26 Fevral 2018 15:00
1 930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər Xocalıda girov götürdükləri uşağın başını kəsib anasına verdilər.

Bunu Xocalı soyqırımı zamanı erməni silahlı birləşmələrinin girov götürdüyü 1275 azərbaycanlıdan biri olan Əntiqə Baxşəli qızı Qəhrəmanova deyib.

Ə.Qəhrəmanova 1930-cu ildə Azərbaycanın Laçın rayonunda doğulub. 1992-ci il fevralın 26-da girov götürülüb, 1992-ci il fevralın 28-də azad edilib.

O ifadəsində bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücum edən Ermənistan ordusu dinc əhalini qətlə yetirərək evləri yandırıb. Xilas olmaq istəyən əhalinin bir qismi əkin sahələrinə tərəf, digər qismi isə yol qırağına səpələnmiş və dəstələrlə müxtəlif istiqamətlərdə qaçmağa başlayıb. Ermənilər onları tank və döyüş maşınlarından açdıqları atəşlə qətlə yetirib, meyitləri Əsgəranın yaxınlığındakı silos quyusuna ataraq üstünü traktorla torpaqlayıb örtüblər.

Əntiqə hücum zamanı ailə üzvləri ilə birlikdə meşəyə tərəf qaçıb. Həmin vaxt qızı Raya, onun həyat yoldaşı Təvəkkül Baxış oğlu, nəvələri - Xəzangül, Yeganə, Nigar və digər qızı Göyçək onunla birlikdə olublar. Meşədə er­mə­nilər Xocalı sakini Cananın oğlunun başını kəsib, başı Canana verərək onu azad ediblər. Çiçək adlı cavan gəlinin döşünü və barmağını üzük qarışıq kəsərək onu insanların gözləri qarşısında vəhşiliklə qətlə yetiriblər. Qızının həyat yoldaşı Təvəkkül Baxış oğlu Əmirov silahlı olduğundan əhalini və ailəsini müdafiə etmək məqsədi ilə müqavimət göstərib. Atışma zamanı ayağından və çiynindən yaralanan Təvəkkül ağaclara söykənə-söykənə mülki əhali ilə birlikdə Əsgəran ərazisindəki şum­lanmış əkin sahəsinə qədər gəlib. Oradakı dinc sakinlərin yerini aşkar edən erməni silahlıları atəş açaraq atasının çiynində olan dörd yaşlı Nigarı yaralayıblar. Uşağın anası Raya yaralı qızı Nigarı qucağına götürdükdə ermənilər güllə ilə qadının başından vuraraq onu qətlə yetiriblər. Azərbaycanlı dinc əhali xilas olmaq məqsədi ilə qaçmağa cəhd göstərdikdə erməni hərbçilər atəş açaraq Əntiqənin digər nəvəsi Yeganəni də qətlə yetiriblər. Yaralı uşağa yaxınlaşmaq istədikdə “yaxın getsəniz, hamınızı qıracağıq” deyib onları hədələyiblər.

"Uşaqlarının gözü qarşısında atalarının üstünə benzin tökərək diri-diri yandırdılar"

Qızı Rayanın və nəvəsi Yeganənin meyitlərini orada qoyub bir qədər getdikdən sonra kürəkəni Təvəkkül yeriyə bilmədiyindən dayanıb. Bundan qəzəblənən erməni silahlıları Təvəkkülü yaralı ermənini qucağına götürüb aparmağa məcbur ediblər. Özü güclə yeriyən Təvəkkül yaralı ermənini qucağına götürüb bir qədər apardıqdan sonra yerə qoyub və “Daha apara bilmirəm, istəyirsiniz məni öldürün” deyib. Bundan sonra ermənilər Təvəkkülü Qarabağın ermənilərə məxsus olduğunu söyləməyə məcbur etməyə çalışıblar. Təvəkkül isə bu torpaqlarda min illər boyu azərbaycanlıların yaşadığını, ulu babalarının belə burada dəfn edildiyini və Qarabağın tarixən Azərbaycana məxsus olduğunu söyləyib. Qəzəblənən ermənilərdən biri avtomatın lüləsi ilə Təvəkkülə zərbə endirib və onu gül­lələmək istəyib. Təvəkkülün 10 yaşlı qızı Xəzəngül qaçaraq erməni əsgərinin ayaqlarını qucaqlayaraq ona “Ay erməni, anamı, bacımı öldürmüsən, heç olmasa atamı öldürmə, bəs bizi kim saxlayacaq?” deyə yalvarıb. Onları bir qədər apardıqdan sonra Ermənistan hərbçiləri dayanıb və Təvəkkülü möhkəm döydükdən sonra yenə də ondan Qarabağın ermənilərin olduğunu söyləməyi tələb ediblər. Təklifdən yenə də imtina edən Təvəkkül onlara “Adam ölümdən qorxub Və­tə­nini satmaz” dedikdə ermənilər onu daha da amansızcasına döyüb və məftillə ağaca bağlayıblar. Erməni silahlılarından biri benzini dizə qədər Təvəkkülün ayaqlarına tökərək onu yandırıb, sonra isə “Yanırsan, de ki, Qarabağ ermənilərindir” söyləyib və alovu söndürüb. Ermənistan əsgərləri “Qarabağ ermə­nilərindir” deyərsə, Təvəkkülü azad edəcəklərini bildirsələr də, Təvəkkül onlara “Uşaqlarımı da gətirib yan­dırsanız, Vətə­nimi satan deyiləm!” cavabını verib. Bundan qəzəblənən Ermənistan hərbçiləri uşaqlarının gözü qarşısında benzini Təvəkkülün üstünə tökərək onu diri-diri tamamilə yandırıb, bu əməlin uşaqlarına gözdağı olacağını bildiriblər. Təvəkkülün yanmış meyiti ağaca bağlı vəziyyətdə meşədə qalıb, ermənilər isə Əntiqəni, qızı Çiçəyi, nəvələri - Nigarı və Xəzəngülü Əsgərana gətirərək orada qaranlıq bir binaya salıblar. Ermənilər orada Əntiqənin qızı Çiçəyin üzüyünü, boyunbağısını və qulaqlarındakı sırğalardan birini zorla alıblar. Əntiqə Əsgəranda 30-35 nəfərə qədər azərbaycanlı girovun saxlanıldığını görüb. Orada girovların pullarını, zinət əşya­larını alıb uşaq, qadın və kişiləri ayrı-ayrı otaqlara salıblar. Qonşuları Halayın üç oğlunu girovların arasında görən Əntiqə onlardan valideynləri barədə soruşub. Oğlanlar Əsgəranla Şelli arasında ermənilərlə danışıq apararaq valideynlərinin azad edilməsi əvəzin­də özlə­rinin girov götürülməsi haqda razılığa gəldiklərini, bundan sonra ermənilərin Halayı və həyat yoldaşı Matanı azad etdiklərini və əvəzində onları girov götürüdüklərini deyiblər.

Əntiqə Qəhrəmanova qızı Göyçək, nəvələri - Xəzəngül və Nigarla birlikdə 1992-ci il fevralın 28-də girovluqdan azad olunublar.

"Zirzəmiyə qumbara atıldı, qəlpələr hamını, hətta bələkdəki körpəni də yaraladı"

Araz Zülfüqar oğlu Ələsgərov - 1982-ci ildə Azərbaycanın Xocalı şəhərində doğulub. 1992-ci il fevralın 27-də girov götürülüb, 1992-ci il aprelin 1-də azad edilib.

O ifadəsində bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbçiləri Rusiyaya aid 366-cı alayın köməyi ilə Xocalı şəhərinə hücum edərkən 1952-ci il təvəllüdlü anası Qərənfil, 1977-ci il təvəllüdlü bacısı Nəzakətlə birlikdə evlərində olublar. Qardaşı Eyvaz isə şəhəri müdafiə etmək üçün yaradılan postda növbədə olub. Arazın ailəsi qonşunun zirzəmisində daldalanaraq həmişəki kimi atışmanın sona yetməsini gözləyib. Zirzəmidə olan 15 nəfər Xocalı sakinindən 2 nəfəri kişi, qalanları qadın-uşaq olub. 3-4 saat zirzəmidə qaldıqdan sonra ermənilər zirzəmiyə əl qumbarası atıb və içəridə partlayış baş verib. Anası onu döşəyin altında gizlətdiyindən qumbaranın qəlpələri ondan başqa hamını, hətta bələkdəki körpəni də yaralayıb. Anası sağ gözündən yaralanıb, qapı yanında keşik çəkən kişilər isə ölüblər. Zirzəmidən çıxan Araz bütün şəhərin yandığını görüb, bu zaman 7-8 rus hərbçi onları mühasirəyə alaraq girov götürüb və yaxınlıqdakı bir evə yığıblar. Səhər açılanda ruslar həyətə çıxıb və geri qayıtmayıblar. Sonra 15 nəfərə yaxın saqqallı, hərbi paltarlı silahlı erməni içəri daxil olaraq girovları uzun müddət təpiklə, yumruqla, avtomatın qundağı ilə döyüb, qızlardan birini o biri otağa keçirib zorlayıb, sonra halsız vəziyyətdə qaytarıb girovların yanına atıblar. Girovların qızıllarını, pullarını əllərindən alan erməni hərbçilər onların sənədlərinə baxış keçiriblər. Girovların hamısının Ahıska türkləri olduqlarını zənn edən ermənilər dəqiqləşdirmək üçün aralarında Xocalı sakinlərinin, yəni azərbaycanlıların olub-olmadığını soruşublar. Heç kim dillənmədikdə: “Fərq etməz, siz də türksünüz. Sizin də damarlarınızda türk qanı axır” deyərək yenidən girovları döyüblər. Sonra özləri maşına minib, girovları isə piyada Xankəndinə tərəf aparıblar. Yolda onları bir gecə meşədə qarın üstündə saxlayıb, səhər açılanda yenə piyada Xankəndinə aparıblar. Bu dəfə erməni hərbçiləri də piyada, əllərində şampan içə-içə, gülə-gülə onların arxasınca gediblər. Girovları pəncərələrinin şüşəsi olmayan Xankəndi avtovağzalının içi qar, su və buz ilə dolu zirzəmisinə salan ermənilər oranı xocalılar üçün hazırladıqlarını bildiriblər. Saxlanıldıqları müddətdə erməni hərbçilər tez-tez gəlib girovları döyüb, söyüb və üstlərinə tüpürüblər. Janna adlı bir erməni qadın isə içəri girərək polkovnik olduğunu və bütün türkləri, o cümlədən azərbaycanlıları qıracağını söyləyib. A.Ələsgərov, onun ailəsi və oradakı digər girovlar bir neçə gündən sonra dəyişdirilmə yolu ilə girovluqdan azad ediliblər.

"Qadın erməni həkimin verdiyi həbi içdikdən bir neçə gün sonra zəhərlənərək öldü"

Elmira Şahmalı qızı Kərimova - 1957-ci ildə Ağdam rayonunda doğul­ub­, sonra ailəsi ilə birgə Xankəndi şəhərinə köçüb, 1988-ci ildə ermənilər tərəfindən qovulduqdan sonra Xo­ca­lı şəhərində məskunlaş­ıblar. 1992-ci il fevralın 26-da girov götürülüb, 1992-ci martın 3-də azad olunub.

O ifadəsində deyib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə işğalçı Ermənistan ordusunun Xocalıya hücumu zamanı ailəsi ilə birlikdə xilas olmaq üçün əhaliyə qoşularaq dəstələrlə meşəyə üz tutublar. Səhərə yaxın Əsgəran rayonu, Naxçıvanlı kəndindəki ara yolda sarı rəngli UAZ markalı maşın, zirehli döyüş maşını və tankın gəldiyini görüb meşədəki xəndəkdə gizləniblər. Bu vaxt onlara yaxınlaşan Vasif adlı Xocalı şəhər sakini qardaşının meşədə ermənilər tərəfindən qətlə yetirildiyini söyləyib. Bir qədər keçdikdən sonra erməni hərbçilər onları mühasirəyə alıb, məni, həyat yoldaşım Yalçın Asif oğlu Əsədovu, oğlum Anarı, qızım Nərgizi, bacım Züleyxa Sadıqovanı, onun qızı Yeganəni, Xocalı sakini Rəsulun həyat yoldaşını, anası erməni olan Juliyanı, onun bacısı Laləni (girov düşəndən sonra adının Laura olduğunu bildirirdi) və digərlərini girov götürüblər. Girov düşdükləri vaxt Elmira Kərimova tanımadığı yaralı bir azərbaycanlı qadının ağzına atəş açaraq ermənilər tərəfindən öldürdüklərinin şahidi olub. Bir silahlı erməni həyat yoldaşı Yalçını avtomatın qundağı ilə vurub başını partladıb, axan qanı silmək istəyən Elmiranı isə yerə yıxaraq təpikləyib. Ermənilər girovların hamısını Əsgəran Milis İdarəsinə aparıb, onların pullarını, sənədlərini və zinət əşyalarını döyə-döyə əllərindən alıb, qızıl dişlərini isə kəlbətin, vintaçan və ya hər hansı bir metal əşya ilə çıxarıblar. Milis rəisi Razmik Ağacanyanı çoxdan tanıyan azərbaycanlı girovlardan biri ondan kömək istədikdə o, silahlıların əksəriyyətinin Yerevandan gəldiyini və girovlara kömək edərsə, başının kəsilə­cəyindən qorxduğunu bildirərək yardım göstərməkdən imtina edib.

