27 Yanvar 2018 09:37
3 366
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Baş Assambleyasının 42-ci sessiyasının 2005-ci il noyabrın 1-də qəbul etdiyi qətnaməyə əsasən, hər il yanvarın 27-si Holokost qurbanlarının Beynəlxalq Anım Günü (International Holocaust Remembrance Day) qeyd edilir.

Teleqraf.com xəbər verir ki, sənədin qəbul edilməsinin təşəbbüskarları kimi İsrail Dövləti, Kanada, Avstraliya, Rusiya, Ukrayna və ABŞ, həmmüəllif kimi isə 90-dan çox ölkə çıxış edib.

Anım günü üçün yanvarın 27-i təsadüfi seçilməyib. Belə ki, məhz 1945-ci ilin yanvar ayının 27-də sovet ordusu Polşa ərazində yerləşən Osvensim-Birkenau ölüm düşərgəsini azad edib. Müxtəlif dəyərləndirmələrə görə, bu düşərgədə 1,5 milyondan 4 milyona yaxın insan qətlə yetirilib. Osvensimdə ölənlərin dəqiq sayı müəyyən edilməyib, belə ki, sənədlərin çoxu məhv edilib. İkinci Dünya müharibəsi başa çatdıqdan sonra nasist hərbi caniləri üzərində qurulan Nürnberq tribunalının (oktyabr 1945-noyabr 1946) sənədlərinə görə, bu düşərgədə 2,8 milyon adam öldürülüb, onlardan 90 faizi yəhudi idi.

“Holokost” (Holocaust) sözünün etimologiyasına gəldikdə isə bu söz qədim yunan dilindəki “holocaustosis” sözündəndir, mənası “yandırma”, “odla məhvetmə”, “qurbanvermə” mənasını verir. Müasir elmi ədəbiyyatda və publisistikada nasist Almaniyasının, onun müttəfiqlərinin 1933-1945-ci illərdə 6 milyon yəhudinin təqibi və məhv edilməsi siyasətini ifadə edir. Termin ilk dəfə Nobel Sülh Mükafatının gələcək laureatı, yazıçı Eli Vizel tərəfindən ölüm düşərgələrindəki qaz kameralarının və krematoriyaların simvolu kimi istifadə edilib.

Bu günlə bağlı söhbətləşdiyimiz Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin direktoru, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut bildirib ki, Holokost yəhudi xalqının yaddaşından silinməyən dəhşətli faciədir:

“Bu, vəhşiləşmiş və azğınlaşmış faşist rejimi tərəfindən yəhudi xalqının alçaldılması, kütləvi surətdə məhv edilməsidir. Mən bu barədə ilk dəfə həmin qırğında bütün ailəsini və qohumlarını itirmiş babamdan eşitmişəm. O, sovet ordusu sıralarında Kiyevdən Berlinə qədər döyüş yolu keçib. Avropa yəhudilərinin faciəsi olan Holokost nəticəsində 6 milyon yəhudi məhv edilib. İkinci Dünya müharibəsinin sonunda nasistlər hətta ölüm düşərgələrinin izlərini yox ediblər, sovet ordusunun gəldiyi ərəfədə artıq basdırılmış insan qalıqlarının çıxarılması və ya məhv edilməsi haqqında şəhadətlər var”.

A.Qutun sözlərinə görə, Yerusəlimdə “Yad va-Şem” Milli Memorial Faciə və Qəhrəmanlıq Muzeyində təxminən 4 milyon faciə qurbanının şəxsi sənədləri saxlanılır. O deyib:

“Məlumatların yarımçıq olması onunla bağlıdır ki, yəhudi icmalarını çox vaxt tamamilə məhv edirdilər. Öldürülənlərin adlarını deyə biləcək qohum, tanış, dost qalmırdı. Müharibə insanları pərən-pərən salmışdı və sağ qalanlar yaxınları ilə görüşəcəklərinə ümid edərək onlar haqqında həyatlarını itirmiş kimi danışmaqdan çəkinirdilər. Qurbanlar sırasında nəyə görə məhz yəhudiləri göstərmək lazımdır – axı nasistlər bir çox xalqın nümayəndələrini də öldürüblər?! Bu barədə Nobel mükafatı laureatı, Osvensim nasist həbs düşərgəsinin dustağı Eli Vizel çox dəqiq deyib: “Qurbanların hamısı yəhudi deyildi, lakin bütün yəhudilər nasistlərin qurbanı olublar”.

Eli Vizelin “Gecə” – Osvensim haqqında yəhudi oğlanın xatirələri kitabından sitat gətirmək istəyirəm: “Bütün həyatımı silinməz möhürlə uzun bir gecəyə çevirən ilk düşərgə gecəsini heç vaxt unutmaram. Bu tüstünü heç vaxt unutmaram… Vücudları gözlərimin qabağında aydın səma altında tüstü burulğanına çevrilən uşaqların simasını heç vaxt unutmaram. İnamımı külə çevirən bu alovu heç vaxt unutmaram. Mənim iradəmi qıran bu gecənin sakitliyini heç vaxt unutmaram. Hətta əbədi yaşamağa məhkum olsam belə, bunu unutmaram”.

İsrail eksperti qeyd edib ki, yəhudilərin kütləvi qırğını Almaniya bürokratiyası tərəfindən “yəhudi məsələsinin birdəfəlik həlli” tam məxfi qrifi altında şifrələnmişdi. Avropa yəhudiləri gettoda, həbs düşərgələrində, “ölüm marşı” zamanı və kütləvi güllələnmə nəticəsində qırılırdılar.

A.Qut “nə üçün minlərlə insanın kütləvi qırğını və öldürülməsi XX əsrin sonu və XXI əsrin əvvəlində bütün problemləri özünə çəkərək toqquşmaların, o cümlədən dini, mənəvi, siyasi qarşıdurmaların əsasında durur”, - deyə sual edib:

“Holokost mənim xalqımın faciəsidir, uzun müddət yasaq mövzu olmuş faciədir. Məhz buna görə də azərbaycanlılara qarşı törədilmiş qanlı Xocalı soyqırımı da mənim şəxsi ağrım və şəxsi faciəmdir. Elə coğrafi adlar var ki, xəritədəki nöqtədən olduqca böyük məna kəsb edir. Bu, qəddarlığın və vəhşiliyin rəmzinə çevrilən Babi Yar, Liditse, Oradur, Xatın, Sonqmi kimi kənd və şəhərlərdir. Keçən əsrin 90-cı illərinin sonunda bu siyahıya Azərbaycanın Xocalı şəhəri də əlavə edildi. Bu faciə bütün bəşəriyyətə qarşı törədilən cinayətdir. Artıq bu bir tarixi faktdır ki, erməni silahlı qüvvələri və dəstələri şəhəri və onun ətrafını tərk etməyə macal tapmayan heç bir Xocalı sakininə aman verməyiblər. Erməni silahlı birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər öldürülüb, 487 nəfər əlil olub, 1275 dinc sakin, o cümlədən qocalar, uşaqlar, qadınlar əsir götürülüb, görünməmiş əzablara, təhqirlərə və alçaltmalara məruz qalıblar. Xocalı şəhərinin mülki əhalisinin qəsdən, kütləvi məhv edilməsinin yeganə səbəbi bu idi ki, onların hamısı azərbaycanlılar idi. Mənə deyin görək, XXI əsrin erməni faşistləri XX əsrin 40-cı illərinin alman faşistlərindən nə ilə fərqlənir?

Günahsız uşaqlara, qadınlara və qocalara qarşı törədilən bu vəhşiliyi heç nə ilə izah etmək olmaz. Dünya bilməlidir ki, cinayət təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlib. Serj Sərkisyan, onun keçmiş müdafiə naziri Seyran Ohanyan, sabiq prezident Robert Köçəryan və başqaları Xocalı soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır. Bu faktdır ki, Ermənistanda Dro və Njdeyə böyük pərəstiş yaranıb. Onların şərəfinə xatirə sikkələri zərb edilir, bədii və sənədli filmlər çəkilir, Ermənistan paytaxtında isə Qaregin Njdenin adını daşıyan meydan var. 2016-cı ilin mayında isə İrəvanın mərkəzində Hitlerin sovet məhkəməsi tərəfindən məhkum edilmiş əlaltısının heykəli açılıb. Bu pərəstiş hər hansı kənar siyasi qruplaşmaların qüvvəsi ilə həyata keçirilmir, bunun arxasında dövlət durur. İş o yerə çatıb ki, Ermənistanda KTMT Akademiyası yaradıldıqdan sonra Ermənistan Müdafiə Nazirliyinin Drastamat Kanayan adına Milli Strateji Tədqiqatlar İnstitutu yeni qurumla əməkdaşlıq etmək istədiyini bildirib. Düşünürəm, Ermənistan Müdafiə Nazirliyi yanında Milli Strateji Tədqiqatlar İnstitutuna 30 mindən çox yəhudini qırmış bir faşistin və antisemitin adının verilməsi artıq son həddir”.

A.Qut daha sonra deyib ki, bu gün biz Holokost qurbanlarının xatirəsini ananda, nasizmi məğlub edən müttəfiq dövlətləri və həyatı bahasına başqalarını xilas edən insanları da xatırlayırıq:

“Biz antisemitizmin dirçəlişi hallarına ötəri yanaşmamalı və onun yeni formalarına qarşı fəaliyyət göstərməyə hazır olmalıyıq. Bu öhdəliyi biz təkcə yəhudi xalqı deyil, oxşar taleyi yaşamaq təhlükəsi ilə üzləşən digər xalqların qarşısında da daşıyırıq. Bu gün dünya ictimaiyyəti Holokostu xatırlayır, lakin ən dəhşətli hadisələr digər ölkələrə tolerantlıq dərsi keçən, özündə isə antisemitizmin və ksenofobiyanın tüğyan etdiyi Avropada törədilir. Bəzi ölkələrdə isə Holokost haqqında karikatura müsabiqələri keçirilir. Təəssüf ki, onların hər birinin nifrət və siyasi mənafe ilə dolu öz aləmi var. Lakin biz müstəqil və dünyəvi dövlət olan, multikulturalizmin hər kəsin həyat tərzi olduğu Azərbaycanda bu zalım dünyaya bir daha sübut edirik ki, Avropa yəhudiliyinin kədəri və faciəsi təkcə yəhudi xalqının kədəri deyil, həm də Azərbaycan xalqının kədəridir. Çünki yəhudilər Azərbaycan ərazisində bu gün deyil, qədim zamanlardan yaşayır və özlərini heç vaxt əcnəbi kimi hiss etməyiblər, onlara burada yad münasibət bəslənməyib. Qürur hissi ilə demək istəyirəm ki, Avropanın sivilizasiyalı adlandırılan bir çox ölkə və xalqlarından fərqli olaraq nə azərbaycanlılar yəhudilərə, nə də yəhudilər azərbaycanlılara heç vaxt xəyanət etməyiblər”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər