərin görülməsi razılaşdırıldı. Q.Karasin misal olaraq həmsədrlərin noyabrda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrılıqda məsləhətləşmələr keçirməsini, dekabrda isə Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında nazirlərin görüşünün təşkil olunmasını göstərib.

Rusiyalı diplomat etiraf edib ki, münaqişənin nizamlanmasının əsas məsələləri müzakirə olunsa da, hələlik onlarla bağlı konsensusa nail olunmayıb. Buna baxmayaraq, Moskva fəal vasitəçiliyinə davam edir və gələn ilin yanvarında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada növbəti görüşü olacaq.

Q.Karasinin müsahibəsində səsləndirdiyi fikirləri şərh edən politoloq Elxan Şahinoğlu Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə marağının olmadığını bildirib. O qeyd edib ki, buna baxmayaraq, rusiyalı rəsmilər və Kremlə yaxın ekspertlər Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif fikirlər və ideyalar səsləndirirlər. Onun sözlərinə görə, bu, sadəcə bölgədə nəzarətin Rusiyanın əlində olmasını təsdiqləmək üçün Moskvaya lazımdır:

“Qriqori Karasinin sözlərindən anlaşılır ki, birincisi, Dağlıq Qarabağ münaqişəsinin həllində Moskvanın vasitəçiliyi davam edəcək. İkincisi, bu o demək deyil ki, vasitəçilik real nəticəyə hesablanıb”.

E.Şahinoğlu dekabrın 23-də Bakıda “Regionun gələcəyi: Geosiyasi çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq simpozium keçirildiyini xatırladıb:

“Simpoziumda rusiyalı iştirakçı Maksim Şevçenko tərəfindən belə bir fikir səsləndi ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya-Türkiyə-İran formatı faydalı ola bilər, ancaq bunun üçün zaman lazımdır. Həqiqətən Rusiya-Türkiyə-İran formatı Suriyada birinci mərhələdə fayda verdi. Bu üç ölkənin əməkdaşlığı sayəsində Suriyada terrorçular üzərində qələbə əldə edildi. Ancaq Suriyada sülh əldə olunmalı və hakimiyyət bölgüsü həyata keçirilməlidir. Bu isə hələ baş verməyib. Bu, terrorçularla birgə mübarizədən az problemli məsələ deyil. Ona görə də Rusiya-Türkiyə-İran formatının Suriyada vəziyyətin stabilləşməsində növbəti addımlarının uğurlu olub-olmayacağını gələcək göstərəcək”.

Politoloq qeyd edib ki, Rusiya, Türkiyə və İran Azərbaycan və Ermənistanla həmsərhəddir və məntiqlə Qarabağ münaqişəsinin həllində faydalı ola bilərlər:

“Ancaq bunun üçün iki addım atılmalıdır. Birinci addım bundan ibarətdir ki, Rusiya-Türkiyə-İran formatı ATƏT-in Minsk Qrupunu faktiki əvəz etməli və ya həmsədrlərlə birgə çalışmalıdır. Bunun mümkünlüyü şübhə doğurur. İkinci addım isə bundan ibarətdir ki, Ermənistan Türkiyənin fəal vasitəçiliyinə razılaşmalıdır. Bunun üçün isə Rusiya Ermənistan hakimiyyətinə təzyiq edib İrəvanı razı salmalıdır. Bu iki addım atılmadan Rusiya-Türkiyə-İran formatının Dağlıq Qarabağ münaqişəsinin həllində fəal vasitəçiyə çevriləcəyi praktik baxımdan mümkün deyil”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər