"Türkiyə Suriyada terrorizmə qarşı mübarizə məqsədilə hərbi əməliyyata başlayıb".
Teleqraf.com xəbər verir ki, bunu Avropa Şurası Parlament Assamleyasının (AŞPA) vitse-prezidenti, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu gün AŞPA-nın qış sessiyasında “Türkiyənin Suriyaya hərbi müdaxiləsi” mövzusunda keçirilən müzakirələrdə deyib.
Onun sözlərinə görə, Türkiyə beynəlxalq aləm üçün təhlükəli olan terrorçu qruplaşmalara qarşı mübarizə aparırır: "Əgər hansısa dövlət insanların rahat yaşaya bilməsi naminə çalışırsa, biz işğal deyil, yalnız hərbi əməliyyat adlandırmalıyıq. Türkiyə beynəlxalq aləmin diqqətini bu məsələyə cəlb etməyə cəhd göstərib. Türkiyə heç bir dövlətin torpaqlarını işğal etmək niyyəti olmadığını bəyan edib. Bu gün biz Türkiyəni insanların təhlükəsizliyi naminə terrorçu təşkilatlara qarşı mübarizə sahəsində göstərdiyi səylərini dəstəkləməliyik".