7 Mart 2018 15:01
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:29

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və "Kaspi" qəzetinin 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə xanım jurnalistlər arasında keçirdiyi "Azərbaycanın maarifçi qadınları" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbirdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, əsrlər boyu Azərbaycan qadınının cəmiyyətimizin mənəvi dəyərlərinin formalaşmasında və inkişafında böyük rol oynayıb: "İlk dəfə xanım jurnalistlər arasında müsabiqə keçirməyə qərar verdik. Ötən il dekabrın 8-də elan olunan müsabiqəyə fevralın 8-də yekun vuruldu. Bu müddət ərzində Təşkilat Komitəsinə 26 yazı daxi oldu. Yazılarda Azərbaycanın tanınmış maarifçi xanımlarının həyat yolu və fəaliyyəti geniş işıqlandırılıb".

"Kaspi" qəzetinin təsisçisi, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva bildirib ki, Azərbaycan qadınlarının cəmiyyətdə yeri və rolu vacib məsələdir. Onun sözlərinə görə, maarifçi qadınların fəaliyyətinin ictimai əhəmiyyəti böyükdür: "İndi ölkəmizdə söz və mətbuat azadlığı var. Dünya qloballaşıb, informasiya ilə işləmək imkanları genişlənib, hazırda imzanın görünməsi asandır.

Vaxtilə çadraya bürünən qadınlar öz sağlamlıqları bahasına, bəzən ölüm təhlükəsi altında maarifçilik ideyalarını yaymaqla məşğul idilər. Azərbaycan qadını dünya xanımlarından türk mənəviyyatı, mübarizliyi, ərənliyi, İslami dəyərlərə bağlılığı, ismətə bürünməsi ilə seçilir. Bu keyfiyyətlərlə qadınlarımız daim cəmiyyətə təsir göstərir".
Sona Vəliyeva Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara ilk dəfə səsvermə hüququ verildiyinə diqqət çəkib: "Bu il ADR-in 100 illik yubileyidir, bu böyük zaman kəsiyində Azərbaycan qadınının keçdiyi tarixi yol şərəflidir. Ulu öndər Heydər Əliyevin Azərbaycan qadınına verdiyi dəyəri xüsusi vurğulamaq istərdim, Rusiyaya təhsil almağa göndərilən şəxslərin yarısı qadınlar idi. Ulu öndər dövlətçilik təfəkkürünün oyanması üçün qadınlarımıza şərait yaradırdı".

Sona Vəliyeva vurğulayıb ki, I vitse-prezident vəzifəsinə Mehriban Əliyevanın təyinatı ölkədə qadın siyasətinin önəmli sahələrdən biri olduğunu göstərir.

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərinə görə, informasiya əsrində, qlobal dünyada hansı xalq daha çox elmə əsaslanırsa, öncül xalqlardan hesab olunur: "Elmin inkişafında qadınların rolu kifayət qədər böyükdür. Bununla belə, Azərbaycanda bir sıra hallarda təhsilə soyuq münasibət, qızların məktəbə göndərilməməsi, təhsildən kənar qalması məni narahat edir. Təhsilsiz cəmiyyətin inkişafı şübhə altına düşür. Azərbaycanda ilk dəfə qadına seçki hüququ verilib. Siyasətimizi düzgün qutmasaq, Bakının mərkəzində ucaldılan Azad qadın heykəlinin qarşısında piketlər görə bilərik, bu heykəlin götürülməsi təbliğ oluna bilər. Bu, çox qorxulu tendensiyadır. Qadınlarımızın hüquqlarının qorunmasında onlara dəstək verməliyik".

Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli bildirib ki, bu layihə tədqirə layiqdir:" Mən təəssüf edirəm ki, bu müsabiqədə cəmi 26 jurnalist iştirak edib. Gələcəkdə daha çox qadının iştirak edəcəyini düşünürəm. Yazılardan hazırlanan kitabın əhəmiyyəti də böyükdür".

"APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı bildirib ki, Azərbaycan maarifçi xanımlarının cəmiyyətdəki danılmaz rolunu daha geniş işıqlandırmaq vacibdir: "Bu gün Azərbaycan xanımının proliteti yanlış nümayiş etdirilir. Pop ulduzdan kumir yaradılır. Halbuki bizim örnək göstərcəyimiz maarifçi qadınlarımız var. Zaman-zaman bədii əsərlərdə bu qadınların obrazlarınln gündəmə gətirilməsi vacibdir. Belə müsabiqələrin mütəmadi keçirilməsi maarifçi qadınlarımızın fəaliyyətinə işıq saçar".

Sonda qaliblər mükafatlandırılıb. Mükafatlandırlanlar arasında Teleqraf.com-un əməkdaşı Nərgiz Cavadzadə də var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər