3 Mart 2018 12:14
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Baş naziri Dmitri Medvedev azərbaycanlı həmkarı Artur Rəsizadəyə Bakıdakı Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı başsağlığı verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Nazirlər Kabineti məlumat yayıb:

“Rusiya hökuməti və öz adımdan həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Faciə zamanı xəsarət alanlara şəfa diləyirəm”.

Qeyd edək ki, 2018-ci il martın 2-də, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, Prokurorluq və Daxili İşlər orqanlarının əməkdaşları cəlb edilib.

Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.

Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Saat 08.30-da yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.

Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.


Müəllif: Samir

Oxşar xəbərlər