Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bu il ən böyük tədbirlərimizdən biri Amsterdamda keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.
O qeyd edib ki, Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Niderland Krallığının paytaxtında Xocalı soyqırımına həsr olunmuş konsert-rekviyem təşkil olunacaq. Belə kütləvi tədbirlər Avropanın digər ölkələrində, Türkiyədə, ABŞ-da, Kanadada və digər ölkələrdə də keçiriləcək:
“Nyu York şəhərində BMT-nin mənzil-qərargahı qarşısında, Vaşinqton, Brüssel və digər şəhərlərdə Ermənistan səfirlikləri qarşısında, eləcə də Almaniyanın bir sıra şəhərlərində azərbaycanlıların etiraz aksiyaları, yürüşlər təşkil edilir və qarşıdakı günlərdə belə tədbirlər daha da intensivləşəcək. Kanada da faciənin ildönümü ilə əlaqədar keçirilən tədbirlər demək olar ki, ölkənin bir çox şəhərlərini əhatə edir. Türk və Azərbaycan diasporunun güclü olduğu Almaniyada bu il də genişmiqyaslı aksiyalar keçirilməkdədir. Berlin, Hannover, Hamburq, Frankfurt, Maqdeburq, Drezden kimi şəhərlərdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları fotosərgi, konfrans və etiraz aksiyaları təşkil etməklə ictimaiyyətin diqqətini bu faciəyə yönəldir. Bundan əlavə, ictimai nəqliyyat vasitələrində faciəyə həsr olunmuş videoçarx və posterlərin yayılması məlumatlandırma kampaniyasında böyük effekt verir. Belə təbliğat vasitələri hər gün nəqliyyatdan istifadə edən yüz minlərlə insanın bu çarxları görməsi ilə nəticələnir. Bununla yanaşı, yerli kanallarda Xocalı soyqırımını əks etdirən filmlərin nümayişi, rəsmi orqanlara müraciətlər də apardığımız kampaniyanın tərkib hissədir”.
N.İbrahimov qeyd edib ki, qardaş Türkiyədə də Xocalı soyqırımına həsr olunmuş tədbirlər, görüşlər, aksiyalar həyata keçirilir:
“Bu işlərin səmərəliliyini və kütləviliyini artırmaq məqsədilə “Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası” qəbul olunub. Xocalı faciəsinin tanıdılması istiqamətində türkdilli ölkələrin, xüsusilə də Türkiyənin diaspor təşkilatlarının böyük dəstəyi hiss edilir. Yəni, artıq Azərbaycanın və dünya azərbaycanlılarının həyata keçirdiyi bütün təbliğat xarakterli tədbirlərdə, aksiyalarda Türkiyənin və digər türkdilli ölkələrin bayraqları da görünür.
Biz artıq ermənilərin formalaşdırdığı soyqırımı yalanını birgə mübarizə sayəsində müəyyən qədər ifşa edə bilmişik. Ermənilərin əsl üzünün ortaya çıxmasında, onların yalan üzərində qurulmuş saxta təbliğatının puç olmasında əvvəlcə Xocalıda törədilmiş vəhşiliklərin tam olaraq dünyanın hər yerində bilinməsi gərəkdir. Dünyanın bütün xalqları təfsilatı ilə bilməlidir ki, erməni faşizmi nədir. Yəni, bizim ən mühüm hədəfimiz budur və düşünürəm ki, qarşıdakı illərdə bu hədəfimizə daha da yaxınlaşacağıq”.