İranın bütün iri şəhərlərinin əsas küçə və meydanları hüquq-mühafizə orqanları və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülməsinə baxmayaraq, ölkənin Kərəc şəhərinin Gövhərdəşt məntəqəsində, eləcə də Mahşəhr, Əhvaz və Zahidan şəhərlərində rejimə qarşı kütləvi etirazlar davam edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Gövhərdəştdə axşam saatlarında küçələrə axışan minlərlə dinc aksiyaçı “Xameneyiyə ölüm”, “Haqqımı almayınca hər gecə etiraz olacaq” və bu kimi şüarlar səsləndirərək hakimiyyətə etirazlarını bildiriblər.
Mahşəhrin əsas meydanlarından birinə toplaşan minlərlə aksiyaçı hakimiyyətə müxalif şüarlar səsləndiriblər.
Mahşəhr və Gövhərdəşt etirazlarında onlarla dinc aksiyaçı tutularaq naməlum istiqamətə aparılıb. Tutulanların harada saxlanıldığı bilinmir.
Xatırladaq ki, son on dörd gündə İranın 100-dən çox şəhərində hakimiyyətə və onun dini lideri Əli Xameneyiyə qarşı kütləvi etirazlar keçirilib.