5 Avqust 2014 16:59
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəbhə xəttində Ermənistan qoşunları tərəfindən bu cür zorakılıq halları daimi xarakter daşıyır və çoxlu sayda itkilərə səbəb olur"

Teleqraf.com-un məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, deputat Azay Quliyev Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi son təxribatlarla bağlı ATƏT PA-nın Prezidenti İlkka Kanerva və onun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suaresə ünvanladığı müraciətdə bildirib.

Müraciətdə ermənilər tərəfindən törədilən son təxribatlar zamanı 13 Azərbaycan hərbçisinin həlak olduğu və onlarla hərbçinin və dinc vətəndaşın yaralanması onların diqqətinə çatdırılır.

Müraciətdə o da qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini hər gün pozması səbəbindən, cəbhə xəttinə yaxın kəndlərdə yaşayan dinc sakinlər daim öz həyatlarını itirmək təhlükəsi və qorxusu ilə yaşayır. Bu səbəbdən, kəndlərdə yaşayan insanlar gündəlik fəaliyyətləri ilə məşğul ola bilmirlər.

Müraciətdə onların diqqətinə çatdırılır ki, Ermənistan qüvvələrinin bu cür destruktiv əməlləri Helsinki Yekun Aktının bütün prinsiplərinə, həmçinin "münaqişə zonasının həllində gücün tətbiq edilməməsi prinsip"inə tamamilə ziddir. Ermənistanın bu cür davranışı regionda onsuzda gərgin olan vəziyyəti daha da gərginləşdirir və əgər Ermənistan bu aqressiv davranışını davam etdirərsə, bütün danışıqların dalana dirənməsinə səbəb olacaq: "Mən ATƏT PA-nı Ermənistanın bu cür davranışlarını pisləməyə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edən atəşkəs rejiminə əməl etməsinə məcbur etməyə çağırıram".

Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digər kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Son günlər ərzində ermənilərin kəşfiyyat-təxribat qruplarının Azərbaycan SQ postlarına hücumları nəticəsində 13 azərbaycanlı hərbi qulluqçu həlak olub, bir neçə nəfər yaralanıb. Ermənilər daha çox itki versələr də bu faktı ictimaiyyətdən gizlətməyə çalışırlar.


Müəllif:

Oxşar xəbərlər