Bu məsələ BMT Təhlükəsizlik Şurasının qərarı ilə həll edilə bilər. BMT Təhlükəsizlik Şurası nizamnamənin yeddinci bölməsinin əsasında belə qərar versə, bu, məcburi hesab olunacaq.
Bunu Teleqraf.com-a ekspert Sülhəddin Əkbər Türkiyənin Afrin istiqamətində tankının vurulmasından sonra məsələni NATO-da qaldıracağı və terrorçulara bu tip silahlar ötürən dövlətin Suriyaya silah satışını qadağan edəcəyi haqda bəyanatını şərh edərkən deyib.
S.Əkbər qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının terrorizmlə bağlı müvafiq qərarı var:
“Türkiyə bu qərara da əsaslana bilər. Üçüncüsü, Türkiyə Suriyada terrorizmlə mübarizənin getdiyini, terrorçu qrupların konkret olaraq Türkiyəyə qarşı mübarizə apardığını, onun milli təhlükəsizliyini təhdid etdiyini əsas gətirərək məsələni BMT və NATO-da qaldıra bilər.
Eyni zamanda NATO üzvü olan istənilən bir ölkə öz milli təhlükəsizliyi ilə bağlı məsələni NATO-da qaldıra və belə bir tələb irəli sürə bilər. Bunun üçün Türkiyə ortaya sübutlar qoymalıdır. Konkret sübut etsə ki, ABŞ və ya digər NATO üzvləri Suriya Demokratik Gücləri adlı terror qrupuna verdiyi silah əslində PKK-ya verilib, bu halda əsl skandal yaşanar. Nəzərə alın ki, Ankara əlində kifayət qədər sübut olduğunu bəyan edir. YPG, PYD əslində PKK-nın Suriyadakı uzantısıdır. Afrin əməliyyatı çərçivəsində həm də yeni sübut və dəlillər ələ keçirilir. Məsələn, PKK lideri Abdulla Öcalanın nəhəng posteri və fotoları, PKK-nın təlimatları, bayraqları, emblemləri və s. Odur ki, bu məsələni Ankara NATO-da qaldıra bilər”.
Sülhəddin Əkbər xatırladıb ki, Türkiyə ABŞ-ı beynəlxalq məhkəməyə verməyə hazırlaşır:
“Görünən odur ki, bütün istiqamətlərdə Türkiyə mübarizəyə qalxıb. Ankara artıq ABŞ-ın terror təşkilatlarına silah verməsini dayandırmaq üçün bütün siyasi, diplomatik və hüquqi vasitələrə əl atacaq”.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinə məxsus tankın Afrində vurulmasından sonra Ankara hərəkətə keçib. Bununla bağlı Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyasının rəhbəri Yusif Bəyazid NATO ölkələrinə müraciət edib:
“Buradan bütün NATO ölkələrinə səslənirəm. Əgər silahı hər hansı biriniz vermisinizsə, Türkiyə bu ölkələrin Suriyaya silah göndərməsini tamamilə qadağan edəcək”.