6 Avqust 2014 16:04
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Erməni tərəfinin xeyli itkiləri var. Biz şübhəsiz ki, onları saymır, statistikasını heç vaxt aparmırıq. Çünki bu barədə ən dəqiq məlumatı onların özləri bilir, özləri də statistikasını aparırlar. Yəqin ermənilərin itkiləri o qədər çoxdur ki, artıq onun statistikasını da apara bilmirlər. Onlar artıq bilmirlər ki, ölən və yaralananlarının olduğunu necə və harada gizlətsinlər, faktları necə ört-basdır etsinlər. Ona görə də məcburdurlar ki, heç bir əsası olmayan bəyanatlarla çıxış etsinlər"

Bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyanın cəbhədə yaranmış son gərginliyə görə məsuliyyətin Azərbaycan hərbi-siyası rəhbərliyinin üzərinə düşməsi və guya Azərbaycan Ordusunun itkilərinin göstəriləndən 8-9 dəfə çox olması haqqında ittihamları ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı bəyan edib.

V.Dərgahlı Azərbaycanın Müdafiə Nazirliyi adından bir daha bəyan edib ki, son günlər cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistanın, daha doğrusu Yerevanın hərbi-siyası rejiminin üzərinə düşür: "Çünki həm Dağlıq Qarabağ ərazisində, həm Azərbaycan-Ermənistan sərhəddi boyu yerləşdirilmiş Ermənistanın işğalçı silahlı qüvvələri daim Azərbaycanın mülki əhalisini, yaşayış məntəqələrini atəşə məruz qoyur. Mülki əhali arasında yaralananlar və itkilər olur.

Bundan əlavə, Ermənistanın kəşfiyyat-təxribat qrupları Azərbaycanın cəbhənin ön xətlərində yerləşən postlarına hücum etməyə cəhdlər göstərirlər. Hər dəfə də hücum edərkən Silahlı Qüvvələrimizin bölmələri tərəfindən əvvəlcədən aşkar edilir, qarşısı alınır və geri çəkilməyə məcbur edilir. İyulun 31-dən etibarən başlamış son gərginlik dövründə isə Azərbaycan Ordusu 13 şəhid verib və onların hər biri də müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən təltif olunub".

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, Ermənistan tərəfindən belə bəyanatlarla yalnız müdafiə nazirinin çıxış edərək canfəşanlıq etməsi böyük maraq doğurur: "Çünki bu hadisələrin hamısı məhz onun günahları ucbatındandır. Ona görə də məsuliyyəti digərlərinin, konkret olaraq Azərbaycan tərəfinin üzərinə atmaq istəyir. Bununla özünə bəraət qazandırmağa çalışır.

Amma nəticədə özü öz sayıqlamalarının içində boğulur. Çünki bütün bunlar onun öz səhvidir və buna görə öz milləti qarşısında cavab verməlidir. Bu cinayətkarın Xocalı faciəsində, 90-cı illərin əvvəllərində baş vermiş qanlı olaylar vaxtı azərbaycanlıların qanına bulaşmış əlləri əvvəl-axır elə onun özünü çirkabda batıracaq, sonuna çıxacaq".

Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü hesab edir ki, məsələyə beynəlxalq ictimaiyyət dərhal reaksiya verməli və işğalçını öz adı ilə bəyan etməlidir: "İşğalçı indinin işğalçısı deyil. Artıq neçə illərdir ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub. Məhz Azərbaycanın ərazi bütövlüyünə qəsd olunub, dünya tərəfindən tanınmış sərhədləri təcavüzə məruz qalıb. Beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti bu məsələyə qarışmalı və işğalçının kimliyini açıq-aydın bəyan etməlidir".

Qeyd edək ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan keçirdiyi mətbuat kofransında son günlər cəbhədə tökülmüş qanlara görə məsuliyyətin Azərbaycanın hərbi-siyası rəhbərliyinin üzərinə düşdüyünü, eləcə də Azərbaycan Ordusunun itkilərinin göstəriləndən 8-9 dəfə çox olduğunu deyib.

/trend/


Müəllif:

Oxşar xəbərlər