“Zeytun budağı” əməliyyatı olduqca diqqətlə hazırlanıb və bu səbəbdən onun gedişi zamanı uğurlu nəticələr əldə edildi.
Bunu Suriyanın Afrin bölgəsində Türkiyənin həyata keçirdiyi “Zeytun budağı” əməliyyatının gedişini Teleqraf.com-a şərh edən politoloq Qabil Hüseynli deyib.
O əlavə edib ki, Türkiyə Hərbi Hava Qüvvələri pilotlarının səmada nümayiş etdirdikləri ustalıqlar, döyüş hazırlığının səviyyəsi hərb tarixinə töhfə verə biləcək dərəcədədir:
“72 hərbi təyyarə eyni anda kiçik bir hava məkanında çox mürəkkəb hərbi tapşırıqları heç zaman yerinə yetirməyib. Bunu ilk dəfə türk hərbi təyyarələrinin pilotları etdi. Bu zaman heç bir itkiyə məruz qalmadılar. Tankçılar, xüsusi təyinatlılar da kifayət qədər fədakarlıqla döyüşdülər. Minimum itki ilə 100-ə yaxın kənd terrorçulardan təmizləndi. Terrorçulardan 269 nəfər öldürüldü. Xeyli sayda terrorçu əsir götürüldü, onlar Hatay bölgəsinə gətirilərək məhkəmə önünə çıxarılacaq, bəziləri barələrində araşdırma aparmaq üçün İstanbula aparılacaqlar. Belə demək mümkünsə, heç kimin gözləmədiyi şəkildə Türkiyə Suriya Azadlıq Ordusu ilə birlikdə ildırımsürətli Afrin əməliyyatını həyata keçirdi və artıq əsas əməliyyatları başa çatdırmaq üzrədir”.
ABŞ Prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Afrin əməliyyatına dair telefon danışığı aparmasını da şərh edən politoloq bunu müsbət addım kimi qiymətləndirdiyini vurğulayıb:
“Bundan əvvəl də Reks Tillersonla Mövlud Çavuşoğlu danışmışdı. Tillerson daha əvvəl bir neçə dəfə üzrxahlıq mahiyyəti daşıyan ifadələrində Ankaranın doğru hərəkət etdiyini və Türkiyə qarşısında borclu olduqlarını və o borcu ödəməyin vacibliyini bəyan etdi. İki prezident arasındakı telefon danışığı da sözsüz ki, mülayim atmosferdə keçib. Düzdür, ABŞ tərəfi Afrin əməliyyatının dayandırılmasını istəyir və bunu tezliklə yekunlaşdırmağa çağırır. Ancaq Ərdoğan nə qədər lazım olacaqsa, o qədər də Afrində qalacaqlarını bildirir. Zənnimcə, Türkiyə Silahlı Qüvvələri Afrindən çıxsa da, Suriya Azadlıq Ordusu tutduqları kəndlərdə, eləcə də Afrinin özündə məskunlaşacaq və Türkiyənin himayəsi altında tutduqları mövqeləri qoruyub saxlayacaqlar”.
Menbiç əməliyyatının da keçirilib-keçirilməyəcəyinə dair sualımızı cavablandıran Q.Hüseynli bildirib ki, Türkiyə Menbiçdə vaxtilə əməliyyat keçirmiş və oranı təmizləmişdi:
“Sonradan yol verdikləri səhvlər nəticəsində ora yenidən kürd silahlılarının əlinə keçdi. Amma indi belə görünür ki, Menbiç də Afrin qədər Türkiyə üçün təhlükəli bölgəyə çevrilib. Burada YPG-nin PKK ilə birgə dəstələri peyda olmağa və Türkiyəni təhdid edən fikirlər səsləndirməyə başlayıblar. Menbiç də Türkiyənin düz yaxınlığında yerləşir və buradan hər an Türkiyəyə terrorçu dəstələrin sızması mümkün ola bilər. Bu baxımdan Menbiç əməliyyatı baş tutarsa, mən buna zərrə qədər də təəccüblənmərəm”.