Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bütün təmas xətti boyu şiddətli atışmaların getdiyi, ordumuzun Tərtər-Ağdam istiqamətində azı 13 şəhid verdiyi bir vaxtda bir qrup azərbaycanlı gənc Gürcüstanda ermənilərlə ortaq müsabiqədə iştirak edirmiş.
Virtualaz.org saytı xəbər verir ki, Gürcüstanın Azərbaycan və Ermənistanla sərhəd Təkəli kəndində avqustun 2-də üç ölkə QHT-lərinin ortaq layihəsi çərçivəsində ilk “Tekali Mic” nitq müsabiqəsi keçirilib.
Müsabiqədə Azərbaycan və Ermənistandan olan 24 iştirakçı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair öz baxışlarını təqdim ediblər.
Xəbərdə bildirilir ki, müsabiqədə iştirak edən gənclər tamaşaçı zalı qarşısında Dağlıq Qarabağ mövzusunda 3 dəqiqəlik nitqlərlə çıxış ediblər. Festivalda 120 qonaq iştirak edib. Təkəli nitq müsabiqəsi gürcü politoloq Giorgi Xutsişvilinin xatirəsinə həsr olunub.
Layihənin təşkilatçılarından biri Luqiza Poqosyandır. O deyir ki, bu, bəzi gənclər üçün publika qarşısında ilk nitq idi.
“Biz Təkəli prosesinə nəsə yenilik qatmaq istədik. Adətən yaşlılar danışır, gənclər susur. İndi isə əksinədir, biz gənclərə söz verdik və yaşlılar onları dinləməli oldu” - L.Poqosyan bildirib.
L.Poqosyan deyib ki, müsabiqədə tamaşaçı simpatiyasına görə Sevak Kirakosyan, Arpine Cavadyan və Elşad Yusif priz qazanıblar.
Layihənin digər təşkilatçısı Zərdüşt Əlizadə isə deyib ki, Təkəlidə nitq müsabiqəsi ilə yanaşı azərbaycanlı-erməni gənclərinin üç günlük yay düşərgəsi keçirilir.
“Axı bu, təkcə şənlənmək deyil, bu gənc insanlar mühüm işlərlə məşğuldur. Belə bir vaxtda biz ona görə toplaşmışıq ki, onların arasında etimad yaradaq. Etimad isə o vaxt yaranır ki, insanlar bir yerdə işləyir, indi olduğu kimi birlikdə çadır qurur, səhnə quraşdırır, səsi nizamlayır. Birgə iş təcrbəsi kömək etməlidir” - deyə Z.Əlizadə bildirib.
Azərbaycandan olan insan haqları müdafiəçisi, “Həmrəylik” gənclər təşkilatının təmsilçisi və müsabiqə iştirakçısı Nicat İmran isə deyib ki, o, Təkəliyə ikinci dəfədir gəlir.
“Bu layihə mənim ürəyimcədir. Erməni və azərbaycan tərəfi burada ilk dəfə görüşür, çoxları tanış olur. Birlikdə mahnı oxuyuruq, çaya gəzintiyə gedirik. Əgər biz bu bir neçə günü sülh içində keçirə biliriksə, bu, çox mühümdür” - deyə N.İmran bildirir.
N.İmran əlavə edib ki, Gürcüstanda azərbaycanlılar və ermənilər “dostluq içində” yaşayır: “O zaman nəyə görə onlar Ermənistanda və Azərbaycanda dostluq içində yaşamasınlar? Bizim bir-birimizə qarşı döyüşməyə ehtiyacımız yoxdur”.
İştirakçının dediyinə görə, Azərbaycan “demokratik ölkə” deyil, ancaq diktatura da deyil: “Bizdən Təkəliyə gəlmək istəyənlərə heç bir problem yaradılmadı. Axı biz burada ölkələrimizin marağı üçün görüşürük”.
Bu toplantıda Azərbaycandan başqa kimlərin iştirak etdiyi haqda ətraflı məlumatlar hələ yoxdur. Ancaq bir neçə gün əvvəl yazar Seymur Baycan da Gürcüstana gedərkən sərhəddə saxlanıldığı barədə məlumat yaymışdı. Bildirirdi ki, onu Gürcüstana konfransa gedərkən saxlayıb sorğu-sual ediblər. Mümkündür ki, S.Baycan da bu toplantıya gedirmiş.
Gürcüstanın Təkəli gəndində azərbaycanlı gənclərin ermənilərlə birlikdə çadır qurub qrant pulları hesabına əyləndiyi, birlikdə mahnı oxuyub çay sahilində dostluq nəğmələri söylədiyi bir vaxtda Azərbaycan ordusu cəbhədə ağır itkilər verir, 18-19 yaşlı əsgərlərimiz düşmən ordusunun güllələrindən şəhid olurdu. Bəs belə bir vaxtda layihənin azərbaycanlı təşkilatçıları, o cümlədən politoloq Zərdüşt Əlizadə nədən bu layihədə iştiraklarını heç olmasa təxirə salmayıblar? Ordumuzun cəbhədə çoxsaylı şəhidlər verdiyi bir vaxtda ermənilərlə Təkəli kəndində yeyib-içib əylənən, dostluq mahnıları oxuyan “vətəndaş cəmiyyəti təmsilçiləri” heç xəcalət çəkibmi?
Bu biabırçı toplantıda iştirak edənlər deyə bilərlər ki, onların tədbiri cəbhədəki qanlı döyüşlərdən əvvəl planlaşdırılmışdı. Ancaq cəbhədən çoxsaylı itki xəbərləri gələndə doğrudanmı onlar ermənilərlə rahatca əylənə və yeyib-içə bilirdilər? Bu “xalq diplomatiyası qəhrəmanlarının” arasında tədbiri təxirə salıb ölkəyə dönməyi təklif edən heç tapılmadımı?