Əvvəllər Xocalıda uni­ver­maqda işləyən və anası erməni olan Juliyanı meşədən çıxarkən adını bilmə­dikləri qardaşı girovlardan ayırıb UAZ markalı maşına mindirərək harasa aparıb. Girov götürüldükləri günün sabahı Vaçik adlı erməni Juliyanı təkrar girovların yanına gətirərək onun şalını, paltosunu, ümumiyyətlə, bütün isti paltarlarını əlin­dən alıb girovlara verib, sonra saçından tutaraq “Satqınlıq edib müsəlmana ərə getmisən, oğlun və qızın var. İndi də satqınlıq edərək ərini tullayıb qardaşının evi­nə getmisən?” deyərək onu sillələyib. Əsgəran milisində saxlanıl­dıqları vaxt daim kameranın o biri tərəfindən güllə səsləri, azərbaycanlı girovların müxtəlif çığırtılarını “dirsəyim çıx­dı”, “qolum qırıldı” kimi fəryadlarını eşidən E.Kərimova bir dəfə uşaqlarını ayaqyoluna apar­dığı vaxt qapının yanında qara qanlı parçaya bükülən üç insan başı görüb, oradakı yaraqlı erməni isə ona “Sizin qəhrəmanların başıdır, qardaşlıq məzarında kəsib gətirmişik ki, itlərə yem edək” söyləyib.

Əsgəran milisində onlarla saxlanılan Ta­ma­şa adlı qadın qapının arasından baxarkən oğlu Vaqifin və yeznəsi Səlimin üzü­ üstə atılan meyitlərini görüb. Girovların yanına tez-tez gəlib-gedən Yura adlı erməni isə qadınları və qızları sorğu-sual bəhanəsi ilə aparır, sonra isə kameranın qapısını açaraq zorlanmış qadınları halsız vəziy­yətdə geri qaytarıb. Ümumiyyətlə, orada ermənilər qadın və uşaqları tez-tez ayırıb rəisin otağına aparıblar. Əsgəranda saxlanılarkən həyat yoldaşı Yalçın Asif oğlu Əsədovqucağında saxladığı qızı Nərgizin üzündən son dəfə öpərək Elmiraya verib. Bu hadisədən sonra E.Kərimova həyat yoldaşını bir daha görməyib. Gecələrin birində isə tanımadığı bir erməni əlində fənər kameraya daxil olaraq "Elmira kimdir? Qardaşı İntiqam, həyat yoldaşı Yalçın olan Elmira kimdir?" soruşaraq girovları təpik­ləyib, sonra E.Kərimovanı milis rəisi Razmik Ağacanyanın otağına aparıb. Gözləri və başı həddindən böyük, adi insana bənzəməyən bir saqqallı yaraqlı erməni ona Azərbaycan dilində “İntiqam sənin qardaşındır? Hanı o, onu kim apar­dı, hara apardı?” və s. kimi suallar verib, qaneedici cavab almadığından Elmiranın sifətinə tüpürüb, vəhşi kimi qışqırıb, saçından dartaraq zərbə ilə boynuna vurub. Huşunu itirən Elmira yalnız kamerada bacısı Zü­leyxanın dizləri üstündə gözlərini açaraq özünə gəlib. Əsgəran milisində saxlandıqları vaxt oraya yeni gətirilən girovlardan Elmiranın əvvəllər tanıdığı Xocalı şəhər sakini Xəzən­gül adlı qadın tez-tez qapını döyərək erməni nəzarətçilərə “Başım ağrıyır, mənə dər­man verin!” deyərək qışqırırmış. Erməni həkim ona balaca həb verib, nəticədə bir neçə gündən sonra dəyişdirilərək girovluqdan azad olunan qadın qısa zamanda zəhərlənərək ölüb. Beş gün girov saxlandıqdan sonra Elmira və qızı Nərgiz bir neçə qadınla birgə bir erməni hərbçinin meyiti ilə dəyişdirilərək girovluqdan azad olunublar. Azad edilərkən bir erməni E.Kərimovanın saçından tutaraq “Hamınızı qıracağıq. Ağdamı da alacağıq. Əgər Ağdamda mənim əlimə keçsən, sənin başını mən özüm kəsəcəyəm” deyib.

