28 Yanvar 2018 09:14
1 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli cavablandırıb:

- Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olur. Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edib. Bu qərarın əhəmiyyəti nədən ibarətdir?
- 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması cənab prezidentin o illərə olan dəyərinin növbəti ifadəsidir. Keçən il “İslam həmrəyliyi ili” kimi qeyd olundu, bu, ilin ölkə başçısı tərəfindən irəli sürülməsinin yekunu olaraq Bakıda İslam həmrəyliyinə həsr olunmuş böyük konfrans keçirildi və mən də onun iştirakçısı oldum. Orada bir təklifin dəyərinin fəlsəfəsi göründü, islam dünyası bir yerə yığıldı, dərdlər deyildi, fikirlər bölüşüldü, islam dəyərlərinin mahiyyəti açıqlandı. İslama terror kimi baxan bəzi ağzı-göyçəklərin cavabı verildi və ən əsası lazım gələndə islam dünyasının bir olmasının mümkünlüyü nümayiş edildi. Bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi kifayət qədər beynəlxalq, siyasi, elmi və mənəvi tərəfləri özündə birləşdirən bir məsələdir. Bütün dünyaya bəyan olunur ki, bizim babalarımız 100 il bundan qabaq Azərbaycan Xalq Cümhuriyyəti adlanan, demokratik prinsiplərə söykənən, dünyanın diqqətini cəlb edən, qosqoca Avropada hələ qadın hüququ tanınmayan vaxtda qadına yüksək hüquq olan seçki hüququ verən bir dövlət qurub. Görün, bu çağırış nə boyda böyük əhəmiyyət kəsb edir. İkincisi, bunun siyasi tərəfini qeyd etmək lazımdır. Hər bir Azərbaycan insanının qəlbində Cümhuriyyət istəyi var. Ümumilli lider Heydər Əliyev bəyan etmişdi ki, bugünkü müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bu, bizim keçmişimizə, dövlətçilik tariximizə olan münasibətdir. Elmi əhəmiyyətə gəlincə, AXC dövrü tədqiq olunub, barəsində kitablar, monoqrafiyalar yazılıb, Cümhuriyyət 23 ay yaşasa da, 23 illik görüləsi mümkün olan işləri görüb. Belə bir geniş əhatə dairəsi olan məsələləri elmi tədqiqata çevirmək tədbirlər planının tərkib hissəsi olacaq. AXC haqda çoxcildlik var, amma bütün bunların fonunda o dövrə yeni bir düşüncə tərzində yanaşılacaq, görünməyən tərəflər elmi nöqteyi-nəzərdən gündəmə gələcək. Əslində, Cümhuriyyətin qurduğu dövlətin varisi olsaq da, bu dövləti qurmaq üçün hər kənddə qəbristanlıq salmışıq. Varis kimi həmin şəxsiyyətlərin etimadını doğruldub qurbanlar hesabına dövlət yaratmışıq. AXC də hakimiyyətə gələndə mart soyqırımının gözyaşları üzərindən qurulmuş, hakimiyyət özünü bərqərar etmişdi. Sonra da Cümhuriyyət liderləri şəhidlik zirvəsinə ucaldı. Xoyskini Tiflisdə öldürdülər, Əlimərdan bəy Topçubaşov aclıq, səfalət içində dünyadan köçdü, Ceyhun Hacıbəyli, Cəfərov, Xasməmmədov və başqaları da həmçinin. Bu çağırış bir növ Vətən yolunda qurban gedənlərin ruhuna bir ithafdır. Bu mənada 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması belə fəlsəfi tərəfləri, hüdudları geniş olan çağırışdır.

- AXC-nin ildönümü ilə bağlı hansı tədbirlərin görülməsi nəzərdə tutulub?
- Azərbaycan hökuməti tədbirlər planı işləyib hazırlayacaq, aidiyyatı qurumlara göstəriliş veriləcək və qarşıda duran məsələlər uğurla həll olunacaq. Çox güman böyük konfranslar keçiriləcək, dünyadan böyük alimlər dəvət olunacaq. “Sahil” bağının adının dəyişdirilməsi ilə bağlı müzakirələr gedir. O bağın “Cümhuriyyət” bağı adlandırılmasının tərəfdarıyam. Bu, AXC-nin 100 illiyinə bir hədiyyə olar. Uzun müddət o bağ “26-lar” bağı adlanıb. Xalqın qanını soran, mart soyqırımını törədən Şaumyan və onun dəstəsinə abidə ucaldılmışdı, biz də düşünmədən, dərk etmədən o dövrün ideoloji burulğanına düşmüşdük, hətta toya gedən gəlin-bəylərimiz o abidəni ziyarət edib şadlıq evinə gedirdilər. Bu bağın adının dəyişdirilməsi tədbirlər planda öz əksini taparsa, çox yaxşı olardı.

