31 Yanvar 2018 21:58
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni lobbisinin iştahı artıb. Fransadakı erməni lobbisi nümayəndələri bu ölkənin prezidenti Emmanuel Makronla görüşdə ona təklif ediblər ki, Dağlıq Qarabağa səfər etsin.

Teleqraf.com-un məlumatına görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, E.Makron erməni lobbisinə xeyli vəd versə də, bu təklifi geri çevirib:

“Fransa prezidenti deyib ki, bölgəyə münaqişə həll olunandan sonra səfər edə bilər. Makron çaşıb bu təklifə müsbət cavab versəydi və bunun ardınca İrəvan üzərindən Xankəndiyə gəlsəydi, bu, Azərbaycan-Fransa münasibətlərinin dondurulması demək olacaqdı. Fransa Azərbaycanla münasibətlərin üstündən xətt çəkmiş olardı. Ona görə də o, erməni lobbisinin tələsinə düşmədi. Sadəcə sual olunur: Nədən erməni lobbisi bu təkliflə çıxış edib?”

E.Şahinoğlu deyir ki, erməni lobbisi Ermənistan hakimiyyəti ilə əlbir olaraq, Azərbaycana qarşı çox təxribat həyata keçirib, ancaq indiyə qədər heç bir dövlət başçısına Dağlıq Qarabağa səfər təklifi etməyib:

“Demək nəsə yeni planları var. Erməni lobbisi Rusiyanın siyasətindən yararlanır. Rusiya da Krımı işğal etdikdən sonra bir çox dövlət başçısını yarımadaya gəlməyə sövq etdi və edir. Rusiyanın bu istiqamətdə müəyyən nailiyyətləri var, elə Fransanın keçmiş prezidenti Nikola Sarkozi də Krımı ziyarət etmişdi. Bunu görən Ermənistan hakimiyyəti ilə erməni lobbisi hərəkətə keçib. Fikrimcə, Azərbaycan Xarici İşlər Nazirliyi erməni lobbisinin Fransa prezidentinə etdiyi təxribatçı təkliflə bağlı bəyanat yaymalı və hamıya xatırlatmalıdır ki, Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfərin hansı ağır nəticələri olacaq. Bunu hər dəfə təkrarlamaq məcburiyyətindəyik ki, erməni lobbisindən bir addım öndə olmağa çalışaq”.


Müəllif: Səxavət

Oxşar xəbərlər