12 Yanvar 2018 09:15
2 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Suriyada kürd kartı ilə oynayır və Türkiyənin bu ölkənin sərhədlərinə daxil olmasını istəmir.

Bunu Teleqraf.com-a açqılamasında Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eskperti, politoloq Turan Rzayev bildirib.

O qeyd edib ki, Türkiyə Afrin və İdlibə suriyalıları yerləşdirməyə başlayıb:

“Türkiyə bununla bölgəni nüfuz dairəsi altına almağa çalışır. ABŞ təbii ki, bunu özünə təhdid kimi görür. Çünki ABŞ-ın özünün bölgədə maraqları var. Birləşmiş Ştatlar xüsusilə, bu ərazidəki neft yataqlarının öz nəzarətində olmasını istəyir. Ancaq Türkiyə ərazidən geri çəkilmək istəmir”.

Suriya rejiminin başçısı Bəşər Əsədlə PKK terror təşkilatı arasında əlaqələrin olduğunu istisna etməyən T.Rzayev deyib:

“Bəşər Əsəd başa düşür ki, nə Rusiya, nə də İran artıq onu dəstəkləmək istəmir. Əsəd bu iki dövlət üçün bir növ yük halına gəlib. Buna görə də Əsəd bölgədə yeni müttəfiqlər axtarışına çıxıb. Bu da hal-hazırda bölgədə müəyyən nüfuza malik olan kürdlərdir. Bəli, PKK hazırda Əsədlə müəyyən əlaqələr yaradır. Çünki Türkiyə PKK-nı özünə başlıca təhdid kimi görür. PKK-nın güclənməsi Türkiyənin daxili sabitliyi üçün problemdir. Türkiyə hazırda kürd problemi ilə bağlı ölkə xaricində siyasət aparmaq istədiyi, buna daha böyük önəm verdiyi üçün daxili problemlərlə məşğul olmaq istəmir. Əsəd də məhz bu faktordan istifadə etməyə, Türkiyənin başını PKK problemi ilə öz ərazisində qatmağa çalışır. Bununla da Türkiyənin Suriya ərazilərindən geri çəkilməsinə nail olmağa çalışır”.

Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin (Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Oman) Türkiyə əleyhinə B.Əsədlə əməkdaşlıq etməsinə gəldikdə isə T.Rzayev qeyd edib ki, başda Səudiyyə Ərəbistanı olmaqla şuraya üzv ölkələr ABŞ-ın təsiri altındadır və Vaşinqtonun sözü ilə hərəkət edirlər:

“Əgər ABŞ bu ölkələrə Suriya rejimi ilə yaxınlaşmaq lazım olduğunu desə, hər bir ölkə Birləşmiş Ştatların maraqları çərçivəsində hərəkət edəcək. Çünki onlar başa düşürlər ki, bu regionda ABŞ-ın siyasətinin əleyhinə gedən hər bir dövlət ya daxili problemlə üzləşir, ya da hakimiyyət dəyişikliyinə məruz qalırlar. Bunu isə nə Səudiyyə Ərəbistanı, nə də şuraya üzv digər bir ölkə istəyər”.

Qeyd edək ki, Türkiyənin “Yeni Şəfəq” qəzeti Astana danışıqlarında İran və Rusiyanın Afrin məsələsində Ankaraya dəstək verdiyini yazıb. Yazıda bildirilir ki, Əsədlə PKK arasında gizli ittifaq var. Onlar İdlib hücumları ilə Afrindən diqqəti yayındırmaq və Türkiyəni pis vəziyyətə salmaq istəyirlər. Bu işdə Əsədə Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr də yardım edir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər