Elman Abdullayev: “Azərbaycan öz gücünü və qüdrətini nümayiş etdirdi”
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində – cəbhə bölgəsində son günlər yaşanan gərginliklərlə bağlı Teleqraf.com-a müsahibə verib.
Müsahibəni təqdim edirik.
- Son günlər təmas xəttində yaşanan gərginliklə bağlı Xarici İşlər Nazirliyinin mövqeyi nədən ibarətdir?
- Xarici İşlər Nazirliyi təmas xəttində gərginlik yaranan ilk günlərdən bununla bağlı bəyanat yayıb. Bununla belə bir daha qeyd etməyi vacib bilirəm ki, ilk növbədə bütün beynəlxalq ictimaiyyət Ermənistanın işğalçılıq siyasəti ilə bağlı bu gün birmənalı mövqe bildirib. Bu mövqe ondan ibarətdir ki, Ermənistanın üzərində işğalçı ölkə damğası daimi olaraq mövcuddur. Bununla bağlı beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələrin parlamentlərinin qərarları var. Yəni, bu gün sülh prosesinin getdiyi bir mərhələdə Ermənistan tərəfindən belə bir təxribata əl atılması və cəbhə xətti boyunca bu cür təxribatlar həyata keçirilməsi rəsmi İrəvanın sülh prosesinə xələl gətirmək meyllərindən xəbər verir. Ermənistan tərəfi münaqişənin həllini regionda sülhə, sabitliyə və inkişafa gətirib çıxaracağını nə qədər tez dərk etsə, bu, münaqişənin həllinə bir o qədər müsbət təsir göstərəcək. Bu gün Azərbaycan diplomatik vasitələrə, diplomatik üsullara üstünlük verir, lakin Azərbaycan öz gücünü, qüdrətini nümayiş etdirdi.
Azərbaycanın gücünü və qüdrətini Ermənistanda da yaxşı dərk edirlər. Yaxşı dərk edirlər ki, istənilən halda Azərbaycan öz ərazilərini işğaldan istənilən üsullarla, beynəlxalq qanunvericiliyə, beynəlxalq hüququn norma və tələblərinə uyğun olaraq azad edə bilər. Çünki beynəlxalq hüquq bizim tərəfimizdədir. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindədir. Bu isə öz-özlüyündə elə beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Mən hələ etnik təmizləmələri, insanlığa qarşı cinayətləri, Ermənistan silahlı qüvvələri tərəfindən yol verilən digər aktları demirəm. Hərçənd ki, bunlar da öz-özlüyündə böyük cinayətlərdir. Ən böyük cinayət isə insanlığa qarşı törədilmiş cinayətdir. Yəni, bu beynəlxalq humanitar hüququn pozulmasıdır. Cəbhə bölgəsindəki son təxribatlara gəldikdə isə, bizim mövqeyimiz birmənalı şəkildə ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət bu məsələyə çox ciddi diqqət yetirməli və işğalçı Ermənistana sanksiyalar tətbiq etməlidir. Çünki beynəlxalq ictimaiyyət bu məsələyə dair qətiyyətli mövqe, Ermənistana təzyiq görməyincə rəsmi İrəvan beynəlxalq hüququn norma və prinsiplərini pozmağa davam edəcək. Ümumiyyətlə, Ermənistanın bu hərəkəti elə beynəlxalq ictimaiyyətin özünə böyük bir hörmətsizliyin davam etməsi deməkdir. Biz dəfələrlə qeyd etmişik ki, münaqişənin həlli prosesi yalnız və yalnız ilk növbədə Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasından sonra irəliyə gedə bilər. Yəni, bu ilkin addım olmalıdır. Əks təqdirdə təbii ki, sülh prosesinin irəliyə getməsi qeyri-mümkün olacaq. Lakin, yenə də qeyd etmək istəyirəm ki, sülh prosesinin hazırkı mərhələsində Ermənistan tərəfindən bu cür təxribatların həyata keçirilməsi daha təhlükəli trendin, daha təhlükəli istiqamətin yaranmasına gətirib çıxara bilər. Bundan itirən tərəf isə birmənalı şəkildə Ermənistanın özü olacaq. Ermənistan onsuz da bu gün münaqişənin həll olunmaması səbəbindən həm iqtisadi, həm də demoqrafik baxımdan çox böyük itkilərlə üz-üzə qalıb. Lakin Ermənistan tərəfindən belə bir vəziyyətdə status-kvonu davam etdirməyə nail olacaqlarını, bununla nə isə əldə edəcəklərini düşünürlərsə, onlar çox ciddi şəkildə yanılırlar. Çünki onlar bir şeyi artıq dərk ediblər ki, münaqişənin həlli prosesi, ümumiyyətlə işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası Azərbaycan üçün prinsipial yanaşmadır. Biz Dağlıq Qarabağımızı və işğal olunmuş digər ərazilərimizi geri qaytaracağıq. Əgər kimsə status-kvonu, yaxud münaqişənin həlli prosesini və danışıqlar prosesini uzatmaq cəhdləri ilə ədalətin bərpa olunması prosesindən qaçacağını düşünürsə, o tərəf çox ciddi şəkildə yanılır. Ədalət gec-tez bərpa olunacaq və güclənən Azərbaycan da bunun edilməsi üçün əlindən gələni əsirgəməyəcək.
- Avqustun 8-9-da Soçidə Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilməsi planlaşdırılan görüşdən nə gözləyirsiniz?
- Açığını deyim ki, bu barədə məndə məlumat yoxdur. Əgər bu barədə hər hansı məlumat olsa, cənab prezidentin administrasiyasından bu barədə rəsmi məlumat verərlər.
- Sizcə, görüş zamanı hansısa nəticə əldə etmək mümkün olacaqmı?
- Yenə də qeyd etmək istəyirəm ki, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da bugünlərdə müsahibəsində bildirdi ki, bu görüşlə bağlı hələlik konkret bir qərar yoxdur. Bununla bağlı qərarları isə Azərbaycan Prezidentinin Administrasiyası qəbul edir.
Səxavət