Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair dünən keçirdiyi mətbuat konfransında “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı” barədə də danışıb.
Teleqraf.com xəbər verir ki, H.Hacıyev “Arzuolunmaz şəxslərin siyahısı”, yaxud “Qara siyahı” adlandırılan siyahıda 700-ə yaxın şəxsin adının olduğunu bildirib. Nazirlik sözçüsü əlavə edib ki, cari il ərzində 10-a yaxın şəxs adının siyahıdan çıxarılması ilə bağlı müraciət edib. O əlavə edib ki, müraciətlərin əksəriyyəti təmin olunub. Beləliklə, həmin şəxslərin Azərbaycan Respublikası ərazisinə daxil olmasına qoyulan qadağa götürülüb.
Bəs, bu siyahıda kimlər var? Onlar əsasən hansı ölkələrin vətəndaşlarıdır? Onların Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməkdə məqsədləri nədən ibarət olub? Yaxud, bu şəsxlərin adlarının “qara siyahı”ya salınmasına nələr əsas verib?
Qeyd edək ki, siyahıda dünyanın ən müxtəlif ölkələrinin vətəndaşları var. İspaniya, Sinqapur, Gürcüstan, Belarus, Amerika Birləşmiş Ştatları, İsrail, Estoniya, Bolqarıstan, Litva, Türkiyə, Almaniya, Ukrayna, Hindistan, İran, Sloveniya, Argentina, Uruqvay Şərq Respublikası, Avstraliya İttifaqı, Zimbabve, Yunanıstan, Fransa, Yaponiya, Braziliya, Kanada, Niderland, Özbəkistan, Polşa, Belçika Krallığı, Meksika Birləşmiş Ştatları, Qazaxıstan, Moldova, Macarıstan, Serbiya, Brundi, Boliviya, Danimarka, Çex Respublikası, Pakistan İslam Respublikası, İordaniya Haşimilər Krallığı və sair…
Siyahıda Rusiya Federasiyası vətəndaşlarının çoxluq təşkil etdikləri ilk baxışdan görünür. Ümumilikdə, isə Avropa ölkələrinin vətəndaşları siyahıda üstünlük təşkil edir. O cümlədən 5-6 Türkiyə vətəndaşı da siyahıda yer alıb. Bunlardan 4-ü – Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Ərol Qatırçıoğlu bu il sentyabrın 22-də işğal olunmuş əraziləmizə səfər ediblər. Onlarla bağlı 28 sentyabr 2017-ci ildə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.
Siyahıdakı şəxslərin peşəsinə gəldikldə isə burda da “rəngarənglik” nəzərə çarpır. Jurnalist, hüquq müdafiəçisi, incəsənət xadimi, QHT rəhbəri, yerli parlamentlərin deputatları, fotoqraf, bloqer, turist, şair, yazıçı, həkim, heykəltaraş…
Siyahıdakı tanınmış şəxslərin siyahısına isə zənnimizcə, 4 ölkənin – Rusiya, İsrail, Kanada və Ukrayna vətəndaşlığını daşıyan Aleksandr Lapşin başçılıq edə bilər.
Daha bir tanınmış şəxs müğənni Filip Kirkorovun atası Bedros Kirkorovdur. Onun adı “Qarabağın azad olunmasına həsr edilmiş bayram tədbirləri” adlı tədbirdə iştirak etdiyi üçün siyahıya daxil edilib.
Siyahıda rusiyalı iş adamı, milyarder German Sterliqov və həyat yoldaşı Alyona Sterliqovanın (onlar 2015-ci ilin iyulunda işğal olunmuş ərazilərə səfər edib) da adı var.
Siyahıda adı olan daha bir rusiyalı tanınmış jurnalist Eduard Limonovdur. Onun adı siyahıya 3 iyun 2017-ci ildə daxil edilib.
Rusiya Federasiyası İctimai Palatasının üzvü, MDB Ölkələri İnstitutunun direktoru Konstantin Zatulinin adı 23 may 2010-cu ildə keçirilən “parlament seçkiləri”ndə müşahidəçi olduğu üçün “qara siyahıda”dır.
Bakı ermənisi, Moskvadakı “TV Sentr” telekanalının aparıcısı Roman Babayanın adı “qara siyahı”da 13 mart 2017-cı il səfərinə görə yer alıb.
ABŞ-ın sabiq prezidenti Vudro Vilsonun kötükcəsi, Vudro Vilson İrsi Fondunun prezidenti Donald Vilson Buşun adı 20 aprel 2015-ci ildə işğal olunmuş ərazilərimizə səfər etdiyi üçün “qara siyahı”ya salınıb.
Ümimilikdə 698 nəfərin adının yer aldığı və sonuncu dəfə 26 dekabr 2017-ci ildə yenilənən siyahı ilə buradan tanış olmaq mümkündür.