- Cümhuriyyət liderlərinin şərəfinə abidə qoyulması təklifləri reallaşa bilər?
- Ümumiyyətlə, AXC ilə bağlı atılan bütün addımlara qoşuluram və hesab edirəm ki, nəinki paytaxtda, regionlarımızda da abidə ucatmaq lazımdır. Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski gəncəlidir, Əlimərdan bəy Topçubaşov Qərbi Azərbaycandandır. Onların hər birinin heykəlinin Bakı ilə yanaşı bölgələrimizdə də ucaldılması onların ruhuna töhfə olardı. Onlar təkcə dövlət yaratmayıblar, həm də bu millətin şərəf və ləyaqətini xilas ediblər. Çünki o vaxt məsələ kifayət qədər ciddi idi: ya ayağa qalxıb Azərbaycan xalqını qurtarmaq, dövlətçiliyi bərpa etmək, itirilmiş torpaqlara sahib olmaq, dünya dövlətlərinin boy sırasında dayanmaq, ya da bölünmək, ayrı-ayrı dövlətlərin qismət payına düşmək. Mart soyqırımından təxminən 2 ay sonra belə bir dövlətin yaradılması, görün, nə dərəcədə vacib və diqqətli məsələdir. Sanki soyqırımına məruz qalanların ruhlarına, bütövlükdə millətə təsəlli olan dövlət oldu. Bu, bizim taleyimizdir. Biz ikinci dəfə müstəqillik qazananda da yanvar faciəsindən keçdik. Dövləti yaratdıqdan sonra də Xocalı soyqırımını yaşadıq. Eynilə AXC süqut edəndən sonra faciələrlə üz-üzə qalmışdıq. Çoxları hesab edir ki, Sovet hökuməti gələndə hər şey rəvan getdi. 1920-ci ilin aprelindən 1921-ci ilin avqustuna qədər Azərbaycanda 48 min insan güllələndi. Bu, yarım il ərzində elə-belə rəqəm deyildi. Bunlar hamısı o dövrün səciyyəvi cəhətləri və xalqın məruz qaldığı faciələr idi. Bu məsələləri gündəmə gətirməklə tariximizə nəzər salırıq, gənclərin mənəvi tərbiyəsində çox ciddi rol aynayan məsələlərdir.

- Bakı Dövlət Universitetinin həyətində Məhəmməd Əmin Rəsulzadənin büstünün qoyulması necə AXC-nin 100 illik yubileyi çərçivəsində öz həllini tapa bilərmi?
- Bu sualı aidiyyatı qurumlara ünvanlasanız, daha dəqiq və obyektiv cavab ala bilərsiniz. Bəli, istəyimiz odur ki, belə bir abidə qoyulsun. Biz sadəcə düşüncəmizi və istəyimizi ortaya qoya bilərik. Bəlkə də tədbirlər planına bu məsələ də salınacaq.

- Cümhuriyyət liderlərinin nəşinin Azərbaycana köçürülməsi məsələsi zaman-zaman müzakirə edilir. Bunu mümkün sayırsınız?
- Cümhuriyyət liderlərinin məzarlarını ziyarət etmişik. Fransada Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəylinin qəbirləri dövlət tərəfindən diqqətə götürülüb, tamamilə sıradan çıxmış, viran qalmış, unudulmuş qəbirdən çox diqqətçəkən qəbirə çevrilib. Açığı, bu məsələdə tərəddüdlüyəm. Düşüncəmdə qərar verə bilmirəm ki, nəşin gətirilməsi yaxşı olar, yoxsa orada qalması? Onsuzda bu dünyada onlar dünyanın bütün ağrı-acılarını çəkiblər. Heç olmazsa, onların nəşinə dəyməyək, bu da bir tarixdir. Sadəcə unutmaq lazım deyil. Gətirib burada ziyarət olunmayacaqsa, orada qalıb həmişə gündəmdədirsə, bu, daha müvafiq olardı. Biz dərsliklərimizdə, təbliğatımızda, müstəqilliklə bağlı düşüncəmizdə onları həmişə yad etməliyik. Hesab edirəm ki, Cümhuriyyət liderləri üçün muzey yarana bilər. Şəhidlər Xiyabanında açıq mjuzey var, Dağüstü parkın sıraları ilə gəzmək açıq muzey xarakterli bir ziyarətdir. Tariximizin unudulmaması üçün şəhidlər üçün muzey qurulmalıdır. Amma bu, o demək deyil ki, hər şey unudulub. Cümhuriyyətlə bağlı abidə var, istəyimiz daha çox diqqətçəkən olmasıdır.

