5 Mart 2018 20:59
1 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov dünən Bakıda mərakeşli həmkarı Nasser Bourita ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında İslam Əməkdaşlıq Təşkilatına üzv olan bəzi ölkələrin mövqeyindən narazılıq edib. Nazir bildirib ki, İƏT-in fəaliyyətini həmrəylik və qətnamələrin həyata keçirilməsi əsasında qurmaq lazımdır:

“Məsələn, İƏT-də Azərbaycanın lehinə sənəd qəbul edən bəzi ölkələr bəzən başqa təşkilatlarda eyni məsələ ilə bağlı bitərəf qalırlar. Biz həmrəy olmalıyıq”.

Nazirin açıqlamasına münasibət bildirən politoloq Qabil Hüseynli Teleqraf.com-a açqlamasında E.Məmmədyarovun qaldırdığı məsələnin çox aktual, Azərbaycan üçün yerində olan məsələ olduğunu vurğulayıb. O qeyd edib ki, İƏT və ona üzv olan 56 ölkə Azərbaycanın təcavüzə məruz qaldığı və Ermənistan tərəfindən onun torpaqlarının ilhaq edilməsi barədə qətnamə qəbul edirlər, amma qətnamə qəbul edildikdən sonra onun yerinə yetirilməsi istiqamətində səy göstərmirlər. Məsələn, onlardan biri İrandır. İran İƏT-in Ermənistanı təcavüzkar dövlət elan etməsinə baxmayaraq İrəvanla geniş əməkdaşlıq telləri qurub, bu ölkəyə lazım olan malları göndərir, qarşılıqlı ticarət əlaqələrini genişləndirir. Hətta, hərbi sahədə də əməkdaşlıq edir. Bu sırada Səudiyyə Ərəbistanının da adını çəkmək olar. Səudiyyə Ərəbistanı İƏT-in aparıcı dövlətlərindən biri olsa da, müsəlman dövləti olan Azərbaycanın təcavüzə məruz qalması faktını etiraf edir, amma bu təcavüzün nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycana köməklik göstərmir. Yaxud BMT-də, İƏT-də Azərbaycanın xeyrinə mövqe sərgiləyən, ancaq məsələ BMT Baş Assambleyasında səsverməyə çıxarılarkən bitərəf qalan müsəlman ölkələri olur. Bütün bunlar göstərir ki, islam həmrəyliyini təkcə sözdə yox, işdə, əməldə də təmin etmək lazımdır. Əlcəzair də bu dövlətlər sırasına daxildir. Yaxud, Livanı götürək. Livan qətnamələrdə Azərbaycanla bağlı məsələlərə müsbət yanaşır, Ermənistanın Azərbaycana təcavüzü məsələsini pisləyir, amma eyni zamanda Ermənistana müəyyən yardımlar göstərilməsi, ora muzdlu döyüşçülər göndərilməsi də bir faktdır. Bu faktların sırasını genişləndirmək də olar. Əgər söhbət islam həmrəyliyindən gedirsə, bu quru söz olmamalı, real praktik olmalı və bunu həyata keçirmək lazım gəlməlidir”.

Q.Hüseynli Qırğızıstanla bağlı da oxşar hadisənin baş verdiyini vurğulayıb:

“Bir neçə il öncə bu ölkə İqtisadi Əməkdaşlıq Təşkilatının İslamabadda keçirilən toplantısında Azərbaycanla bağlı qətnaməni dəstəkləməkdən imtina etmişdi. Güman edirəm ki, bu, Rusiya qorxusu ilə bağlı idi. Rəsmi Bişkek Rusiya ilə münasibətlərdə problem yaranacağı düşüncəsi ilə ya səsvermədə iştirak etməmək, ya da bitərəf qalmaq yolu tutmuşdu”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər