Ötən gün "İdeal" parfumeriya və kosmetika mağazalar şəbəkəsinin 23 fevral - işğalçı Qızıl Ordunun yaradılması günü münasibətilə endirim kampaniyası elan etməsi müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və millət vəkili Fazil Mustafa Teleqraf.com-a açıqlama veriblər.
Tənzilə Rüstəmxanlı bildirib ki, bu cür kampaniyaya start verənlər müstəqillikdə yaşamağın nə qədər böyük qürur olduğunu duymayan insanlardır: “Ümumiyyətlə, 23 fevralı kişilər günü kimi qeyd etmək milli şüurdan uzaq adamların işidir. Onlar məlumatsız və şüursuzdurlar. Mağazalar endirim kampaniyalarını tez-tez etsinlər, amma milli bayramlarımızda etsinlər. O qədər milli və gözəl bayramlarımız var ki...
23 fevralı kişilər bayramı kimi etmək düzgün deyil. Həmin günün bayram sayılmasından uzun illər keçib. Bəziləri hələ də anlamır ki, bu bayramın bizə heç bir adiyyəti yoxdur. Bu ordu 20 yanvarda Azərbaycanda qətliyam törədib.
Bəlkə də mağaza sahibləri düşünürlər ki, alıcılar nostalji hissi ilə o illərə qayıdacaq və alış-veriş edəcəklər. Bu, səhv yanaşmadır”.
Millət vəkili Fazil Mustafanın fikrincə, bu, ticarət maraqlarını əsas götürüb müştərini yanlış təbliğatla cəlb etmək variantıdır: “Kişilər bayramı deyilən birr məfhum yoxdur. Bu səbəbdən də bu cür davranışlara ticari aldatma variantı kimi baxmaq lazımdır”.
Qeyd edək ki, “İdeal" parfumeriya və kosmetika mağazalar şəbəkəsinin 23 fevral tarixi üçün nəzərdə tutulmuş kampaniya çərçivəsində məhsullarını 50 faiz endirimlə satmağı təklif edib.