2018.02.19 18:38
Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatı davam edərkən, Suriya Prezidenti Bəşər Əsədə sadiq qüvvələrin bu bölgəyə girəcəyi ilə bağlı məlumatlar yayılıb.
Teleqraf.com xəbər verir ki, Türkiyə mediası hərbi və siyasi ekspertlərin bu vəziyyətdə Afrində baş verə biləcək hadisələrlə bağlı fikirlərini öyrənib.
Siyasi ekspert Nihad Əli Özcanın fikrincə, bu hadisə Suriyadakı balansın nə qədər dəyişkən olduğunu göstərir:
“Əsəd rejimi bunu Rusiya və İranın razılığı olmadan edə bilməz. Yəni Rusiya və İranın bu məsələdən xəbərdar olduğunu düşünürəm. Bu vəziyyət Türkiyənin əməliyyatlardakı hərbi hədəflərini sərhədləşdirə bilər. Çünki Türkiyənin bu hədəfi PKK və PYD terrorçularına qarşıdır. Dolayısıyla, Türkiyə Əsəd rejimi ilə toqquşmalara getməyəcək. Əgər Əsəd ordusu PKK və PYD-yə dəstək versə, Türkiyə lazımı cavab verəcək”.
Mütür Universitetinin professor Həsən Köninin sözlərinə görə, Əsəd rejiminin Afrinə girməsi məsələsində əsas diqqəti Rusiyanın mövqeyinə cəmləşdirmək lazımdır:
“Hava sahəsinə nəzarət onların əlindədir. Biz oradakı terrorçuları məhv edirik. Bu, müharibə anlamına gəlmir. Ancaq Suriya qüvvələri ora girsə, müharibə qaçılmazdır. Fikrimcə, ABŞ Dövlət katibi Reks Tillersonun son səfərinin, eləcə də İranın mövqeyinin bu məsələyə təsiri böyükdür”.
Siyasi şərhçi Abdullah Ağarın fikrincə, Əsəd rejimi belə bir həmləni Rusiyadan xəbərsiz edə bilməz:
“Bu, YPG-nin zəifliyini göstərir. Rejimi təhdid edirdilər, indi isə yardım istəyirlər ki, biz rejimə qarşı deyilik. PKK və İŞİD terrorçularına yönəlik mübarizə aparırıq. Əsədin Afrində hansı mövqe tutacağı maraqlıdır. PKK-nı himayə etsə, bu, çox risklidir”.
Hərbi ekspert, ehtiyatda olan general Naim Baburoğlu bildirib ki, bu hərəkət Rusiyanın PKK kartını ABŞ-a vermək istəməməsinin nəticəsidir:
“Türkiyənin ABŞ ilə son görüşündə buzların əridiyini göstərməsi Rusiyanın bu istiqamətdə addım atmasına səbəb ola bilər. Suriya ordusunun Afrinə cənubdan girməsi Afrin ilə İdlib arasındakı əlaqəni çətinləşdirir. Bu da Türkiyənin İdlibdəki qüvvələri ilə əlaqənin kəsilməsinə yol açır. Fikrimcə, Türkiyə və Suriya ordusu Afrində bir nöqtədə dayanacaqlar. Bu məsələ Rusiya Türkiyə arasındakı koordinasiya ilə öz həllini tapacaq”.
Hərbi ekspert, ehtiyatda olan general Əhməd Yavuz isə hesab edir ki, bu hərəkət Əsədin Türkiyə ilə görüş və ya müzakirə istəməsi deməkdir: “Bu məsələdən Rusiya da xəbərdardır”.