1 Fevral 2018 09:15
1 951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tanınmış jurnalist, “Yeni Nəsil” Azərbaycan Jurnalistlər Birliyinin sədri Arif Əliyevlə müsahibəni təqdim edir.

- Arif bəy, Donald Tramp ABŞ prezidenti seçiləndə əksər siyasi şərhçilər ABŞ-Rusiya münasibətlərinin istiləşəcəyini bəyan etsələr də, yalnız siz bildirdiniz ki, Tramp Putinin qorxulu yuxusuna proqnozunuz müəyyən mənada doğru çıxdı və hazırda “Kremli hesabatı” adlı sanksiyalar paketi ciddi müzakirə mövzusudur. Rusiya elitasını hədəfə alan sanksiya paketini necə şərh edərdiniz?

- Öncə bildirim ki, özümü politoloq hesab etmirəm, amma siyasi prosesləri izləyirəm. Üstəlik, xaricdə və Rusiyada bu sahədə uğurlar əldə edən dostlarım var və onların da məsləhətlərinə, fikirlərinə üstünlük verirəm.

Mən bu sanksiyaları gözlənilməz hesab etmirəm. Rusiyaya ən çox gözlənilən və həm də ən təsirli təzyiqlər iqtisadi təzyiqlərdir. Bu, uzun müddətdir davam edir və bir çox hallarda Rusiyanı ağır seçim qarşısında qoyur. Sözsüz ki, Rusiyanın iqtisadi potensialı yüksəkdir. Həm də yaxşı iqtisadçıları var ki, ölkəni bir neçə ağır böhrandan çıxara biliblər. Amma dolların təzyiqi, iqtisadi sanksiyalar, Rusiyaya qoyulan məhdudiyyətlər, fikrimcə, bu ölkənin vəziyyətini ağırlaşdıra-ağırlaşdıra gedəcək. İndiki halda sanksiyanın daha çox siyasi mahiyyət kəsb etməsi böyük ehtimalla bu il Rusiyada keçiriləcək prezident seçkisi ilə bağlıdır.

- Yəni ABŞ bu sanksiyalarla Rusiyada seçkiyə təsir etmək istəyir?

- Amerikanlar ona edilən barmaqları asan unudan dövlət və ya cəmiyyət deyil. Rusiyanın ABŞ seçkilərinə müdaxilə etməsi prosesini sözsüz ki, onlar Rusiyaya bağışlamayacaq. Çünki bu, onların nüfuzuna kifayət qədər böyük zərbə oldu, təhlükəsizlik problemləri gözlənilməyən istiqamətdə ortaya çıxdı. ABŞ bunu Rusiyaya bağışlamayacaq. Odur ki, Rusiyadakı seçki prosesinə müxtəlif formalarda təzyiq davam edəcək. Həm də söhbət ola bilsin ki, daha ciddi məsələlərdən gedir. Sadəcə, məsələ Rusiya rəhbərliyinin dəyişdirilməsi istəyindən yox, Rusiyanın ictimai-siyasi və bəlkə də inzibati quruluşunun dəyişdirilməsindən gedir.

- Bu sanksiyalar hələlik tətbiq edilməyib. Müşahidəçilər qeyd edirlər ki, “Kremli hesabatı”nın əsas məqsədi yaxın ətrafının Putinə qarşı qaldırılmasıdır. Bu mümkündürmü?

- Qeyd edim ki, Rusiya siyasi elitası daxilində müəyyən proseslər - narazılıqlar, nəyisə dəyişdirmək cəhdi və s. var. Mən rejissor Sakurovun bir neçə gün əvvəl söylədiyi fikri xatırlatmaq istərdim: hamıya yaşamağa normal ölkə lazımdır, hərbə-zorba gələn deyil. Hakim elitada, xüsusilə iqtisadçılar arasında bunu başa düşən şəxslər var. Onlar görürlər ki, söhbət sadəcə, siyasi liderin taleyindən deyil, bütövlükdə siyasi zümrənin, bəlkə də ölkənin taleyindən gedir. Belə şərait mərkəzdənqaçma meyllərinə təsir edəcək. Sözsüz ki, bunun dərhal effekt verəcəyini və ən ciddi amilə çevriləcəyini gözləmək hələlik mümkün deyil. Qənaətimcə, iqtisadi təzyiqlər, sanksiyaların güclənməsinin əsas səbəbi daxildən insanları liderə qarşı qaldırmaq deyil, ümumilikdə Rusiyanın dünyada gedən hərbi, siyasi, iqtisadi proseslərə ciddi müdaxilə imkanlarını çökdürməkdir.

