Bir neçə il əvvəl Nino Burcanadze Gürcüstan parlamentinin spikeri idi. Səhv etmirəmsə, NATO PA-nın iclasına dəvət edilmişdi. O çıxışı zamanı bildirdi ki, Rusiya qaz kəmərlərini partladır, bizi qışın soyuğunda dondurub öldürmək istəyir.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı BAXCP sədri, deputat Qüdrət Həsənquliyev deyib.
O, xatırladıb ki, həmin dövrdə Azərbaycan özünün bir çox kəndlərinin qazını kəsərək qonşu Gürcüstan əhalisinə qaz verdi:
“Biz hər zaman bir qonşu kimi öz ləyaqətimizi, etibarlılığımızı göstərmişik. Həmin iclas zamanı ona sual verdilər ki, Kosova probleminin həll variantı keçmiş sovet respublikalarındakı münaqişələrə tətbiq oluna bilərmi? O da dedi ki, nə Moldovaya, nə də Gürcüstana tətbiq oluna bilməz. Qarabağın adını isə çəkmədi. Bu artıq həmin ölkənin rəhbərliyuinin Azərbaycana olan münasibətidir. Sözsüz ki, o bundan sonra siyasi elitadan uzaqlaşdırıldı. Onu qeyd etmək istəyirəm ki, Azərbaycan Gürcüstana qarşı çox ləyaqətlə davranıb. 2008-ci ildə Rusiya ilə müharibə zamanı tibbi yardım göstərdik. Bakı-Tiflis-Ceyhan qaz kəməri çəkilərkən güzəştli tariflər müəyyənləşdirdik, onların kreditlərini ödədik. Bu gün Gürcüstana ucuz qiymətə qaz satılır. Azərbaycan Gürcüstana investisiya qoyuluşuna görə birinci yerdədir. Belə olduğu halda biz özümüzü elə aparmamalıyıq ki, sanki heç nə baş verməyib. Hesab edirəm ki, Gürcüstanın Bakıdakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunmalıdır. Deyilməlidir ki, sizin bu hərəkətiniz ləyaqətsiz hərəkətdir. Biz Gürcüstan xalqına, ictimai təşkilatlara müraciət etməliyik. Azərbaycan bildirməlidir ki, bununla Gürcüstan çox şey itirəcək. Söhbət ondan gedir ki, Gürcüstan Rusiyadan Ermənistana gedən dəmir yol xəttini açmaq haqqında düşünür. Gürcüstanın işğal altında olan torpaqları üzərindən bunlar Ermənistana dəmiryol xətti açmaq istəyirlər. Azərbaycan buna çox ciddi reaksiya verməlidir”.