Dünya praktikasına baxdıqda vaxtaşırı ölkə liderlərinin telefon danışıqlarından sonra bu cür anlaşılmazlıqların yaşandığını görə bilərik.
Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, siyasi analitik Nazim Cəfərsoy deyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığından sonra yaranmış xoşagəlməz vəziyyəti, Türkiyə tərəfinin Ağ Evin yaydığı açıqlamada telefon danışığı zamanı toxunulmayan məsələlərdən bəhs edilməsini bəyan etməsini şərh edən N.Cəfərsoy bu cür halların xüsusən, Türkiyə-Amerika münasibətlərdində tez-tez yaşandığını vurğulayıb:
“İstər iki ölkənin xarici işlər nazirləri, istərsə də müdafiə nazirləri arasındakı müzakirələrdə belə hallar tez-tez baş verir. Xüsusən, Suriya, PYD-yə dəstək və FETÖ məsələsində bu cür vəziyyət yaşanır. Ərdoğanla Tramp arasında baş tutan telefon danışığından sonra yaşananlar da həmin hadisələrdən biridir. Məsələyə bu cür yanaşmaq lazımdır. Bunun da 2 səbəbi var. Birincisi, ABŞ hakimiyyəti daxilindəki ziddiyyətlərdir. Ağ Evin açıqlamaları real vəziyyətlə çox zaman üst-üstə düşmür, hətta, onunla ziddiyyət təşkil edir. Biz bunu PYD hadisəsində gördük. PYD hadisəsində Pentaqon, Dövlət Departamenti və Ağ Evdən verilən açıqlamalarda çox ciddi ziddiyyətlər var idi. Türkiyə tərəfi bu ziddiyyətləri tez-tez vurğulayırdı. Söhbət Suriyanın şimal sərhədləri yaxınlığında 30 minlik ordunun yaradılmasına dair açıqlamadan, sonradan bu açıqlamanın inkar edilməsindən gedir. Bu baxımdan amerikalıların yaydığı açıqlamada ziddiyyət tozu daha çox, inandırıcılıq daha azdır. Yəni, amerikalıların verdiyi açıqlamanın etibarlılığına mən daha çox şübhə edirəm”.
N.Cəfərsoy əlavə edib ki, Ağ Ev, Pentaqon və Dövlət Departamenti arasında ziddiyyətlər həm bu qurumların yanaşmalarından, həm də bu qurumlardakı Trampın lehinə və əleyhinə olan fərdlərin mübarizəsindən irəli gəlir:
“Onlar arasındakı çaxnaşmalar, ziddiyyətlər mətbuata açıqlmalarda da özünü göstərir. Dolayısıyla bu proses ümumi şəkildə Türkiyə-Amerika münasibətlərinə də təsir edir. Aşağılarda baş verən hadisələr Ağ Evin mövqeyini dəqiqləşdirməsində də problemlər yaradır və nəticədə zaman-zaman ziddiyətlər yaranır”.
Ekspert bildirib ki, ikinci səbəb Türkiyənin son vaxtlar ABŞ-ın Yaxın Şərq siyasətində Vaşinqtona problemlər yaratması ilə bağlıdır:
“Son vaxtlar ABŞ-ın Yaxşın Şərq siyasətində ciddi məğlubiyyətləri var. Suriya və digər məsələlərdə bir-birinin ardınca çox ciddi problemlər yaşayır. Xüsusən, Tramp hakimiyyəti çox ciddi təşəbbüsü əldən verib. Özünün müttəfiqlərini ya itirib, ya da itirmə prosesindədir. Bu da ABŞ-ın Türkiyə ilə münasibətlərinə, Suriya, ümumiyyətlə Orta Şərqə yönəlik siyasətinə çox mənfi təsir edir. Onlar da ikibaşlı danışmaq məcburiyyətində qalırlar. Bağlı qapılar arxasında fərqli müzakirələr olur, fərqli açıqlamalar səsləndirilir, ancaq bunun ictimai rəyə açıqlanması bir qədər başqa cür olur. Türkiyə ilə ikitərəfli müzakirələrdə fərqli sözlər deyirlər, amma bunun mətbuata açıqlanması ABŞ-ın bölgədəki digər müttəfiqləri ilə əlaqələrini zəiflədəcəyi üçün başqa məzmunda açıqlama verirlər. Yaxud, daha az, daha radikal nəsnələr danışırlar”.
Politoloq onu da bildirib ki, Ərdoğanla Trampın telefon danışığına dair Ağ Evin yaydığı açıqlamada Dövlət Departamentinin dəst-xətti hiss olunur:
“Onlar deyiblər ki, ABŞ Prezidenti Türkiyənin Suriyadakı əməliyyatından narahatlığını bildirməsə və gərginliyin azaldımasına çağırış etməsə də, bu məqamı açıqlamada mütləq qeyd etməliyik. Diplomatik açıqlama olduğu üçün yəqin ki, Ağ Ev bunu Dövlət Departamenti ilə razılaşdırır və ya onların fikrini öyrənir. ABŞ yaydığı açıqlama ilə özünü diktə edən, yaxud təşəbbüsü əlində saxlayan tərəf kimi göstərməyə çalışır. Bunun da Dövlət Departamentinin təsiri ilə edildiyini düşünmək mümkündür”.