26 Yanvar 2018 09:30
1 911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşünü çox pozitiv adlandırmaq mümkündür. Mən bu görüşün baş tutmasından olduqca məmnunam.

Bunu Teleqraf.com-a açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin direktoru, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut bildirib.

O qeyd edib ki, bu, iki ölkə liderinin Davosda – Dünya İqtisadi Forumu çərçivəsində keçirdikləri ilk görüş deyil:

“Liderlər forum çərçivəsində indiyədək 3-4 dəfə görüşüblər. Bu görüşlərin çox böyük əhəmiyyəti var və inanıram ki, sonuncu görüş də istisnalıq təşkil etməyəcək. Bilirsiniz ki, 2016-cı ilin dekabrın 13-də İsrailin Baş naziri Azərbaycana tarixi səfər etdi. Bu səfər İsrail-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olduğunu bir daha sübut etdi. Hazırda İsrail-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır. İsrail Azərbaycana həmişə böyük diqqətlə yanaşıb və isti münasibət bəsləyib. İsrail Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını dəfələrlə birmənalı şəkildə bəyan edib. Bundan başqa, İsrail dünyada Azərbaycan neftinin əsas alıcılarından biridir”.

A.Qut qeyd edib ki, çoxşaxəli münasibətlərimizin mühüm bir qolunu İsrail-Azərbaycan hərbi-siyasi əlaqələri təşkil edir:

“Bu da həm Azərbaycan, həm də İsrail üçün çox önəmlidir. 2016-cı ilin Aprel döyüşləri zamanı İsrail hansı tərəfin yanında olduğunu açıq-aşkar nümayiş etdirdi. Azərbaycan Ordusu İsrailin texnoloji imkanlarından istifadə edərək işğal altındakı torpaqlarının bir hissəsini azad etdi”.

Ekspert əlavə edib ki, öz növbəsində Azərbaycan İsrailin kənd təsərrüfatı, hərbi sənaye, telekommunikasiya sahələri üzrə müasir, yüksək texnologiyalarına ehtiyac duyur:

“Bu siyahını uzatmaq da mümkündür. Eyni zamanda iki ölkə təhsil, humanitar və mədəni layihələr həyata keçirirlər”.

A.Qut daha sonra deyib:

“Bir daha qeyd etmək istəyirəm ki, bu görüşün çox böyük əhəmiyyəti var və bu əhəmiyyəti nəzərə alan həm Azərbaycan Prezidenti, həm də İsrailin Baş naziri Davosda belə bir görüşün keçirilməsinə qərar veriblər. Düşünürəm ki, bu görüş İsrail-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək”.

Qeyd edək ki, yanvarın 24-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin və Baş nazir Benyamin Netanyahunun görüşü olub. Görüşdə B.Netanyahunun Azərbaycana səfəri məmnunluqla xatırlanıb, səfərin nəticələrinin Azərbaycan-İsrail əlaqələrinin inkişafına yeni təkan verdiyi qeyd olunub.

Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edilib, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər