1 Fevral 2018 14:49
5 698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin yanvarın 31-də imzaladığı sərəncamla Tofiq Ağahüseynov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Sərəncamda qeyd olunur ki, Azərbaycanın ictimai həyatında fəal iştirakına və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə Tofiq Yaqub oğlu Ağahüseynov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

Bəs T.Ağahüseynov kimdir? Teleqraf.com T.Ağahüseynov barədə hazırladığı məlumatı təqdim edir.

Tofiq Yaqub oğlu Ağahüseynov 1923-cü il fevral ayının 1-də Şəkidə anadan olub. Yeddi yaşında olanda ailəliklə Bakıya köçüblər. Orta məktəbi Bakıda bitirib. 1941-ci ilin sentyabrında o, Bakı Zenit Artilleriya Məktəbinə daxil olur. Bir il yarımdan sonra Tofiq leytenant rütbəsi alır və bu rütbə ilə Bakıdan ayrılmalı olur.

1-ci Belorusiya cəbhəsində vzvod komandiri, əlahiddə zenit artilleriyası divizionu qərargah rəisinin köməkçisi olub, Arxangelsk, Severodivinsk, Visla-Oder və Berlin əməliyyatlarında iştirak edib. O, qələbəni Berlində qarşılayıb. Müharibə bitdikdən sonra T.Ağahüseynovun qulluq etdiyi diviziya 1946-cı ilin oktyabrına qədər Almaniyada qalır.

Onun sağlamlığı, fiziki hazırlığı, ətrafındakılara münasibəti, cəsarəti, dönməzliyi, xüsusilə də daim biliyini artırması gələcəkdə böyük hərbçi olacağına yol açan faktorlardan idi. Beləliklə, T.Ağahüseynov 1949-cu ildə Feliks Dzerjinski adına Hərbi Akademiyaya, bunun ardınca Hərbi Artilleriya Akademiyasına daxil olur.

T.Ağahüseynov ali hərbi təhsilini başa vurduqdan sonra müxtəlif hərbi vəzifələrdə çalışıb. 1960-64-cü illərdə Hövsanda yerləşən Hava Hücumundan Müdafiə polkuna komandirlik edir, 1964-cü ilin sonlarında Volqoqrada göndərilir və diviziya komandiri kimi orada çalışır. 1968-ci ildə general-mayor rütbəsi alır. 1969-cu ildə Rostovda korpus komandiri təyin edilir.

1972-ci ildə general-leytenant rütbəsi alır və 1975-ci ildə Bakı və Zaqafqaziya Hərbi Dairəsi Hava Hücumundan Müdafiə Komandanının birinci müavini təyin edilir. 1980-ci ildə general-polkovnik rütbəsini alan T.Ağahüseynova həm də Bakı və Zaqafqaziya Hərbi Dairəsi Hava Hücumundan Müdafiə Komandanı vəzifəsi həvalə edilir.

O, SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlıdır. T.Ağahüseynova 1982-ci ildə daha böyük vəzifə həvalə edilir. O, Varşava Müqaviləsi Təşkilatına üzv dövlətlərin Birləşmiş Silahlı Qüvvələri Baş Komandanlığının Çexoslovakiya Xalq Ordusundakı nümayəndəsi təyin olunur. Bu, T.Ağahüseynovun sovet ordusu sıralarında son iş yeri olur. O, 1987-ci ildə bu vəzifədən pensiyaya çıxır.

Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci il 17 aprel tarixli sərəncamı ilə T.Ağahüseynov prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin olunur. Eyni zamanda, general-polkovnik rütbəsində Azərbaycan Milli Ordusu sıralarına bərpa edilir. Bu zaman onun 74 yaşı var idi. T.Ağahüseynov 2002-ci ilədək bu vəzifədə çalışır.

T.Ağahüseynov müharibə illərində və sonralar dövlətin ali mükafatlarına, orden və medallara layiq görülüb. Qırmızı Bayraq, Oktyabr İnqilabı, Birinci Dərəcəli Vətən Müharibəsi, Qırmızı Ulduz ordenləri onun yaxasını bəzəyib. O, üç çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

Prezident İlham Əliyevin 1 fevral 2008-ci il tarixli sərəncamı ilə Azərbaycanda hərbi quruculuq sahəsində xidmətlərinə görə “Şöhrət” ordeni, 17 yanvar 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılmasında və hərbçi kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

T.Ağahüseynov 2017-ci ildən Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına rəhbərlik edir. Ehtiyatda olan general-polkovnikin bu gün 95 yaşı tamam olur.


Müəllif: Səxavət Həmid