2017-ci ildə prokurorluq orqanlarında kadr siyasətinin həyata keçirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilib, kadrların şəffaf və obyektiv meyarlar əsasında seçilib yerləşdirilməsi və vəzifədə irəli çəkilməsi, kadr korpusunun müsabiqə yolu ilə dərin biliyə malik yüksək ixtisaslı gənc hüquqşünaslar hesabına mütəmadi komplektləşdirilməsi üçün zəruri tədbirlər görülüb.
Teleqraf.com xəbər verir ki, Baş prokuror Zakir Qaralov Baş Prokurorluqda keçirilən kollegiya iclasında belə deyib.
O, qeyd edib ki, hesabat dövründə xidməti fəaliyyətlərində müsbət iş göstəricilərinə nail olmaqla təşkilatçılıq bacarığı nümayiş etdirmiş 9 nəfərin ilk dəfə müstəqil rayon prokurorları vəzifələrinə təyin edildiyi, 107 prokurorluq işçisinin yuxarı təsnifatlar üzrə müxtəlif vəzifələrə irəli çəkildiyi, ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq 2002-ci ildən başlayaraq keçirilən 17 müsabiqə üzrə prokurorluğa qulluğa qəbul edilmiş 780 gənc hüquqşunasın sayının prokurorluğun kadr tərkibinin 66 faizini təşkil etməsi, eləcə də 60 ştat vahidi üzrə elan edilmiş növbəti qəbul üzrə cari il ərzində vakant vəzifələrə təyinatların aparılacağı prokurorluq orqanlarında həyata keçirilən kadr islahatlarının uğurlu nəticələri kimi dəyərləndirilib.
Qeyd edilib ki, ciddi tələbkarlıq və prinsipiallıq şəraitinin yaradılmasına baxmayaraq, hesabat dövründə aparılmış xidməti yoxlamalar nəticəsində 37 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 26 nəfərə töhmət və şiddətli töhmət elan edilib, 1 nəfər aşağı vəzifəyə keçirilib, 7 nəfər vəzifədən azad edilib, 3 nəfər isə prokurorluq orqanlarından xaric olunub.
Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorlardan möhkəm nizam-intizam yaradılması məsələlərində prinsipiallığın artırılması tələb edilib.
Zakir Qaralovun sözünün davamında deyib: "Peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş, ağır və xüsusilə ağır, quldurluq, soyğunçuluq, oğurluq və dələduzluq cinayətlərinin açılma faizləri yaxşılaşmış, keçmiş illərdən bağlı qalmış 418 cinayətin açılması təmin olunub".
O, qeyd edib ki, 2017-ci ildə istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin daha səmərəli təşkili üçün görülən işlər müsbət nəticələrini verib, istintaq fəaliyyətini həyata keçirən Prokurorluq, Daxili İşlər, Ədliyyə, Vergilər, Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən 12960 şəxs barəsində 10931 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşları tərəfindən bir sıra xüsusilə ağır və ağır cinayətlərin, habelə böyük ictimai rezonans doğuran hadisələrin yüksək peşəkarlıq səviyyəsində istintaq olunması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilmələri təmin olunub. Buna misal olaraq, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirilyinin ayrı-ayrı vəzifəli şəxslərinin dövlət büdcə vəsaitlərinin mənimsənilməsi, sahibkarlıq fəaliyyəti subyektləri və digər şəxslərə qarşı törədilmiş qanunsuz azadlıqdan məhrum etmə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə, rüşvət alma, vəzifədən sui-istifadə etmə və sair qanunsuz əməlləri, həmçinin Bakı şəhəri, Nardaran qəsəbəsində hakimiyyət nümayəndələrinə qarşı silahlı müqavimət göstərilməklə onların qəsdən öldürülməsi, terrorçuluq və digər cinayətlər üzrə idarə əməkdaşları tərəfindən keyfiyyətli istintaq aparılması və qanunauyğun tədbirlərin görülməsi təmin olunub.
Xüsusi vurğulanıb ki, hesabat dövründə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanları tərəfindən ardıcıl və kəsərli tədbirlər davam etdirilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2017-ci ildə rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 305 vəzifəli şəxs barəsində 214 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərilməsi təmin edilib, həmin işlər üzrə müəyyən edilmiş ziyanın ibtidai araşdırma mərhələsində 27 milyon 575 min manatının ödənilməsi, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 15 milyon 381 min manat məbləğində qiymətləndirilən əmlak üzərinə həbs qoyulması müsbət iş göstəriciləri kimi dəyərləndirilib.