- Fəzail bəy, niyə tarixçi oldunuz?
- Orta məktəbdə 32 şagird idik. Riyaziyyatı ən yaxşı Məmmədzadə adlı sinif yoldaşımla mən bilirdim. Günlərin bir günü riyaziyyat müəllimimizin mənə qarşı ədalətsiz münasibəti o fənnə nifrətimi yaratdı, səmtimi tamamilə dəyişdi, üzümü tarix istiqamətinə çevirdim. Əslində tarixdən də çox ədəbiyyata marağım olub. Tarixi öyrənmişəm, ədəbiyyatı sevmişəm, riyaziyyatı isə dərk etmişəm.

- Bəzən gənclərdən gileylənirlər ki, İnternet əsrində yaşayırıq, amma təhsillə bağlı istək, iddia əvvəlki nəsillə müqayisədə azdır. Dövrünüzün gəncliyi ilə indiki gəncliyin fərqi nədədir?
- Kifayət qədər ciddi fərqlər var. Birincisi, ideoloji fərqlərdir. O dövrdə ideoloji çərçivədə yaşayırdıq, bizi inandırırdılar ki, xoşbəxt gələcəyimiz kommunizmdir, dünyada Sovet hökuməti qədər qüdrətli, humanist ikinci bir hökumət yoxdur. İnsanlar mənəvi-psixoloji cəhətdən tamam başqa cür tərbiyə olunmuşdu. Buna səbəb rejimin xarakteri ilə bağlı idi. Məsələn, 20-30-cu illərdə yaşayan insanların həyatı qeyri-müəyyən idi, axtarış gedirdi ki, bu ideologiya necə olacaq. 30-cu illərdə Stalin repressiya başlatdı. İnsanlar vahimə içərisində yaşadı, yaxud aclıqla imtahana çəkildi. Başa düşürdülər ki, bu ideologiyanı heç cür qəbul etdirmək olmur. Daha sonra faşizm qorxusu insanların başının üstünü aldı. İkinci dünya müharibəsi olmasaydı, Sovet hökuməti heç vaxt 70 il yaşamayacaqdı. Müharibədə ana ərini, oğlunu itirdi, üç oğul göndərdi, biri qayıtdı gəldi, sevinirdi ki, nə yaxşı biri salamatdır, o biriləri unutdu. Analar qorxu içində idi, düşünürdülər ki, faşizm gəlib bizi məhv edəcək. Özbəklər, tatarlar, ruslar, ermənilər, azərbaycanlılar bir səngərdə xidmət edirdi, cəbhədə sanki hamı Sovet adamı idi, o istiqanlılıq, vahimədən qurtulmaq istəyi Sovet hökumətini elə formalaşdırdı ki, nəticədə müharibədən sonra sanki bu vətən doğma oldu. 1937-ci ilin repressiyasını görmüş, bu hakimiyyətə nifrət edən xalq aprel işğalını, dədə-babalarının güllələnməsini unutdu, düşündü ki, xilaskar Qızıl ordu məni qorudu. Müharibə, bu psixoloji məqamlar Sovet cəmiyyətini həm siyasi, həm mənəvi, həm də ərazi və beynəlxalq aləmdə nüfuz nöqteyi-nəzərindən xilas elədi. Bizim gənclik bunu görmədi, biz 60-cı illərdə Sovet hökumətinin rəvan dövrünə düşdük. Amma o illərdə Xruşşov siyasətinin mənfi nəticəsi olaraq aclıq baş verdi. Tarix fakültəsində dərs deyirəm, auditoriyada 100 tələbə əyləşibsə, təbii onun hamısı tarixçi olmayacaq. 5 tələbə güclü tarixçi ola bilər, yerdə qalan 95 nəfər ayrı-ayrı sahələrə gedəcək, lakin təfəkkürü, əxlaqı, düşüncəsi, dil bilgisi onların gələcək həyat tərzini təmin edəcək. Bugünkü gəncliyin Vətənə, xalqa məhəbbəti bizim gəncliklə müqayisədə çox tez formalaşdı. Biz 20 Yanvar qırğınından sonra ayıldıq, hər birimizin içərisində kommunist əxlaqı, düşüncəsi vardı. Amma bugünkü gənclik gözünü açıb müstəqilliyi gördü. İşsizlik problemi ilə üz-üzə gələndə, yaxud ədalətsiz qurumun bir üzvü ilə qarşılaşanda onların içində məyusluq yaranır. Mənzil-məişət problemləri olur. O dövrdə mənzərə fərqli idi, fabriklər, zavodlar kütləvi surətdə işləyirdi, imperiya idi, Voladarski tikiş fabrikində neçə min adam işləyirdi, amma istehsal olunan malı heç kim almırdı, plan doldurulurdu, məvacib alıb yaşamaq məqsədi vardı. Bir şeyi xüsusi qeyd etmək istəyirəm, 2016-cı ildəki aprel hadisələri göstərdi ki, bizim gənclər haqda mənfi düşünmək olmaz. Həmişə içimdə bir sual vardı. Topxana meşəsində bir ağacın kəsilməsinə görə bütün Azərbaycan ayağa qalxdı, 1 milyon insan meydana yığıldı. Bu, bir ağacın, Vətənin təəssübkeşliyi idi. Düşünürdüm ki, tanrım, görəsən, o hisslər qalır, yoxsa yox olub gedib? 66 yaşlı seçicilərimdən biri mənə müraciət elədi, dedi ki, yaxşı hərbçi olmuşam, Hərbi Komissarlığa getdim qəbul etmədilər, çox xahiş edirəm mənə kömək edin, cəbhəyə gedim. O məktubu oxuyanda sevinc göz yarandı ki, yaşlılarımız, cavanlarımız kütləvi axın etmək istəyir. Yəni millətin, müstəqilliyin ruhu yerindədir. Bugünkü gənclik emosionaldır. Bizim dörümüzdə metroda, avtobusda cavanlar oturduğu halda yaşlılar ayaq üstdə qalmazdı, çoxlu gileylər eşidirik, amma bunu da hamıya şamil etmək olmaz, min nəfər varsa, min xarakter var. Sovet dönəmində gənclərimizin beynəlxalq aləmdə təmsil olunmaq imkanı yox idi, çünki qeyri-rus milləti o qədər də uzağa gedə bilmirdi. Bu gün gənclərimiz ölkəmizi xaricdə təmsil edir, səfirliklərdə cavanlarımız çalışır, yaşından qabaq generallarımız, hər millətin nümayəndəsi ilə öz dilində danışmağı bacaran gənclərimiz var. Bu mənada gənclərimiz barədə nikbin fikirdəyəm.

