1 Fevral 2018 09:27
5 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soçidə keçirilən Suriya Milli Dialoq Konqresi Suriyadakı hərbi münaqişəyə son qoyub onu dinc danışıqlar məcrasına yönəltmək, qan tökülməsinin qarşısını almaq üçün bir cəhddir.

Bunu Soçidə keçirilən Suriya Milli Dialoq Konqresinin hansı nəticələrinin olacağına dair ehtimallarını Teleqraf.com-la bölüşən politoloq Zərdüşt Əlizadə bildirib.

Bununla belə Z.Əlizadə nikbin olmadığını vurğulayıb:

“Çünki Suriya münaqişəsində bir-birinə zidd həddən artıq çox qüvvənin maraqları toqquşur. Bunlar Qətər, Səudiyyə Ərəbistanı, İran, Rusiya, ABŞ, Türkiyə və bütövlükdə Qərbdir. Suriya daxilində qarşıdurmada iştirak edən qüvvələrin rəngarəngliyi heyrət doğurur. Etnik, dini, məzhəb, tayfa fərqləri göstərir ki, Suriyada münaqişənin nizamlanması üçün çox böyük diplomatik məharət tələb olunacaq. Bundan əlavə, xarici qüvvələr Suriyadakı münaqişənin davam etdirilməsində maraqlı olmasınlar. Amma əgər bunda maraqlıdırlarsa, onlardan maliyyə və texniki baxımdan asılı olan Suriya daxilindəki oyunçular öz nümayəndələrinə deyəcəklər ki, danışıqlarda iştirak etmə, əldə edilən razılıqları yerinə yetirmə, qoy münaqişə davam etsin. Amma istənilən halda heç olmasa münaqişə iştirakçılarının əksər hissəsinin oturub danışmağa başlamaları öz-özlüyündə müsbət hadisədir. Əgər möcüzə baş versə, onlar danışıb hansısa ümumi razılığa gələ bilsələr, ABŞ, Səudiyyə Ərəbistanı, Qətər, İran, başqa oyunçular, o cümlədən Bəşər Əsəd əmin-amanlıq, müharibənin başa çatmasını istəsələr, bəli, müsbət nəticə əldə ediləcək. Amma hələlik buna ümid çox azdır”.

Müzakirələrin nə üçün Soçidə keçirilməsinə gəldikdə isə Z.Əlizadə qeyd edib ki, Rusiya artıq Suriya münaqişəsinin ciddi oyunçusudur:

“Suriyada Rusiyanın həm hərbi qüvvəsi, həm də gələcək nizamlanmaya dair təklifləri, həm tərəfdarları, rəsmən dövlət başçısı Bəşər Əsədlə yaxın, isti münasibətləri var. Buna görə də Rusiya tərəfi təklif edib ki, gəlin mən sizə Soçidə şərait yaradıram, mehmanxana, yemək-içmək verirəm, onlar da durub gəliblər Soçiyə”.

İştirakçıların heç də hamısının Rusiyanın Suriya siyasətindən razı qalmadığını xatırlatdıqda politoloq deyib ki, onların Moskvanı tanımaları faktdır:

“Məsələn, biz də Rusiyanın Dağlıq Qarabağ münaqişəsində Ermənistanı dəstəkləməsindən narazıyıq. Amma bununla yanaşı, bir gerçəklikdir, acı da olsa faktdır ki, Rusiya, onun hərbi-siyasi gücü mövcuddur, biz də bununla hesablaşmalıyıq”.

Müzakirələrin yekununda nələrin əldə olunacağına gəldikdə isə Z.Əlizadə əlavə edib ki, hələlik qarşıda bir neçə ciddi məqsəd var:

“Bir məqsəd atəşkəs rejimi tətbiq etməkdir. İkinci məqsəd konstitusiyanın müzakirəsini aparmaqdır. Pərdəarxasında olan məqsəd də böyük siyasi oyunçuların maraqlarını uzlaşdırmaqdır. Kimin hesabına? Təbii ki, zəif tərəf olan Suriyanın hesabına”.

Konqresin açılış mərasimində Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun çıxışının Suriyadan olan nümayəndələr tərəfindən etirazla qarşılanmasına da münasibət bildirən politoloq hələlik onların “ağızlarının isti yerdə olduğunu” vurğulayıb:

“Elə bilirlər ki, qışqırıb-bağırmaqla nə isə əldə edə biləcəklər. Ancaq güc nisbəti əsasdır. Suriyada Rusiyanın qoşunları, müttəfiqləri var. Bunlar İran, “Hizbullah” və Türkiyədir. Mən düşünürəm ki, onların arasında müəyyən mənada rəqabət mövcud olsa da, onları birləşdirən ümumu cəhət, ümumi maraq daha güclü olduğu üçün birgə işləyəcəklər və hələlik bu üçlük Suriyada aparıcı qüvvə, söz sahibidir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər