Suriyada terror təşkilatı PYD və PKK-nın işğalı altında olan Afrin bölgəsinə daxil olan Azad Suriya Ordusu PYD istiqamətində geniş çaplı əməliyyatlara start verib.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Zeytun Budağı Hərəkatı çərçivəsində Türk Silahlı Qüvvələrindən dəstək alan Azad Suriya Ordusu Afrin ərazisinə daxil olaraq irəliləməyə başlayıb. Bununla da faktiki olaraq quru əməliyyatlarına start verilib.
Xatırladaq ki, Türkiyənin Afrin əməliyyatı dünən axşam saatlarında başlayıb. Türk Silahlı Qüvvələri Afrin və onun ətrafında olan 113 terror nöqtəsini vuracağını elan edib. Artıq bu nöqtələrdən 108-i vurulub.
Qeyd edək ki, Bəşər Əsəd 2012-ci ildə bu əraziləri PKK/PYD-yə verib. Bundan sonra PYD Suriya daxili müharibəsində əsas baza olaraq Afrindən istifadə edib. Coğrafi baxımdan Kilisin mərkəzi və Hatayın əhəmiyyətli hissəsi Afrində yuva salan terror təşkilatının atəşi altında qalır.
Bundan başqa, PKK/PYD terror təşkilatı uzun illərdir ki, Amons dağlarından Suriyadan Türkiyəyə sızmaq məqsədilə istifadə edir. Həmçinin PYD Suriyanın şimal qərbindən Aralıq dənizinə çıxmaq üçün Afrini vacib ərazi hesab edir.
Eyni zamanda PYD Afrin üzərindən İdlibdə qurulan təhlükəsizlik bölgəsini də təhdid edir.
Hazırda Suriya ərazilərinin dörddə biri, Türkiyə-Suriya sərhədinin isə 65 faizi PYD-nin nəzarətindədir.