"Girov qadının qarnını kəsərək pişiyi diri-diri ora saldılar"

Qənahət Məhəmmədəli oğlu Hacıyev - 1940-cı ildə Azərbaycanın Laçın rayonunun Böyüklü kəndində doğulub. 1992-ci ilin fevralın 28-dən aprelin 12-dək girovluqda olub.

O ifadəsində deyib ki, Ermənistan hərbi qüvvələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücumu zamanı atəş səslərinə evdən çıxıb və şəhərdə evlərin yan­dığını görüb. Qar­daşı oğlu - Tahir Hacı oğlu Hacıyevi də götürüb posta tərəf yollanıb, postun da yandığını görüb və sürünə-sürünə dəmir yoluna tərəf irəliləyiblər. Dəmir yolunun kənarında toplaşan 3 minə yaxın Xocalı sakininə qoşulublar. Oradan 50 nəfərlə birlikdə Xocavənd rayonu istiqamətində qaçmağa başlayıb, meşədə azaraq iki gün qarlı havada yolu tapa bilməyiblər. Meşədə 12 nəfərin bir yerdə donub qaldıqlarının şahidi olub, lakin onları tanıya bilməyiblər. Onların dəstəsində 30-40 nəfər qalıb, meşədə iki gün ocaq yandırıb qızınıblar. Ertəsi gün saat 05:00 radələrində ocağın kənarında yatan əhalini yuxudan oyadaraq yola düşüblər. Qarşıda görünən kəndin ermənilərin olduğunu desə də, camaat ona əhə­miy­yət verməyib həmin kəndə tərəf gedib. Kəndə çatanda isə ermənilər onları atəşə tutub. Orada Zəhra Salahovaadlı yaşlı qadını, Telman Zeynalovadlı oğlanı və adını bilmə­diyi daha bir cavan oğlanı öldürüblər. Sonra onları mühasirəyə alaraq girov götürüb, Dəhraz kəndinə apararaq fermaya salıblar. Bir gündən sonra aralarından 13 nəfər cavan oğlanı seçərək aparıblar, ba­yırdan güllə səslərini eşitdiklərinə görə onların güllələndiyini düşünüblər. Bu hadisədən sonra ayaqyoluna get­mək bəhanəsi ilə bayıra çıxıb, ətrafa göz gəzdirsə də, qan izi görməyib. Sonra başa düşüb ki, həmin cavanları harasa aparıblarlar, öldürməyiblər. Həmin gənclər - Əliyar Kamran oğlu Usubov, Elşad Kamran oğlu Usubov, Zakir Kamran oğlu Usu­bov, Rövşən Qaçay oğlu Həsənov, Yusifəli Sü­leyman oğlu Qarayev, Ələddin Bəhlul oğlu Paşayev, Səyavuş Ramiz oğlu Usubov, Elşən Həsən oğlu Bağırov, Şahin Talış oğlu Məmmədov, Ülfət İman oğlu Əliyev, Azad Pirqulu oğlu Cab­barov, Vüqar Hilal oğlu Hüseynov və Tofiq Aslan oğlu Zeynalovdur. Onların taleyindən indiyə qədər xəbər yoxdur. Orada əhalinin üstün­dəki qızıl-zinət əşyalarını əllərin­dən alıb, 13 yaşlı bir qızın namusuna toxunub, ümu­miyyətlə, çoxlu qa­dın və qızı zorlayıblar. Sonra Xan­kəndinə aparmaq üçün onunla birlikdə 18 nə­fər kişini seçib ayırıblar. Onları Xankəndinə gətirib Milis İdarəsinin kameralarına salıblar. Onu Xocalı­nın işğalından, təqribən, 8-10 gün sonra dəyişmək adı ilə Xankəndindəki avtoparka aparıblar. Oradan keçərkən ermənilərin da­ha bir vəhşiliyinin şahidi olub. Burada bir girov qadının qarnını kəsib və pişiyi diri-diri ora salıblar. Onun yanında isə ermənilərin əlindən tutduğu balaca bir qız “Ana, ana” deyə qışqırırmış.