- Buna qarşılıq olaraq Rusiya hansı xətti seçə bilər?

- Rusiyanın tədbirləri məhduddur. Rusların məqsədi özlərinə ikinci koalisiya və ya dairə yaratmaqdır. Bu, açıq-aşkar görünür. Rusiyanın Şərqə üz tutması, ətrafa baxışı ortadadır. Amma iş ondadır ki, Rusiya ətrafı ilə münasibətləri də korlayıb. Krımdan tutmuş Dağlıq Qarabağa qədər müxtəlif problemləri var. Eyni zamanda Rusiyanın cəhd göstərdiyi siyasi və iqtisadi alyanslar faktiki olaraq, alınmır. Çətin ki, alınsın. Çünki Rusiya həmişə bərabər portnyorluqdan özünün dominant olduğu sistemə qaçır. Bu səbəbdən də nə yaratmaq istəyirsə, dağılır.

İndi əsas məsələ daxildə rejimin möhkəmləndirilməsi cəhdindən gedir. Bu, hazırkı seçkiərəfəsi dövrdə də görünür. Çoxsaylı ekspertlər deyir ki, Navalnının seçkidə ciddi şansı yoxdur. Navalnı Moskvada keçirilən seçkiləri uduzdu, indi də namizəd olsa, ciddi şansları olmayacaq. Amma Navalnının uzun illər seçkilərə buraxılmaması, siyasi proseslərdən kənarda saxlanılması cəhdi göstərir ki, Rusiyanın sorğu mərkəzlərinin ortaya qoyduğu rəqəmlər obyektiv deyil və hakimiyyət Navalnıdan çəkinir. Məncə, Rusiyada siyasi imkanlar xeyli məhdudlaşacaq. Media ilə bağlı məsələ həll olunub. Cəmiyyətin daxilində təzyiq güclənəcək, Rusiyanın özünə yeni alyanslar və müttəfiqlər tapmaq cəhdləri artacaq. Amma indiki siyasi texnologiyalar və iqtisadi münasibətlərlə buna şans görmürəm. Əlbəttə, bu proses davam edərsə, SSRİ-nin başına gələnlərin Rusiyanın başına gəlməsi ehtimalı böyükdür. Ola bilsin ki, hansısa mərhələdə bu təhlükədən yayınmaq üçün daxildə ictimai dalğa yüksəlsin. Əslində, Amerika birinci növbədə buna ümid edir.

- “Kreml hesabatı”ndan sonra Rusiya siyasətində liberallaşma müşahidə edilə bilərmi?

- İndiki halda liberallaşma olmayacaq. Sonuncu olimpiada ilə bağlı məsələlər faktiki Rusiyanın indiki vəziyyətini və onun istəyini tam açıq şəkildə ortaya qoyur. Əlbəttə, bir çoxları deyir ki, idman siyasət deyil. Lakin siyasətdə gedən proseslər özünü ən açıq formada idmanda göstərir. Faktiki olaraq, dünya Rusiyanı bir dövlət olaraq olimpiya oyunlarından kənarda qoydu və ona alçaldıcı şərtlər irəli sürdü. Bu şərtləri qəbul etməsi ilə yanaşı, Rusiyanın təbliğatına baxanda görürsən ki, beyin həmin beyindir, istək və düşüncə eynidir. Bu düşüncə ilə Rusiya liberallaşmaya doğru gedə bilməz. Liberallaşma ancaq siyasi müstəvidə dəyişikliklərlə başlaya bilər.

- Yəni aqressivləşmə müşahidə olunacaq?

- Bəli. Əslində, bunu artıq müşahidə edirik. Əgər, biz Rusiya mediasına və televiziyalarına iki gün baxsaq, kifayət edər ki, aqressivliyin dərəcəsindən insan bədəninə üşütmə düşsün. Məncə, bunu Rusiya ilə əlaqəsi olan yaxın dövlətlər də nəzərə almalıdır. Ağır və ciddi zərbələr Rusiyanın aqressivliyinə səbəb olur. İndiki mərhələdə bu, açıq-aşkar görünür.

- Ancaq Prezident Putinin sanksiya məsələsinə reaksiyası “it hürər, karvan keçər” şəklində oldu...

- Bu da aqressivliyin bir formasıdır. Biz bayaq idmandan danışdıq. Ancaq həmin prosesdə Rusiyaya qarşı irəli sürülən şərtlərin adını “alçaldıcı şərtlər” qoydular və sonra bu şərtlər qəbul edildi. Başqa yol da yox idi. Amma Putin qeyd etdi ki, bunların hamısı bizim əleyhimizə gedirlər. Bu təzyiqlər Rusiyanın sərtləşməsinə aparıb çıxarır. Bəlkə də indiki halda Qərbin təzyiqləri buna hesablanıb.

- Niyə?

- Çünki aqressivləşdikcə iqtisadiyyatını tamam başqa səmtə yönəldir. Yarımhərbi iqtisadiyyata keçidlə Rusiya özünə quyu qazır.

- Sanksiyalar siyahısı açıqlanıb. Rusiya elitası, Moskvaya yaxın zəngin ailələr siyahıya salınıb. Bu şəxslərlə bağlı ABŞ hansı tədbirlər görə bilər?

- Öncə bu siyahı “Domokl qılıncı” kimi Rusiyanın başı üzərində asılan təhlükədir. Sanksiya ifadəsinin altında çox şey var. Bu sözün altında ciddi təsir imkanları, milyardlar, bank hesabları, işgüzar əlaqələr, ailələr və şəxsi həyatlar dayanır. Yəni burada bağlar çoxdur. Faktiki olaraq bu sanksiyalar bir çox insanlara əlavə təsir etmək imkanı yaradır. Yəni bu iplərdir. Və bu ipləri nə zaman çəkmək və ya boş saxlamaq isə konkret vəzifə və məqsədlərdən asılı olacaq.

- Amerika faktiki olaraq, Rusiyanın siyasi və iqtisadi elitasını düşmən elan edib. Bundan sonra iki ölkənin münasibətləri necə olacaq?

- Ümumdünya və terror təhlükələrini kənara qoysaq, Amerika-Rusiya münasibətləri onsuz da ciddi şəkildə pozulub. İqtisadi, hərbi, siyasi sahədə münasibətlər qarşıdurma ilə müşayiət edilir. Söhbət bu münasibətlərin müharibə formasına keçidindən gedirsə, mən, bunun perspektivini görmürəm. İndiki dövrdə müharibə sadəcə, müharibə demək deyil. Bu, elə bir faciə deməkdir ki, ilk növbədə ABŞ-ın özü bundan qaçacaq. ABŞ əyləci basmağı bacarır və bunu dəfələrlə göstəriblər. Ancaq bu münasibətlərin tendensiyasını dəyişə biləcək yanaşma yoxdur.

ABŞ Prezidenti Donald Trampın özü bu siyasəti dəyişməyə qadir deyil. Son dövrlər ABŞ-ın seçki siyasətində ciddi dəyişikliklər baş verib. Burada faktiki olaraq ümumxalq seçkisinin adı qalıb, prezidentlik məsələsini iri maliyyəçilər və işgüzar dairələr həll edir. İndiki halda birbaşa işgüzar dairələrin heç bir siyasi təcrübəsi olmayan nümayəndəsi prezidentlik kreslosunda əyləşib. Onun keçirdiyi daxili islahatlar, ilk növbədə vergi islahatları varlı təbəqinin mənafeyinə xidmət edir.

Digər tərəfdən, Trampın adı ilkin dövrdə bədnam çıxıb. Rusiya ilə əlaqələri, guya Rusiyanın hesabına hakimiyyətə gəlməsi barədə fikirlər səslənib. Trampa belə obraz və imic lazım deyil. Odur ki, bəzən Tramp lazım olduğundan da sərt hərəkət edərək, göstərmək istəyir ki, onun barəsində səslənən fikirlər əsassızıdır. Nəzərə almaq lazımdır ki, Donald Trampın ikinci seçim cəhdi olacaq. Onun indiki imiclə seçilmək imkanı məhdud olardı. Odur ki, mən yaxın dövrlərdə Rusiyaya təzyiqin zəifləyəcəyini gözləmirəm. Əksinə, bu təzyiqlər müxtəlif formalarda davam edəcək. Ən azı indiki sanksiyaların verdiyi imkanlara uyğun olaraq, haradasa açıq, haradasa qapalı formada sanksiyalar tətbiq ediləcək.


Müəllif: Cavad

Oxşar xəbərlər