ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının Azərbaycana hər hansı təsiri olmayacaq. Üstəlik, sanksiyalar siyahısı açıqlanıb, ancaq orda olan şəxslərə qarşı konkret hansı addımların atılacağı, hansı sanksiyaların tətbiq ediləcəyi məlum deyil.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
O bildirib ki, adı siyahıya düşən məmur, siyasətçi, biznesmen və təşkilatlar sadəcə sanksiya altındadırlar:
“Yəni mesaj verilir ki, özünüzü bu insanlardan kənar saxlayın”.
Rasim Musabəyov əlavə edib ki, Rusiya Xarici İşlər naziri Sergey Lavorvun da adı siyahıdadır:
“Ancaq bu o demək deyil ki, Lavrov Vaşinqtona gedə bilməyəcək. Bu o deməkdir ki, Lavrovun yaxınları və ya qohumları Amerikada mülk alıblarsa, bunların hamısı nəzarət altında olacaq.
Bir daha xatırladım ki, siyahıda adı olanlara hansı qadağaların tətbiq ediləcəyi bilinmir. Ola bilsin, siyahıda olan şəxslər nəzarət altında saxlanacaq. Söhbət maliyyə köçürmələrindən, mülklərdən gedir. Bir sözlə, bu insanlar Amerikanın qara siyahısındadır və başqalarına mesaj verilir ki, çalışın, özünüzü onlardan məsafədə saxlayın”.
Politoloq qeydb edib ki, Rusiyanın hansı cavab addımı atacağı zaman məsələsidir:
“Gözləyək, görək Rusiya nə edəcək... Əslində, Rusiya-ABŞ münasibətlərində çat çoxdan baş verib. Sanksiyalar isə çat yox, çata görə cəza tədbiridir”.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyalar siyahısını təqdim edib. Qadağalar siyahısında 114 rusiyalı siyasətçinin, 96 biznesmenin adı var.
Rusiya hökumətinin nümayəndələri, siyasi liderlər, o cümlədən Dövlət Duması və Federasiya Şurasının üzvləri, RF Təhlükəsizlik Şurasının və dövlət şirkətlərinin rəhbərləri də siyahıya daxildir. Sanksiyalar Rusiya Prezident Administrasiyasının bütün rəhbərliyinə şamil edilib.
Qadağalar siyahısına Baş nazir Dmitri Medvedevin və Xarici İşlər naziri Sergey Lavrovun da adları salınıb. Siyahıda Vladimir Putinə yaxın olan bütün milyarderlərin adına da rast gəlinir.