"Cavan oğlanın qolunu kə­sdilər, sonra isə bıçaq və balta ilə doğrayaraq öl­dürdülər"

Sonra Qənahət Hacıyevi Xankəndindəki 5 mərtəbəli binanın zirzəmisinə salıb yanına Xocavənd rayonun­dan adını bilmə­diyi 17 yaşlı bir oğlanı gətiriblər. Gecə vaxtı 4 nəfər mülki for­mada olan saqqallı erməni həmin oğlana işgəncələr verib. Əvvəl onun qolunu kə­sib, sonra isə bıçaq və balta ilə doğrayaraq öl­dürüblər. Er­təsi gün yenidən Xankəndi Milis İdarəsinin zir­zə­misinə aparılıb. Orada qaldığı müddətdə Xocalıdan olan bir yaralını da gətiriblər. Onun vəziyyəti həddindən artıq ağır idi. Pis vəziyyətdə olduğundan əvvəlcə onu tanımayıb sonradan Ələsgər müəllim olduğunu anlayıb. Yaralı halda soyuq yerdə saxlandığından Ələsgər müəllimin vəziyyəti getdikcə daha da ağırlaşıb. Ağır vəziyyətdə olan Ələsgər məndən su istədi. Mən su olmadığını bildirərkən dedi ki, ağla, gözünün suyunu içim. Mən isə çox döyüldüyümdən gözümdə su qalmadığını bildirərkən o dedi ki, dilini ver, yala­yım, bəlkə bir damla su olsun. Həmin gün o, 7-8 saat sayıqladı, sonra səsi kəsildi. Yaxınlaşan zaman artıq onun öldüyünü gördüm”.

Ertəsi gü­nü ermənilər Ələsgərin me­yitini hara isə apardılar. Əliş Mür­səl oğlu Quliyevi və Əli İbad oğlu Nəbiyevi dö­yərək qa­bırğalarını qırıb, diş­lərini çıxarıblar. Təx­minən, 55 yaşı olan Məhəmməd Salahovu Əsgə­rana aparıb öldürüblər.

"Küçələrdə başları kəsilərək atılmış şəhər sakinlərinin meyitlərini gördük"

Ağca Alxan qızı Talıbova – 1915-ci ildə Azərbaycanın Xocalı şəhərində doğulub. 1992-ci il fevralın 26-da girov götürülüb, 1992-ci il fevralın 28-də azad edilib.

O, girov götürüləndə 77 yaşı olub. A.Talıbova ifadəsində bildirib ki, Ermənistan silahlı birləşmələri Xocalı şəhərinə hücum edən zaman 60 nəfərə qədər qohumu ilə birlikdə zirzəmiyə yığılıb gizləniblər. Əhalinin şəhəri tərk etməsindən xəbərsiz olan qohumlar səhər saat 7 radələrində zirzəmidən çıxaraq şəhərin küçələri ilə gedən zaman yol kənarlarında 10-dan çox şəhər sakininin başı kəsilərək atılan meyitini görüblər. Bir az yol getdikdən sonra Azərbaycan dilində çağırıldıqlarını eşidiblər. Ancaq çağıranların ermənilər olduğunu anlayanda hərə bir istiqamətə qaçıb. Erməni hərbçilər 17 yaşlı Məlahəti, Mələyi, 2 yaşlı Natəvanı yerində güllələyərək öldürüb, 17 yaşlı Rəfiqəyə iki güllə dəyib, onun atası Paşa isə itkin düşüb. Nəvəsi Zahirənin həyat yoldaşı Tariyel Səmədovu, Adilin oğlunu, Cəmil kişinin oğlu Muğanı, anasını, həyat yoldaşını, 15 yaşlı bacısını gözləri önündə güllələyib, milis əməkdaşı Əhmədin isə başını kəsiblər.

Ermənilər onları nəfəs almaq mümkün olmayan darısqal yerə salıb, körpə uşaqlar soyuqdan və acından durmadan ağlayıb, nəzarətçilər isə heç nəyə məhəl qoymadan yaşından və cinsindən asılı olmayaraq, bütün girovları döyüb, gənc, gözəl qızları və qadınları aparıb zorladıqdan sonra qaytarıblar. Ağca Talıbova girovluqdan azad edildikdən sonra 82 yaşlı həyat yoldaşı Rəhim Xudaverdi oğlu Talıbovun erməni hərbçilər tərəfindən güllələndiyini öyrənib.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırım törədiblər. Soyqırım zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyildir. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etdiyi zaman əsir, girov götürülən və sonra azad edilən azərbaycanlıların bir qisminin ifadələri əsasında “Erməni əsirliyində: işgəncə və qətli antologiyası” adlı kitab çap olunub. Kitab Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu tərəfindən Azərbaycan və ingilis dillərində nəşr olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər