İdlib hücumundan sonra artan gərginlik fonunda Rusiyadan Türkiyəyə ikinci mesaj gəlib.
Teleqraf.com xəbər verir ki, “İzvestiya” qəzetinə danışan və adının açılanmasına istəməyən rusiyalı məmur Moskvanın Ankaradan Suriya məsələsində konstruktivlik gözlədiyini deyib.
Mənbənin sözlərinə görə, məsələ ilə bağlı Ankaranın Rusiya səfirinə irəli sürülən təkliflər Moskva tərəfindən şərtli qəbul edib:
“Rusiya Suriya münaqişəsinin həllində Türkiyə ilə konstruktiv əməkdaşlığın davam etdirilməsinin tərəfdarıdır. Ancaq Ən-Nusra Cəbhəsi kimi terror qruplaşmaları ilə mübarizədən də geri çəkilməyəcəyik. Bu fikirlər İran və Türkiyə səfirlərinə çatdırılıb. Biz Suriyada ancaq terrorçuları vururuq. Bu sözlər Əsəd rejiminə də aiddir. Əsas hədəfimiz Ən-Nusranın məhv edilməsidir”.
Qeyd edək ki, Türkiyə İdlib hücumuna görə məsuliyyəti Rusiya və İranın üzərinə atır. Dünən Rusiya Müdafiə Nazirliyi məsələ ilə bağlı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına və Milli İstihbarat Təşkilatına məktub göndərib. Məktubda Türkiyənin Suriyadakı öhdəlikləri xatırladılıb:
“Rusiyanın Suriyadakı Xmeymim hərbi hava bazasına hücumlar İdlibdən – müxaliflərin nəzarətində olan təhlükəsizlik zonasından edilib. Ankaranın bütün hücumların qarşısını almaq üçün İdlibdəki silahlı birləşmələr tərəfindən atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək kimi öhdəliyi var və Türkiyə bu öhdəliyə sadiq qalmalıdır”.