- Həm də Vətəndaş Həmrəyliyi Partiyasında təmsil olunursunuz, Sabir Rüstəmxanlı ilə tanışlığınız necə olub?
- Sabir bəylə Meydan hərəkatı dövründə tanış olmuşuq. Vaxtilə Bakı Dövlət Universitetində müəllim idim, cəbhə hakimiyyəti dövrü idi, ölkədə çoxlu problemlər yaşanırdı. Bir neçə nəfər görüşüb müzakirə edirdik ki, nə etməli. Müəyyən qüvvələr vardı ki, gizli formada fəaliyyətə başlamışdılar. Ölkənin parçalanmasını istəyən qüvvələr də fəal işləyirdi. Erməni təcavüzü başlayırdı. Həmfikir olub partiya yaratmaq barədə qərara gəldik. Partiyanı yaranda ad üçün vətəndaş həmrəyliyi ifadəsini seçəndə çoxları dedi bu, köhnə ifadələrdir. Parçalanmanın qarşısının alınması niyyətilə Azərbaycanda yaşayan vətəndaşların birliyi, mehribanlığı üçün həmrəylik ifadəsini seçdik. Uğurlu ifadədir, qana-qadaya fitva verməyən, müharibələrin əleyhinə olan, insanların qarşıdurmasının qarşısını almağa cəhd edən, dövlətin içində həmrəylik istəyən, insanların rəvan həyatını arzu edən bir düşüncə idi. Nəticədə partiyanı yaratdıq və bu gün Milli Məclisdə təmsil olunan partiyalardan biridir.

- Sabir Rüstəmxanlının partiya sədrliyindən gedəcəyi barədə yayılan xəbərlər nə dərəcədə realdır?
- Bu məsələ bu gün gündəmdə deyil.


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər