Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, ehtiyatda olan general-leytenant İlkər Başbuğ barəsində Prezident Rəcəb Tayyib Ərdoğan və MHP başqanı Dövlət Baxçalının söylədiyi fikirləri cavablandırıb.
Teleqraf.com-un məlumatına görə, general bu barədə özünün Tvitter səhifəsində yazıb.
İlkər Başbuğ bildirib ki, Afrin əməliyyatı ilə bağlı dediklərini prezidentə tam və doğru çatdırmayıblar:
“50 il xidmət etdiyim Türk Ordusunun bir nümayəndəsi olaraq aldığım təhsil və dövlət adamı prinsipindən çıxış edərək bu günə qədər fikir və dəyərləndirmələrimdə nə şəxsi, nə də siyasi partiyaları hədəfə alan ifadə olub... Ancaq hörmətli Dövlət Baxçalı MHP-nin qrup toplantısındakı çıxışı zamanı şəxsimi hədəfə alan məqsədli və yersiz ittihamlar irəli sürməsi qarşısında açıqlama verməyi vacib hesab edirəm.
Qeyd edim ki, “Zeytun budağı” əməliyyatı ilə bağlı fikirlərim və dəstəyim ortadadır. Odur ki, yersiz ittihamları və yanaşmaları qiymətləndirməyi türk cəmiyyətinin öhdəsinə buraxıram”.
İlkər Başbuğ xatırladıb ki, ölkənin təhlükəsizliyi məsələləri siyasi baxımdan qiymətləndirilməlidir:
“Bunun əksi düşünülə də bilməz. Əhəmiyyətli olan məqam bir əməliyyatın ortasında ölkəmizin bütün təbəqələrinin birlik və həmrəylik göstərməsindir. Mən hər zaman bunu vurğulamaq istəmişəm”.
General deyib ki, onun fikirləri ilə bağlı Ərdoğanın dəqiq və doğru məlumatlandırılmadığını düşünür:
“Ancaq prezidentin çıxışında vurğulanan “lazımı cavabı alacaq” ifadəsini bu günə qədər üzləşdiyimiz haqsızlıqlara yeni haqsızlıqların əlavə ediləcəyi şəklində anlamaq olar”.
Xatırladaq ki, fevralın 8-də açıqlama verən İlkər Başbuğun fikrincə, əsgər vuruşarkən, şəhid olarkən bunun “siyasidir” kimi fikirlərlə müzakirə edilməsi yersizdir. O, Afrin əməliyyatının siyasətdə alət edilməməsinin vacibliyini xüsusilə qeyd edib.
Prezident Ərdoğan isə bəyan edib ki, təqaüddə olsa da, Baş Qərargah rəisi olmuş şəxsin belə bir açıqlama verməsi təəssüf hissi doğurur: “Bunu demək kimin həddinədir? Əsgərin vəzifəsi nədir? Ölkəsinə qarşı hücum edənlərə həddini bildirməkdir. Əsgər kazarmada oturub belə hücumları izləməlidir? Bu fəaliyyətin siyasətə alət etdildiyini nəyə görə deyir? Lazımı cavabını alacaq”.