Azərbaycanda səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Dövlət Bayrağı Meydanında və “İçərişəhər”də olub
İqtisadiyyat və Sənaye Nazirliyindən Teleqraf.com-averilən məlumata görə, Dövlət Bayrağı Meydanı ilə tanışlıq zamanı, iranlı qonaqlara məlumat verilib ki, Dövlət Bayrağı Meydanı 2007-ci ildə Azərbaycan prezidentinin Sərəncamı əsasında yaradılıb. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Diqqətə çatdırılıb ki, ümumi ərazisi 60 hektar olan meydanda bayraq dayağının hündürlüyü 162 metrdir. Dövlət bayrağı dirəyi dünyada ən hündür bayraq dirəklərindən biridir.
Qeyd edilib ki, meydanda qurulmuş Azərbaycanın gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb.
İran nümayəndə heyəti həmçinin, dövlət başçısının təşəbbüsü ilə meydanda səkkizguşəli ulduz formasında yaradılmış Dövlət Bayrağı Muzeyi ilə də tanış olublar.
Daha sonra qonaqlar “İçərişəhər”lə tanış olublar. UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, “İçərişəhər”in tarixi, memarlıq abidələri barədə məlumat qonaqların diqqətinə çatdırılıb.
Qeyd edilib ki, “İçərişəhər” ərazisində yerləşən, müxtəlif əsrlərə aid nadir tarix-memarlıq abidələri dövlət tərəfindən qorunur.